Polkovnik Cəlil Xəlilov: Prezident Şuşadan ordumuzun qüdrətini bir daha bəyan etdi
Azərbaycan Prezidenti İlham Əliyev Şuşadan ordumuzun qüdrətini bir daha bəyan etdi, onun üç il əvvəlki ordudan qat-qat güclü olduğunu bir daha ictimaiyyətin diqqətinə çatdırdı.
“Poliqon” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, dövlət başçısının Şuşadan verdiyi hər bir mesaj, səsləndirdiyi hər bir fikir ölkəmizin həm hərbi, həm də iqtisadi qüdrətindən xəbər verir: “İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir daha Azərbaycan həqiqətlərini dünya birliyinin diqqətinə çatdırdı, mühüm mesajlar verdi. Hesab edirəm ki, dövlətimizin başçısının Forumda səsləndirdiyi hər bir fikir, verdiyi hər mesaj dövlətimizin hərbi-iqtisadi qüdrətindən, eyni zamanda, mənəvi-siyasi qətiyyətindən xəbər verir”.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti Şuşadakı Forumda da bəyan etdi ki, ordumuzun güclənməsi, döyüş qabiliyyətinin daha da yüksəldilməsi istiqamətində işlər davam edir və bu ordu Vətən müharibəsindəki ordudan daha güclüdür. Bundan başqa, dövlət başçısı orduya, müdafiə və təhlükəsizliyə niyə bu qədər mühüm önəm verildiyini də bildirdi. Prezident İlham Əliyev bildirdi ki, bu gün də Ermənistan hakimiyyətində revanşist qüvvələr var və onların mövcudluğu fonunda ölkəmizə qarşı yeni təxribatların baş verməsi ehtimalı istisna deyil. Məhz buna görə də ordumuzun daim güclənməsi, müdafiə qabiliyyətimizin artırılması bir zərurət olaraq meydana çıxmaqdadır.
Hazırda Azərbaycan Silahlı Qüvvələri sürətlə inkişaf edir və döyüş təcrübəsini daha da artırır. Hər ötən gün Ordumuzun daha da güclənməsi deməkdir. Prezidentin Şuşadakı Forumdakı çıxışı da göstərdi ki, Azərbaycanın regiondakı lider dövlət mövqeyi hər mənada güclənməkdə davam edir. Bu isə Azərbaycanla yanaşı, həm də bütün regionun təhlükəsizliyinə və tərəqqisinə xidmət edir.