Müdafiə naziri İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
İyulun 16-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən nazir ona Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Müdafiə naziri azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyətə toxunaraq son vaxtlar gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü səfirin diqqətinə çatdırıb. Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən diplomat Azərbaycan-İtaliya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə hər iki ölkənin orduları arasında, eləcə də NATO proqramları çərçivəsində hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.