Nigeriya hərbi aviasiya parkını gücləndirir

Nigeriya hərbi aviasiya parkını gücləndirir

Nigeriya Hərbi Hava Qüvvələri (HHQ) Türkiyə, Çin, İtaliya və Avstriyadan sifariş olunan aviasiya vasitələrinin bir hissəsini cari ildə təhvil alacaq.

“Poliqon” xəbər verir ki, bunu Nigeriya Hərbi Hava Qüvvələrinin komandanı İsiaka Oladayo Amao bildirib.

İ.Amao vurğulayıb ki, Nigeriya tərəfi HHQ-nin döyüş imkanlarını artırmaq və terrorla mübarizə aparmaq üçün Türkiyədən 6 ədəd T-129 ATAK döyüş helikopteri, Çindən 3 ədəd “Wing Loong II” pilotsuz uçuş aparatı (PUA), Avstriyadan 4 ədəd DA-62 patrul təyyarəsi, İtaliyadan isə 24 ədəd M-346 hücum təyyarəsi və 12 ədəd AW109 çoxməqsədli helikopteri sifariş edib.

Nigeriya HHQ-nin komandanı bu aviasiya vasitələrindən bəzilərini 2023-cü ilin birinci rübünün sonuna kimi təhvil alacaqlarını qeyd edib.

Hazırda Nigeriya HHQ-nin aviasiya parkında İtaliyadan, Rusiyadan, Pakistandan, Avstriyadan, Çindən, Braziliyadan və Ukraynadan alınan PUA-lar, helikopterlər və təyyarələr yer alır ki, bunların da müəyyən bir hissəsi artıq xidməti dövrlərini başa vurublar. Elə buna görə də, Nigeriya HHQ onları yeni alınan aviasiya vasitələr ilə əvəz edir.

Poliqon.az

CATEGORIES