Moldova Ordusu PIRANHA-3H zirehli maşınlarının növbəti partiyasını təhvil alıb

Moldova Ordusu PIRANHA-3H zirehli maşınlarının növbəti partiyasını təhvil alıb

Moldova Ordusu “General Dynamics European Land Systems” (GDELS) şirkəti tərəfindən istehsal edilən PIRANHA-3H zirehli nəqliyyat vasitələrinin növbəti partiyasını təhvil alıb.

“Poliqon” xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zirehli maşınlar Moldova Ordusunun beynəlxalq sülhməramlı missiyalarda iştirak edəcək hərbçilərinin təlim prosesində istifadə olunacaq.

Almaniya və Moldova arasında ümumilkdə 19 ədəd PIRANHA-3H zirehli döyüş maşının tədarük edilməsini nəzərdə tutan müqavilə 2021-ci ilin oktyabrında imzalanıb. Müqaviləyə əsasən, Moldova Silahlı Qüvvələrinə PIRANHA-3H-ların tədarük olunması Almaniya hökumətinin “Enable and Enhance Initiative” proqramı çərçivəsində maliyyələşdirilir.

Bu günə qədər artıq 6 ədədi təhvil verilən PIRANHA-3H-ın qalan 13 ədədlik hissəsi cari ilin sonuna kimi Moldova Quru Qoşunlarının istifadəsinə təqdim ediləcək.

Qeyd edək ki, PIRANHA zirehli nəqliyyat vasitələri İsveçrənin MOWAG şirkəti tərəfindən dizayn və istehsal olunub. MOWAG 2004-cü ildə ABŞ-ın Avropada fəaliyyət göstərən GDELS şirkətinin tərkibinə daxil olub. Bununla da PIRANHA-lar artıq GDELS şirkəti tərəfindən təkmilləşdirilməyə və istehsal edilməyə başlanıb.

Modulyar quruluşa malik olan PIRANHA-lar istifadəçiyə müxtəlif partlayıcılara və tank əleyhinə minalara, habelə tank əleyhinə idarəolunan raketlərə (TƏİR) qarşı üstün qoruma təmin edir. Zirehli nəqliyyat vasitəsi 8×8 təkər formuluna malikdir və rəqiblərindən həm yüksək yük götürmə qabiliyyəti, həm də daxili həcminin genişliyi ilə seçilir.

Zirehli platforma müştərinin istəyindən asılı olaraq dəniz, göl və böyük çayları üzərək keçməsi üçün amfibiya xüsusiyyəti ilə təmin edilə bilər.

Poliqon.az

CATEGORIES
TAGS