“Otokar” Azərbaycanda Servis Mərkəzi yaratmaq istəyir – MÜSAHİBƏ

“Otokar” Azərbaycanda Servis Mərkəzi yaratmaq istəyir – MÜSAHİBƏ

Türkiyənin ən böyük özəl sərmayəli müdafiə sənayesi şirkəti olan “Otokar” zirehli hərbi texnikaların istehsalı və ixracı sahəsində liderliyini qoruyub saxlayır. Qlobal müdafiə sənayesindəki mövqeyini hər il daha yüksək səviyyələrə qaldıran “Otokar” şirkətinin NATO və BMT təchizatçısı kimi 33 minə yaxın zirehli texnikası 40-dan artıq ölkənin silahlı qüvvələri və təhlükəsizlik qurumlarında istifadə olunur. Hazırda “Otokar”ın hərbi maşınları 60-dan çox son istifadəçi tərəfindən müxtəlif iqlim şərtlərində və müxtəlif coğrafi ərazilərdə aktiv şəkildə xidmətdədir. Öz sinfində dünyanın qabaqcıl maşınları arasında yer alan “Otokar” zirehli maşınları hərəkət imkanları, qoruma səviyyəsi və sağ qalma qabiliyyəti ilə diqqət çəkir. POLİQON jurnalı olaraq “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc ilə artan xətt üzrə davam edən inkişaf fəaliyyətlərindən danışdıq.

– Sərdar bəy, müsahibəmizə iştirak etdiyiniz IDEX-2023 sərgisindən və burada nümayiş etdirdiyiniz məhsullardan başlayaq. Bu sərgiyə hansı nəqliyyat vasitələrinizi gətirmisiniz?

otokar sərdar– IDEX-2023 sərgisində 8×8, 6×6 və 3 növ 4×4 təkər formullu zirehli nəqliyyat vasitələrimizi, habelə tırtıllı zirehli döyüş maşınımızı nümayiş etdirdik. Onların arasında 90 mm COCKERILL CSE 90LP qüllə sisteminə malik AKREP II zirehli kəşfiyyat, müşahidə və silah platforması maşını; 30 mm MIZRAK qüllə sisteminə malik zirehli ARMA 8×8 piyadanın döyüş maşını; 30 mm MIZRAK qüllə sisteminə malik zirehli TULPAR tırtıllı piyadanın döyüş maşını; COBRA II zirehli personal daşıyıcısı; COBRA II MRAP minaya qarşı qorumalı avtomobili; ARMA 6×6 zirehli personal daşıyıcısı yer alır.

Burada ön plana çıxardığımız maşınlarımızdan biri də “Rabdan” (“Otokar” və BƏƏ-nin “EDGE Group” şirkətinin birgə müəssisəsi olan “Əl Jasoor” şirkətinin BƏƏ Silahlı Qüvvələri üçün ARMA 8×8 əsasında istehsal etdiyi – red.) transportyorudur. “Rabdan” 8×8 təkər formullu və amfibiya xüsusiyyətinə malik maşındır. 30 mm-lik döyüş modullu ilə silahlanan “Rabdan” transportyorumuz və 8×8 təkər formullu təcili yardım maşınımız çöldə açıq sahədə partnyorumuz “EDGE Group”un stendində nümayiş etdirilir.

Bildiyiniz kimi, IDEX beynəlxalq iştirakçılar üçün açıq sərgidir. Buraya Cənubi Amerikadan Uzaq Asiyaya, Afrikadan Avropaya qədər bütün ölkələrin nümayəndə heyətləri gəlir. Ona görə də, yeni məhsullarımızı müxtəlif coğrafiyalarda, fərqli ehtiyacları olan bütün istifadəçilərimizə göstərməkdən və onlarla görüşməkdən çox məmnunuq.

– IDEX-2023 sərgisində AKREP zirehli avtomobil ailəsinin hansı versiyası nümayiş olunur?

otokar IDEX 2– Burada nümayiş olunan AKREP zirehli avtomobilinin dizel versiyasıdır. AKREP-in elektrik variantını ilk dəfə Türkiyədə nümayiş etdirmişik. Gələn il onun hibrid versiyasını da nümayiş etdirəcəyik. Hibrid avtomobilimiz hazırda sınaqdan keçirilir. Nəhayət, hər ikisinin birləşməsi hibrid olacaq. Bu, kəşfiyyat maşını olduğu üçün son güc paketimizin hibrid olacağını düşünürük və hazırda onun üzərində işləyirik.

