Misir gizli şəkildə Rusiyaya raket tədarük etməyi planlaşdırıb – İDDİA
Misir prezidenti Əbdülfəttah Əs-Sisi fevral ayında tabeliyində olanlara gizli şəkildə Rusiyaya göndərilmək üçün 40 min ədəd raketin istehsal olunmasını əmr edib.
“Poliqon” “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, bu məlumat ABŞ kəşfiyyatı tərəfindən sızdırılmış fevralın 17-nə aid sənəddə öz əksini tapıb.
Sənəddə Misir prezidentinin fevralın 1-də ““Qərblə” problemlərdən qaçmaq üçün” raket tədarükünün məxfi saxlanılması ilə bağlı göstəriş verdiyi və Salah əl-Din adlı şəxsin istehsalıçılara mərmilərin Misir ordusu üçün nəzərdə tutulduğunu söyləməsinin lazım olduğu bildirilib.
Ehtimala görə, Salah əl-Din adlı şəxs Misirin hərbi istehsal üzrə naziri Məhəmməd Salah əl-Dindir.
“The Washington Post” Rusiya üçün istehsal olunacaq raketlərin 122 mm-lik “Sakr 45” olub-olmamasının sənəddə açıq şəkildə deyilmədiyini qeyd edib. Bu cür raketlər Rusiyanın “Qrad” yaylım atəşli reaktiv sistemləri (YARS) üçün uyğundur.
Qəzet bildirib ki, Rusiyanın silahla təmin edilməsi ABŞ-ın Misirə qarşı sanksiyalarına səbəb ola bilər.