Kosmik aparatların və raket texnikasının yaradılmasında müstəsna xidmətləri olan hərbi xadim Kərim Kərimov

Kosmik aparatların və raket texnikasının yaradılmasında müstəsna xidmətləri olan hərbi xadim Kərim Kərimov

Bu gün, kosmik aparatların və raket texnikasının yaradılması, kosmosa uçuşların intensivləşməsi və kosmonavtikanın inkişaf etdirilməsi sahəsində müstəsna xidmətlər göstərmiş, hərbi xadim general-leytenant Kərim Kərimovun doğum günüdür.

“Poliqon”un məlumatına görə, 1917-ci ildə Bakıda anadan olan Kərim Kərimov Sovet kosmik proqramının banilərindəndir. Uzun illər sovet kosmonavtikasında mərkəzi fiqur olsa da, SSRİ dağılana qədər onun barəsində ictimaiyyətə heç nə məlum deyildi. Buna görə, o, kosmik sənayedə “görünməyən adam” adlanırdı.

Sovet kosmik proqramlarında yer alan K. Kərimov 1966-cı ildə Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilib və bu vəzifədə 25 il çalışıb. 1974-cü ildə Kərim Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini olub. K.Kərimov Moskvada çalışdığı dövrdə Azərbaycan ərazisində kosmik sənayenin qurulması və inkişafı ilə bağlı ideyaları dəstəkləyib. Bir sıra planların hazırlanması və həyata keçirilməsi üçün çalışıb.

Bütün ömrünü kosmik raket texnikasının inkişafına həsr etmiş Kərim Kərimovun fəaliyyəti XX əsrdə kosmosun fəth olunması tarixinin ayrılmaz hissəsini təşkil edir. Kərim Kərimovun adı keçmiş SSRİ-də kosmosun öyrənilməsi sahəsində bir çox nadir elmi-texniki layihələrin həyata keçirilməsi ilə sıx bağlı olub.

Bütün əmək fəaliyyətini Moskvada həyata keçirən Kərim Kərimov doğma vətəni Azərbaycan ilə əlaqələrini kəsməyib, respublikanın elmi mərkəzləri, xüsusilə indiki Azərbaycan Milli Aerokosmik Agentliyinin işləri ilə həmişə maraqlanıb, öz dəyərli tövsiyə və məsləhətləri ilə onlara kömək edib.

K. Kərimov, 1987-1988-ci illərdə, müstəqillikdən sonra 1995-ci ildə Bakıya gələrək, Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyində (Azərbaycan Milli Aerokosmik Agentliyi) olub. Texnika elmləri doktoru Novruz Abdullayev general-leytenant Kərim Kərimovla bağlı xatirələrini “Poliqon”a danışıb. Onun sözlərinə görə, Kərim Kərimov həmin vaxt Azərbaycanda yeni kosmik sənaye müəssisələrinin yaradılması planları ilə tanış olub, bu istiqamətdə görülən işlərlə maraqlanıb.

“Biz Kərim Kərimova görülən işlər, imkanlarımız barədə hər zaman məlumat verir, onun bilik, təcrübə və tövsiyyələrindən yararlanırdıq. Bakıda da ona müəssisələrimizdə görülən işlər barədə məlumat verdik, bir çox şeyləri özü yerində müşahidə elədi, tövsiyyə və təkliflərini verdi.

O zaman bu informasiyalar qapalı saxlanılırdı. Kərim Kərimov Azərbaycan ərazisində yeni kosmik müəssisələrin, filialların yaradılması layihələrinə dəstək verməyə çalışırdı. Hətta həmin dövrdə Bakı, Mingəçevir, Qazax, Ordubad, Ağdam rayonları daxil olmaqla ümumilikdə Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyinin 32 rayonda filiallarının yaradılması, habelə Sovet kosmik sənayesinin yeni müəssisələrindən bəzilərinin Azərbaycanda yerləşdirilməsi planlar arasında var idi. O, həyatı boyunca Azərbaycanı sevdi və Azərbaycan üçün əlindən gələni etməyə çalışdı. 1995-ci ildə o, ulu öndər Heydər Əliyevin dəvəti ilə Bakıya gəldi və ulu öndərlə görüşdü”, – deyə texnika elmləri doktoru Novruz Abdullayev vurğulayıb.

İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb, bir çox orden və medallarla təltif olunub, 2 dəfə dövlət mükafatı alıb. Kosmonavtikanın inkişafındakı xidmətlərinə görə dövlət mükafatlarına layiq görülən K.Kərimov müstəqil Azərbaycanın “Şöhrət” ordeni ilə də təltif edilib. Kərim Kərimov 2003-cü il martın 29-da ömrünün 86-cı ilində Moskva şəhərində vəfat edib və orada da dəfn olunub.

Qeyd edək ki, 30 yanvar 2017-ci il tarixində Prezident İlham Əliyevin “Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə görkəmli alim və hərbi xadim, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, AMEA-nın fəxri üzvü, general-leytenant Kərim Kərimovun anadan olmasının 100 illiyinə həsr edilən tədbir keçirilmişdi.

Poliqon.az

CATEGORIES