Qazaxıstan KADEX-2012-yə hazırlaşır

Bu ilki sərgidə bir sıra yeniliklər olacaq

Qazaxıstan bu ilin may ayında keçiriləcək KADEX-2012 beynəlxalq müdafiə sərgisinə ciddi şəkildə hazırlaşır. “AzeriDefence”nin sərginin təşkilatçılarından olan Qazaxıstan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, mayın 3-dən 6-dək Astana şəhərində keçiriləcək KADEX-2012 sərgisinə hazırlıq işləri tam sürətlə aparılır.

Məlumatda qeyd olunub ki, 2011-ci ilin avqustunda, Qazaxıstanın baş naziri Kərim Məsimovun KADEX-2012 sərgisinin keçirilməsi barədə sərəncamı çıxandan sonra, Qazaxıstanın Xarici İşlər Nazirliyi diplomatik nümayəndəlikləri vasitəsi ilə xarici ölkələrin müvafiq qurumlarına sərgidə iştirak barədə dəvət göndərib. Sərgidə xarici heyətlərin iştirakı üçün Qazaxıstan hökuməti bir sıra tədbirlər həyata keçirəcək. Sərgi müddətində asayişin mühafizəsi və nümayəndə heyətlərinin hərəkəti Qazaxıstan Daxili İşlər Nazirliyi tərəfindən tənzimlənəcək. Bundan başqa, Qazaxıstanın baş nazirinin sərəncamında KİV-lərdə sərginin işıqlandırmasını təmin etmək tapşırılıb.

Son məlumata görə, sərgidə iştirak üçün 180 yerli və xarici şirkət müraciət edib. Sərginin təşkili ilə “Astana-Ekspo KS” şirkəti məşğul olur.

Bu dəfəki sərgidə yerli və xarici müəssisələr hərbi təyinatlı məhsularını geniş spektrini təqdim edəcəklər. Maketlərlə yanaşı xarici şirkətlərin əksəriyyəti hərbi texnikanın nümunələrini təqdim etməyi planlaşdırırlar.

KADEX-2012 sərgisinin əsas bölmələri aşağıdakılardır:

• Silahlanma: Quru Qoşunları və Hərbi Dəniz Qüvvələrlərinin hərbi texnikası;
• Avadanlıqlar və xüsusi təyinatlı əmlak;
• İT-texnologiyalar, sistemlər və rabitə vasitələri;
• Qoşunların arxa cəbhə və texniki təminatı;
• Aviasiya və aviasiya silahlandırılması .

Hazırda sərgi üçün xüsusi poliqonun yaradılması istiqamətində işlər aparılır ki, orada şirkətlər özlərinin istehsal etdikləri texnikaları və silahları real nümayiş etdirmək imkanı qazanacaqlar.

Sərginin açılış günündə yüksək rütbəli qonaqların və nümayəndə heyətlərinin iştirakı ilə rəsmi hissə planlaşdırılıb. İştirakçılara Qazaxıstan Silahlı Qüvvələrinin təchizatı və xüsusi təyinatlı bölmələrinin xüsusi şousu nümayiş etdiriləcək. Eyni zamanda döyüş aviasiyasının pilotaj qrupları nümunəvi uçuşlar keçirəcək. Sərgi çərçivəsində hərbi orkestrlərin festivalı olacaq. Meydan konsertində Qazaxıstan Müdafiə Nazirliyinin Mərkəzi hərbi orkestri ilə yanaşı Böyük Britaniya, Almaniya, Çin, Rusiya, Belarus və Ukraynadan hərbi orkestrlər qatılacaq.

Sərginin ünvanı
www.kadex.kz

KATEQORIYA: