Latviya Dövlət Sərhəd Mühafizəsinin rəisi Azərbaycanda rəsmi səfərdə olub

Latviya Dövlət Sərhəd Mühafizəsinin rəisi Azərbaycanda rəsmi səfərdə olub

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Latviya Dövlət Sərhəd Mühafizəsinin rəisi general Quntis Puyatsın rəhbərlik etdiyi nümayəndə heyəti 19-22 iyun tarixlərində Azərbaycanda rəsmi səfərdə olub.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin aparatında rəsmi qarşılanma mərasimi təşkil olunub, general Quntis Puyats fəxri qarovul dəstəsinin önündən keçib, “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazıb.

Görüşün rəsmi hissəsində Azərbaycan sərhəd mühafizəsi sisteminə dair təqdimat keçirilib, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması vurğulanıb, həmçinin azad edilmiş ərazilərdə dövlət sərhədlərinin mühafizəsi və müdafiəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Müzakirələr zamanı ikitərəfli və beynəlxalq əməkdaşlıq çərçivəsində qurumlar arasında icra edilmiş birgə fəaliyyətlərə nəzər salınıb, ölkələrimizin dövlət sərhədlərinin etibarlı mühafizəsinin əhəmiyyəti qeyd olunub, sərhəd təhlükəsizliyi üzrə qarşılıqlı maraq kəsb edən istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.

Səfər proqramına uyğun olaraq, qonaqlar Dövlət Sərhəd Xidmətinin Akademiyası və “Naxçıvan” əlahiddə sərhəd diviziyasında olub, struktur qurumların xidməti-döyüş fəaliyyəti, maddi-texniki bazaları ilə yaxından tanış ediliblər.

Poliqon.az

CATEGORIES
TAGS