Regional fokus: Özbəkistanın müdafiə sənayesi

Regional fokus: Özbəkistanın müdafiə sənayesi

Özbəkistan Respublikası müstəqillik qazandıqdan sonra, uzun illər Silahlı Qüvvələrinin hərbi və ikili təyinatlı məhsullarla təchiz edilməsi idxal yolu ilə aparılmışdı. Bu da ordunun hərbi və xüsusi texnika, silah və digər zəruri avadanlıqlarla vaxtında təchiz edilməsini təmin etməmiş və xarici təchizatdan asılılıq təhlükəsi yaratmışdı. Eyni zamanda ölkənin ixtisaslaşmış müəssisələrinin iflasa uğraması yerli müdafiə sənayesinə ağır zərbə vurmuşdu. Bu yazımızda Özbəkistan müdafiə sənayesi kompleksinin mövcud durumu və bu ölkədə müdafiə sənayesinin inkişafı istiqamətində atılan addımlara nəzər salmağa çalışacağıq.

Yerli müdafiə sənayesi sektorunun inkaşafı və xarici asılılığı azaltmaq üçün 2017-ci il noyabr ayında Özbəkistan Prezidenti Şövkət Mirzoyevin təşəbbüsü ilə Dövlət Müdafiə Sənayesi Komitəsi (DMSK) təsis edilmişdi. DMSK-nin yaradılması bu istiqamətdə atılan ən vacib addımlardan biri oldu. Daha sonra hökumət tərəfindən 2018-ci ildə özəl hərbi sənaye şirkətlərinə lisenziya verilməsi haqqında qərarın qəbulu, habelə 2020-2025-ci illər üçün hərbi-sənaye kompleksinin inkişafına dair Təcrübə Tədbirləri Planı (“Yol Xəritəsi”) hazırlanması digər mühüm amillərdir.

Dövlət Müdafiə Sənayesi Komitəsinin məlumatına görə, “Yol Xəritəsi”ndə Özbəkistan Silahlı Qüvvələrinin müasir silah, hərbi və xüsusi texnika və digər əmlakla tam təmin olunmasına, yerli müəssisələrin istehsal bazasının inkişaf etdirilməsinə yönəlmiş bir sıra tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Bundan əlavə yerli müdafiə sənayesinin inkişafının təmin edilməsi və Özbəkistan Ordusunun ehtiyaclarının qarşılanması məqsədilə xarici şirkətlərlə bərabər ortaq müəssisələrin təşkili də bu yolda atılan vacib addımlardandır.

Özəl müdafiə sənayesi şirkətlərinə lisenziya

Yuxarıda qeyd etiyimiz kimi Özbəkistanın Nazirlər Kabineti 2018-ci ildə özəl sektor müdafiə sənayesi şirkətlərinə lisenziyanın verilməsi qaydalarını təsdiq etmişdi. Özbəkistan Müdafiə Nazirliyinin açıqlamasına görə, Qərara əsasən silah və sursat, onların ehtiyat hissələri, mühafizə vasitələri, hərbi texnikalar, onların ehtiyat hissələri, hərbi təyinatlı cihazlar, həmçinin onların istehsalı üçün xüsusi materialların və avadanlıqların istehsalı, təmiri və satışı, silahlanmadan çıxarılan hərbi texnikanın utilizasiyası ilə məşğul olan hüquqi şəxslər lisenziya almalıdır. Bu cür fəaliyyətlər yalnız Özbəkistanda qeydə alınmış hüquqi şəxslər tərəfindən həyata keçirilir.

Prezidentin sərəncamı ilə yaradılan dövlət sənaye müəssisələri və təşkilatların lisenziya almadan bu sahədə fəaliyyət göstərə bilərlər. Nazirlər Kabinetinin qərarı ilə sektorun lisenziyalaşdırılması funksiyaları Dövlət Müdafiə Sənayesi Komitəsinə verilmişdi. Lisenziya 5 il müddətinə verilir və vaxtı başa çatandan sonra təkrar müraciət əsasında artılılır. Lisenziya verilən müəssisələr məxfi kargüzarlığın aparılması və obyekt daxili rejimə riayət etməli, obyektlərin fiziki və texniki müdafiəsi üzrə tədbirlər görməli, dövlət sirri təşkil edən məlumatları qorumalıdır.

