
Pakistan Ukraynanın iştirakı ilə tank parkını modernləşdirir
Pakistan və Ukrayna arasında “Əl Xalid” (T-80UD) tankının təmiri və modernləşdirilməsinə dair növbəti müqavilə bağlanıb.
Bu barədə “Poliqon”a “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər arasında müqavilə Abu Dabidə keçirilmiş İDEX-2021 sərgisi çərçivsində imzalanıb. Dəyəri 85,6 milyon ABŞ dolları təşkil edən müqavilə çərçivəsində Ukraynanın iştirakı ilə Pakistan Silahlı Qüvvələrinin tank parkında yer alan “Əl Xalid” T-80UD tanklarının təmiri və modernizasiyası həyata keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl Karaçi şəhərində keçirilmiş İDEAS-2016 beynəlxalq müdafiə sərgisi çərçivəsində Ukrayna və Pakistan arasında tankların modernləşdirilməsinə dair müqavilə imzalanıb. “Ukrspetseksport” Dövlət Şirkətinin baş direktoru və HIT TAXILA müəssisəsinin sədrinin imzaladığı müqavilə çərçivəsində Pakistan Ordusunun silahlanmasında yer alan 220-dək “Əl Xalid” (T-80UD) tankının modernləşdirilməsi nəzərdə tutulurdu. Müqavilə çərçivəsində Ukrayna müəssisələri Pakistandan 600 milyon dollardan çox sifariş alıb.