– 2021-ci ildə Estoniyanın “Milrem Robotics” şirkəti ilə insansız hərbi maşınların birgə istehsalına dair əməkdaşlıq müqaviləsi imzaladınız…

– Bəli, “Otokar” şirkəti müasir orduların və təhlükəsizlik qüvvələrinin mövcud və gələcək ehtiyaclarını nəzərə alaraq quru sistemlərində modern həllər təqdim etməyə davam edir. Bu çərçivədə “Milrem Robotics” ilə əməkdaşlığımızı elan etməkdən məmnunuq. “Otokar”ın zirehli maşınlarda üstün tədqiqat və inkişaf (TƏ-İN), mühəndislik və sınaq qabiliyyətlərinin “Milrem Robotics”in avtonom, süni intellekt və uzaqdan idarəetmə təcrübəsi ilə birləşməsi nəticəsində insansız və uzaqdan idarə olunan quru sistemləri sahəsində əhəmiyyətli inkişaflara nail olacağıq. Bu əməkdaşlıq, əlavə olaraq “Otokar”ın insansız quru nəqliyyat vasitələri seqmentini qurmaqda bir addım daha irəli getməyini təmin edəcək.

– Bu yaxınlarda Türkiyədə ARMA II-ni təqdim etdiniz. Bu nəqliyyat vasitəsi hansı  üstün imkanlara malikdir?

ARMA II e1681193266292– ARMA transportyorundan sonra, “Otokar” olaraq daha yüksək yükgötürmə qabiliyyətinə və mühafizə imkanlarına malik nəqliyyat vasitələri üzərində işləyirdik. ARMA II nəqliyyat vasitəsi bunun əsasında ortaya çıxdı. ARMA II struktur baxımından ARMA-ya çox bənzəyir. Ancaq, ARMA II sələfindən fərqli olaraq 40 tona qədər yükü götürə bilən nəqliyyat vasitəsidir. Bildiyiniz kimi, ARMA transportyoru 30 ton yükgötürmə qabiliyyəti ilə məhdudlaşır. ARMA II transportyorunun bütün sınaqları uğurla başa çatıb və seriyalı istehsala tam hazırdır. ARMA II-nin ən böyük fərqi odur ki, onun mühafizə imkanları daha üstündür, lakin amfibiya tipli deyil. Çünki o xüsusiyyəti 40 tonluq trasportyordan çıxardıq. O, amfibiya olmayacaq, lakin daha yüksək mühafizəyə sahib olacaq.

– “Otokar” zirehli texnikalarını analoqlarından fərqləndirən xüsusiyyətləri barədə oxucularımıza qısa olaraq məlumat verməyinizi istərdik. Rəqabət üstünlükləriniz hansılardır?

“Otokar” olaraq bütün məhsullarımızda ən mühüm yanaşmamız mühəndislik baxımından dünyada bu sinifdə ən yaxşı məhsulu istehsal etməkdir. Biz ən yaxşı, ən yüksək performanslı məhsul hazırlamaq üçün çalışırıq. Məqsədimiz istifadəçilərimizi yüksək performanslı, yüksək hərəkətli, yüksək etibarlı və yüksək mühafizəli vasitələr ilə təmin etməkdir. Bunlar bizim əsas seçilən xüsusiyyətlərimizdir. Amma bunları edərkən bizim üçün çox vacib olan bir məsələ də var ki, o da qiymət xərclərinin aşağı olmasıdır. Ona görə də “Otokar” olaraq biz bütün məhsullarımızın mümkün qədər aşağı qiymətə sahib olmasını, eyni zamanda yüksək performans göstərməsini istəyirik.

Burada xərc dedikdə təkcə alqı-satqı xərcləri nəzərdə tutulmur. Onun ömrü boyu orduya və əsgərə verəcəyi maddi-texniki yükün mümkün qədər az olması, az texniki xidmət və bunun üçün az müddət tələb etməsi, etibarlı və hər zaman xidmətə hazır olması kimi xarakterizə edə bilərik.

– Müşahidələrimiz göstərir ki, “Otokar” günü-gündən əhatə dairəsini genişləndirir. Həll tərəfdaşlarınızı seçərkən hansı meyarları nəzərə alırsınız?

Otokar MilitaryVehicles e1681193608865

– Həll partnyorlarını seçərkən, uzunmüddətli perspektivdə bizə dəstək olacaq, strateji cəhətdən bir yerdə ola biləcəyimiz, bizi uzun müddətdə etibarlı və keyfiyyətli materiallarla vaxtında təmin edə biləcək, dünya miqyasında rəqabətədavamlı gücü olan şirkətlərlə strateji əlaqələr, tərəfdaşlıqlar qururuq.  Çünki biz irəli gedəndə onlar da bizimlə irəliyə gedəcək, bizi geri çəkməyəcəklər. Bu çərçivədə strateji əməkdaşlıqlara hər zaman açığıq və əməkdaşlıq şəbəkəsini genişləndirmək istəyirik.

– Sərdar bəy, rəhbərlik etdiyiniz şirkətin hazırda önəm verdiyi və prioritet seçdiyi layihələr hansılardır?