Məlumat üçün bildirək ki, Dövlət Müdafiə Sənayesi Komitəsi müdafiə sifarişləri və müdafiə istehsalının təşkili işində səlahiyyətli orqan sayılır. Komitə dövlət müdafiə sifarişlərinin formalaşdırılması və icrası, dövlət və iqtisadi idarəetmə orqanlarının, yerli icra hakimiyyəti orqanlarının müdafiə sənayesində fəaliyyətinin əlaqələndirilməsi, silahların, hərbi və xüsusi texnikanın və digər əmlakın yaradılması, istehsalı, təmiri, modernləşdirilməsi, xarici tərəfdaşlarla texniki əməkdaşlıq və s. həyata keçirir.

DMSK tərəfindən açıqlanan məlumatlara görə, son illər 20-dən artıq ölkə ilə hərbi-texniki əməkdaşlıq qurulub, xarici tərəfdaşlarla hərbi-texniki sahədə əməkdaşlıq haqqında ondan çox Saziş və Memorandum imzalanmışdı. Sistemli olaraq, Özbəkistan Silahlı Qüvvələrinin ehtiyacları qarşılamaq üçün müasir silah və hərbi texnikaların əldə edilməsi ilə bağlı işlər aparılır.

Bundan başqa, Özbəkistan Silahlı Qüvvələrinin 2018-2019 illəri ərzində hərbi və ikili təyinatlı məhsullarla təchiz edilməsi məqsədi ilə, yerli müəssisələrdə xüsusi nəqliyyat vasitələrinin, hərbi radiostansiyaların, fərdi tənəffüs qoruyucu vasitələrin, hərbçilər üçün fərdi qida rasionlarının və digər məhsulların yaradılması və istehsalı üçün layihələr həyata keçirilmişdi.

Qeyd edək ki, 2020-ci ilin iyun ayında Özbəkistanın Dövlət Müdafiə Sənayesi Komitəsi Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu açıqlamışdı. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciətində bildirmişdi. AZPROMO-nın məlumatına görə, Özbəkistan DMSK Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir. Komitə bu ölkədə istehsal edilən bədən hərarətinin ölçülməsi və dezinfeksiya üzrə daşına bilən intellektual sistemin satışı ilə əlaqədar əməkdaşlıq təklif etmişdi.

Hərbi-sənaye kompleksləri

Hazırda hərbi-sənaye kompleksinin əsasını ölkə iqtisadiyyatının müxtəlif sahələri, müxtəlif təşkilati-hüquqi formalı və özəl sektorun müxtəlif fəaliyyət növləri olan 200-ə yaxın müəssisə və təşkilatı, habelə nazirlik və idarələr təşkil edir.

İxtisaslaşmış müəssisələrdən Çirçik Aviasiya Təmiri Zavodu (ÇARZ) Sovet dönəmində 1944-cü ilin mayında əsasən aviasiya təmiri sexlərinin bazasında qurulmuşdur. Keçmişdə zavodun əsas fəaliyyəti təyyarələrin əsaslı təmiri və texniki xidməti olmuşdur. Fəaliyyət göstərdiyi dövr ərzində müəssisədə 2400-dən çox müxtəlif növ və modifikasiyalı aviasiya vasitəsi təmir edilmişdir.

Özbəkistan müstəqillik qazandıqdan sonra, 2010-2012-ci illərdə ÇARZ müəssisəsində Yak-52 və An-2 təyyarələri əsaslı təmir edilmişdi. Bu təyyarələrin təmir prosesi müvafiq olaraq Ukraynanın “Antonov” dövlət müəssisəsi və Rusiyanın “Yakovleva” dizayn bürosu ilə birlikdə həyata keçirilmişdir.

Hazırda Dövlət Müdafiə Sənayesi Komitəsinin tərkibində fəaliyyət göstərən ÇARZ müəssisəsinin statusu və istehsal imkanları tamamilə yenilənmiş, müəssisə müasir texnoloji avadanlıqlarla təchiz olunmuşdur. ÇARZ mütəxəssislərinin sözlərinə görə, müəssisə təyyarə istehsalında dünya liderlərinin müasir tələblərinə uyğun olmuş və lazımi yüksək texnoloji avadanlıqlarla təchiz olunmuşdur. Bu gün zavodun əsas fəaliyyəti Mi-8 / Mi-17, Mi-24 helikopterlərinin və onların modifikasiyalarının, Su-25, Yak-52 və An-2 təyyarələrinin əsaslı təmiri və modernləşdirilməsidir.

2019-cu ilin ikinci yarısından bəri zavod Su-25 təyyarələrinin və Mi-171 helikopterlərinin əsaslı təmirini və modernləşdirilməsini yerinə yetirir. 2020-ci ilin ikinci rübündə Mi-171 helikopterlərinin əsaslı təmir işləri başa çatdırılmış və 2 ədəd helikopter Silahlı Qüvvələrin istifadəsinə verilmişdi. Hazırda müəssisədə 2 ədəd Mi-171E helikopteri əsaslı təmir olunur. Bu helikopterin əsas üstünlüklərindən biri də çoxməqsədli olmasıdır. Hərbi nəqliyyat helikopteri qısa müddətdə patrul xidməti, axtarış-xilasetmə, yanğınsöndürmə, təcili yardım konfiqurasiyasına çevrilə bilər.

Kiçik çaplı atıcı silahlar üçün patron istehsalı

“Vostok” Dövlət Müəssisəsi 1978-ci ildə “Uzqlavmexanizasiya” Elmi İstehsalat Birliyinin əsasında yaradılmışdı. Müəssisədə əsasən çap olunmuş lövhələrin yığılması və vakuum çöküntüsü üçün avadanlıq; nəzarət və ölçü avadanlığı; texnoloji lazerlər və teleskoplar üçün quraşdırılmış soyutma sistemi olan silikon güzgülərin hazırlanması həyata keçirilmişdi.

1998-ci ildə Nazirlər Kabinetinin “Özbəkistan Respublikasında atıcı silah sursatlarının istehsalının təşkili haqqında” qərarı ilə müəssisəyə ildə 70 milyon müxtəlif dizaynda patronların istehsalı həvalə olunmuşdu. 2003-cü ilin sentyabr ayında “Vostok” Dövlət Müəssisəsi yenidən təchiz edilmiş və modernləşdirilmişdir. “Vostok” müəssisəsinin döyüş sursatlarının istehsalı Fransanın “CNPE Ingineering Defans” şirkəti tərəfindən tədarük olunan texnoloji proses və avadanlıqlara əsaslanır.

Özbəkistan Respublikası Prezidentinin 20 Noyabr 2017-ci il tarixli Fərmanına əsasən “Vostok” müəssisəsi Dövlət Müdafiə Sənayesi Komitəsinin nəzdində fəaliyyət göstərir. Şirkət beynəlxalq ISO 9001: 2015 (QMS-4480-2019 nömrəli) beynəlxalq standart tələblərinə uyğun istehsalını həyata keçirir.  Hazırda “Vostok” Elmi İstehsalat Birliyi müəssəsində əsasən, tapança, yüngül və hücum avtomatlarının patronları istehsal edilir. Bunlara 9×18 mm, 9×19 mm, 5.45×39 mm, 7.62×39 mm, 7.62×54 mm-lik və s. patronlar aiddir. Əlavə olaraq müəssisə patronların istehsalı üçün lazımi alət və texnoloji aksesuarların həm istehsal, həm də ixracını həyata keçirir. Özbəkistan Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə kiçik çaplı atıcı silahlar üçün patronların istehsalının davam etdirildiyi “Vostok” Elmi İstehsalat Birliyində 2020-ci ildə yeni bir kalibrdə patron istehsalı xətti istifadəyə verilmişdi.

