Növbəti T-70 helikopteri Türkiyə HHQ-yə təhvil verilib

Növbəti T-70 helikopteri Türkiyə HHQ-yə təhvil verilib

TUSAŞ şirkəti növbəti T-70 çoxməqsədli helikopterini Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verib.

“Poliqon” xəbər verir ki, bu barədə TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu özünün “X” hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, TUSAŞ şirkəti T129 ATAK helikopterləri də daxil olmaqla bu günə qədər sifarişçilərə ümumilikdə 100 ədəd helikopter təhvil verib.

T-70 indeksli çoxməqsədli helikopter dünyanın aparıcı aviasiya şirkətlərindən olan “Sikorsky”nin S-70i helikopterinin bazası və lisenziyası əsasında Türkiyədə hazrlanıb. Layihənin əsas podratçısı TUSAŞ, subpodratçıları isə ASELSAN, TEI, “Alp Havacılık” (Türkiyə) və “Sikorsky” (ABŞ) şirkətləridir.

Layihə çərçivəsində T-70 helikopterinin əsas gövdə və rotor hissələrinin istehsalını, inteqrasiyasını və logistika işlərini TUSAŞ şirkəti həyata keçirir. ASELSAN helikopterin avionika sistemlərini, TEI ona güc verən T700 mühərikinin istehsalını, “Alp Havacılık” isə eniş dəstləri, transmissiya və dinamik hissələrin həm istehsalını, həm də inteqrasiyasını yerinə yetirir.

Qeyd edək ki, TUSAŞ şirkəti Türkiyə HHQ-yə ilk T-70 çoxməqsədli helikopterini 2023-cü ilin yanvar ayında təhvil verib.

CATEGORIES
TAGS