Bildiyiniz kimi, “Otokar” dövriyyəsinin təxminən 8% hissəsini tədqiqat və inkişaf (TƏ-İN) üçün ayırır. Buna görə də hərbi məhsullarla bağlı bir çox sahədə həm alt sistem, həm də üst sistem səviyyəsində yeni araşdırma və inkişaf çalışmaları edirik. Bu istiqamətdə “Otokar” olaraq üzərində işlədiyimiz yeni layihələrimiz var. Bu yeni məhsullarımız hazır olduqca, onları sizinlə paylaşıb ictimaiyyətə elan edirik. Bizim üçün ən vacib məsələ istifadəçilərimizin yeni yaranan ehtiyaclarına uyğun, onlara yeni məhsullar təklif etməkdir.

– Gəlin, bir qədər də “Otokar”ın ixrac coğrafiyası haqqında danışaq.

otokar IDEX 1 “Otokar”ın ixrac coğrafiyası bütün dünyadır. Zirehli maşınlarımızı beş qitənin bütün ölkələrinə satmaq və onların ehtiyaclarını ödəməyi hədəfləyirik. Nəqliyyat vasitələrimizin bütün ölkələrdə fəaliyyət göstərməsini istəyirik. Ona görə də dünyanın hər yerində ehtiyacı olan ölkələrlə əlaqə saxlayır, məhsullarımızı tanıtdırır və uğur qazanmağa çalışırıq.

– “Otokar” Yaxın Şərq regionuna xüsusi önəm verir…

Bəli, bu region bizim üçün çox önəmlidir. Ətraf ölkələrdə çoxlu məhsullarımız var. Bundan başqa, bütün ölkələr BƏƏ-də sərgiyə qatıldığına görə, IDEX bizim üçün daha vacibdir. Əvvəldə də qeyd etdiyim kimi, burada “Al Jassor” adlı birgə şirkətimiz var. Hələlik burada RABDAN layihəsini həyata keçiririk. Əslində bizim böyük planlarımız var. BƏƏ-nin “EDGE Group” şirkəti ilə “Al Jassor” birgə müəssisəmizi daha da genişləndirmək istəyirik. O cəhətdən bizi burada yerli şirkət hesab etmək olar.

– Azərbaycanda da “Otokar” zirehli maşınları sıralarını genişləndirməkdə davam edir. Bəs, Azərbaycanda necə, birgə istehsal planlarınız varmı?

SHUSHA DQ Otokar Bilirsiniz, Azərbaycanda uzun müddətdir ki, “Otokar” zirehli maşınları var və onlardan uğurla istifadə edirlər. Biz də lazım olanda həmin texnikalara hər cür logistik dəstəyi veririk və onların döyüşə hazır olması üçün əlimizdən gələni edirik.

Birgə işlərə gəlincə, birinci məqsədimiz Azərbaycanda yaxşı texniki xidmət, keyfiyyətli servis və logistika dəstəyi göstərə biləcək infrastruktur yaratmaqdır. Ümid edirik ki, yaxın günlərdə onları yaratmaq mərhələsinə çatacağıq.

– “Otokar”ın 2023-cü il üçün hədəfləri, planları və gözləntiləri nələrdir?

2022-ci ildə müxtəlif ölkələrlə satış müqavilələri bağlamışıq. 5-6-dan çox ölkədən sifarişimiz var. Məqsədimiz sifarişlərin hamısını vaxtında, gecikdirmədən, münasib olan yerlərə çatdırmaqdır. Bu il istehsal planımızda həm 8×8, həm də 4×4 məhsullarımız var. Məhsullarımızı onların hamısına uğurla çatdırmağı və istifadələrinə verməyi hədəfləyirik.

– “Otokar” zirehli maşınları bir çox ölkədə, o cümlədən Qazaxıstanda sınaqdan keçirilib. Bildiyimiz qədər, COBRA II, TULPAR və ARMA oradaki sınaqlardan uğurla keçib və rəqiblərindən üstün olaraq qiymətləndirilib. Hazırda, sonuncu mərhələdə vəziyyət nə yerdədir?

otokar IDEX Dedikləriniz düzdür. Qazaxıstan böyük coğrafiya və çox böyük ölkədir. Orada 4×4 təkər formuluna malik COBRA II zirehli avtomobilimiz, ARMA trasportyorumuz və “Tulpar” tırtıllı zirehli döyüş maşınımız yay və qış sınaqlarından uğurla keçdi. Biz təkcə ərazi və etibarlılıq testləri yox, həm də atış sınaqları keçirdik və bütün sınaqlar çox uğurlu alındı. Qazax operatorları artıq bunları qiymətləndirir. Təbii ki, bu bir prosesdir. Ümid edirik uğur qazanacağıq.

Müsahibə POLİQON hərbi-texnoloji jurnalının yeni sayında yayımlanıb

Zaur Babaşov

CATEGORIES
TAGS