“Ms Turon” müdafiə tekstilləri müəssisəsi

Özbəkistan Respublikasının “Ms Turon” müdafiə tekstilləri müəssisəsində silahlı qüvvələrin, o cümlədən hüquq-mühafizə və təhlükəsizlik strukturları üçün forma, xüsusi ayaqqabı və avadanlıqların istehsalı həyata kerilir. Şirkət mütəxəssislərinin sözlərinə görə, məhsulları beynəlxalq standartlara uyğun dizayn edərkən əsas diqqət tikiş istehsalı standartlarına cavab verən texnoloji avadanlıqlara və parçalar üçün kompüter dəstəkli dizayn sistemlərinə yönəldilir.

Yeni forma nümunələrinin kolleksiyaları, xidmət və döyüş fəaliyyətinin xüsusiyyətləri, respublikanın iqlim-coğrafi mövqeyi elmi əsaslarla və beynəlxalq standartların tələbləri nəzərə alınmaqla, müvafiq şöbələrlə razılaşdırılmış layihəyə uyğun olaraq hazırlanır. Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları üçün, habelə Hərbi prokurorluğun səlahiyyətliləri və əməkdaşları üçün geyimlər müasir texnologiyalardan istifadə etməklə istehsal olunur. Hər bir hazırlanmış element üçün Özbəkistan Respublikasının patenti alınmışdır.

Silahlı Qüvvələr yeni geyimə keçir

2018-ci ildə Özbəkistan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin yeni mərasim və səhra geyimlərinə keçməyə hazırlaşdıqlrını açıqlamışdı. Nazirliyin yaydığı məlumata görə, yeni formaların seçimi və hazırlanmasında Almaniya, Pakistan, Rusiya, İtaliya, Azərbaycan və Türkiyənin hərbi geyimləri öyrənilmişdi. Maraqlı məqam ondan ibarətdir ki, Müdafiə Nazirliyinin nümayiş etdirdiyi fotolardan göründüyü qədər Quru Qoşunlarına səhra geyimi kimi təklif olunan nümunələrdən biri də Azərbaycan və Türkiyə ordularında mövcud olan vahid rəqəmsal kamuflyajın rəngi bir qədər tündləşdirilmiş versiyasıdır. Geyimlərin tikiləcəyi xüsusi parçalar yerli “Apitekst” MMC tərəfindən istehsal edilmişdi. Nümunələr “Smart-Tex”, “İdeal” və “Narimteks” şirkətləri tərəfindən hazırlanmışdı. Dövlət Hərbi Sənaye Komitəsindən bildirilib ki, hərbi geyimlərin istehsalı üçün Özbəkistan-Türkiyə birgə müəssisəsi yaradılmışdı. Şirkətin 2020-ci ilin ikinci rübündən etibarən tam gücü ilə işə başladığı bildirilmişdi.

İnnovativ Texnologiyalar Mərkəzi

Özbəkistan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Dövlət Müdafiə Sənayesi Komitəsinin nəzdində İnnovativ Texnologiyalar Mərkəzi yaradılmışdır. İnnovativ Texnologiyalar Mərkəzi yeni istehlak xüsusiyyətlərinə malik məhsulların yaradılmasını sürətləndirmək üçün hərbi sənaye kompleksi müəssisələrinin texniki təchizatı daxil olmaqla texnoloji modernləşmənin tədqiqi və həyata keçirilməsi; istehsalın gəlirliliyini artırmaq üçün ikili istifadə texnologiyalarının tətbiqinin genişləndirilməsi; müdafiə sənayesi sahəsində akademik, universitet və sənaye elmi ilə birgə elmi tədqiqatların aparılması; elm tələb edən məhsullar və rəqabətədavamlı yerli müasir texnologiyaların inkişafı üçün elm və təhsilin istehsalata inteqrasiyasını təmin edən əməkdaşları cəlb etmək üçün lazımi şəraitin yaradılması; hərbi-texniki sahədə beynəlxalq elmi və texniki əməkdaşlığın inkişafında iştirak, xarici tərəfdaşlarla birlikdə elmi, texniki və innovativ layihələrin həyata keçirilməsi, o cümlədən beynəlxalq proqramlar və fondlardan qrantlar cəlb etməklə; hərbi-sənaye kompleksinin müəssisələrinə elmi və metodiki yardımın göstərilməsi; hərbi müdafiə sənayesi kompleksi və dövlət müdafiə sifarişinin icrasında iştirak edən digər sənaye müəssisələrinin ixtisas yoxlamasında və tədqiqində iştirak etmək; hərbi-sənaye kompleksi müəssisələrinin işçilərinin hazırlanması və ixtisasartırma proqramlarının həyata keçirilməsini təşkil edir.

İnnovativ Texnologiyalar Mərkəzi zirehli texnikaları üçün uzaqdan idarə olunan döyüş modulu; ağır avtomatlar üçün platformalar və qüllələr; patron kəmərləri; kiçik silahlar üçün patron qutuları; tüstü bombaları və müxtəlif növ qumbaralar; hərbi təlim avadanlığı; zərbəyə davamlı qalxan; VPU qaz maskaları və qoruyucu kostyumların istehsalı (L-1, OZK); pulemyot patronlarının fasiləsiz təchizatı üçün sistemin istehsalını həyata keçirir.

Zirehli dəbilqə və zirehli gödəkçələr

Bundan başqa Özbəkistan müdafiə sənayesi müəssisələrində II sinif qoruyucu zirehli dəbilqə istehsalı həyata keçirilir. Silahlı Qüvvələrin ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan dəbilqələr başı qəlpələrdən, ağır əşyalardan gələn zərbələrdən qorumaq və yıxılma nəticəsində yaralanmanın qarşısını almaq üçün hazırlanmışdır. Dəbilqə xüsusi əlavələr (gecə görmə cihazları, göz və qulaq qoruması, dəbilqə kameraları və fənərlər) ilə təchiz edilmişdir.

Özbəkistan müdafiə sənayesi müəssisələri tərərfindən III-IV sinif güllə keçirməyən yerli zirehli gödəkçələrin istehsalı həyata keçirirlir. Güllə keçirməyən zirehli gödəkçələr bədəni tapança, avtomat və pulemyotlardan gələn güllələrdən, həmçinin qumbara qəlpələrindən qoruya bilir.

Zirehli maşin istehsalı

2017-ci ildə Türkiyənin “Nurol Makina” şirkəti ilə Özbəkistanın “Uz Auto” şirkəti arasında əməkdaşlıq memorandumu bağlanmışdı. Memorandum Özbəkistan prezidenti Şövkət Mirzəyevin Türkiyə səfəri çərçivəsində imzalanmışdı. Sazişə əsasən Özbəkistan ilk olaraq “Nurol Makina” şirkətindən 24 ədəd MRAP sinfinə aid edilməyən, lakin mina və ƏQP partlayışlarına qarşı qoruma təmin edən “Əjdər Yalçın” zirehli maşınları almışdır. Anlaşma çərçivəsində növbəti mərhələdə Özbəkistanın “Uz Auto” zavodunda 1000 ədəd “Əjdər Yalçın”ın birgə istehsalı nəzərdə tutulurdu. “Nurol Makina”nın “Əjdər Yalçın” zirehli maşını Özbəkistanda Rusiya və Çin şirkəti ilə mübarizə apararaq sınaqları uğurla keçdiyi bildirilmişdi. Eyni zamanda qiymətlər hər iki ölkənin təkliflərindən səmərəli olmuşdu. Müqaviləyə əsasən, “Nurol Makina” şirkəti Özbəkistan Ordusuna “Ejder Yalçın” zirehli nəqliyyat vasitəsinin 4 ədədini 2018-ci ildə, qalan 20 ədədini 2019-cu ildə təhvil vermişdir.

“Ejder Yalçın”ın özbək klonu – “Tarlon”

2019-cu ilin iyul ayında Özbəkistan, “Ejder Yalçın”la oxşarlığı ilə diqqət çəkən “Tarlon” adlı zirehli maşınını təqdim etmişdir. “Ejder Yalçın”a oxşarlığı səbəbindən “Nurol Makina”nın Özbəkistanda nəqliyyat vasitələri istehsalına başladığı düşünülürdü, lakin şirkət rəsmiləri POLİQON jurnalına açıqlamasında sözügedən vasitəni ilk dəfə mətbuatdan gördüklərini, “Ejder Yalçın” ilə təəccüblü şəkildə oxşar olduğunu gördüklərini, amma “Nurol Makina”nın bu istehsal üçün razılaşması olmadığını bildirmişdilər. “Nurol Makina” mütəxəssislərinin açıqlmasna görə, “Tarlon”un “Ejder Yalçından” kopyalanan hissələri sırasına arxa və yan pilləkənlər, yanacaq çəni, ox dizaynı, xilasetmə vinçi, atəş bölmələri, gövdə quruluşu, oturma sistemi və oturacaqlar daxildir. Dünyanın nüfuzlu media orqanlarında da yer alan məlumatlarda, “Tarlon” zirehli nəqliyyat vasitəsinin yeni yaradılan hər iki versiyasının, Türkiyənin “Nurol Makina” şirkəti tərəfindən istehsal edilən “Ejder Yalçın” zirehli transpartyorundan kopyalandığı dərc edilmişdi.

Özbəkistan Dövlət Müdafiə Sənayesi Komitəsinin tabeliyində fəaliyyət göstərən “Kran və Maxsus Texnikalar” (Kran və Xüsusi Texnikalar) müəssisəsi tərəfindən hərbi-sənaye kompleksinin inkişafına dair Tədbirlər Planı çərçivəsində hazırlandığı bildirilən “Tarlon” yüngül zirehli nəqliyyat vasitəsi 4×4 təkər formuluna malikdir. Şəxsi heyətin daşınması, təhlükəli ərazilərdə əməliyyatların icrası, mobil qrupların və blokpostların atəş dəstəyi üçün nəzərdə tutulan “Tarlon” heyəti güllələrdən və partlayışların təsirindən müdafiə edir. Sürücü, komandir və 9 desant daşıya bilən zirehli maşının mühafizə səviyyəsi NATO STANAG 4569 Level 3+ (QOST 34282-2017 (BR 4)) standartlarına cavab verir. 285 at gücündə dizel mühərriklə təchiz olunmuş zirehli maşının gediş ehtiyatı 785 km təşkil edir. “Tarlon” maşının komanda-nəzarət, təcili yardım, mühəndislik, radiasiya, kimyəvi və bioloji kəşfiyyat, atəş dəstəyi təmin edən konfiqurasiyalarda hazırlana bilir.

2021-ci ilin may ayında Özbəkistanda “Tarlon” yüngül zirehli maşınlarının sınaqları başlamışdır. Özbəkistan Respublikası Silahlı Qüvvələrinin sifarişi əsasında dizayn və istehsal olunduğu bildirilən “Tarlon” yüngül zirehli nəqliyyat vasitəsinin sınaqları Müdafiə Nazirliyinin bir qrup mütəxəssisin iştirakı ilə keçirilir. Sınaqların ilkin mərhələsində “Tarlon”un ballistik müdafiəsi müəyyən olunmuş standartlara uyğunluğu yoxlanılacaq və ölkənin dağlıq və yolsuzluq ərazilərində hərəkət etmək və müxtəlif maneələri aşma qabiliyyəti yoxlanacaq. Sınaq prosesləri davam edir.

Yeni baqqi və “Qalqon” zirehli maşını

2021-ci ilin yanvar ayının 12-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Özbəkistan Silahlı Qüvvələri Akademiyasına yaradılmasının 29-cu ildönümü ilə bağlı səfəri zamanı GAZ-3308 “Sadko” avtomobilinin şassisinə əsaslandığı bildirilən xüsusi təyinatlı taktik nəqliyyat vasitələri (baqqi) də daxil olmaqla yerli müdafiə sənayesi məhsulları nümayiş etdirilmişdir. “Krantas Group” tərəfindən yaradılan və “İsuzu 4×4” şassisinə əsaslanaraq hazırlandığı düşünülən “Qalqon” zirehli maşınının bir nümunəsi Prezident Şavkat Mirziyoyevə sərgilənən avtomobillər arasında idi. Səkkiz nəfərin yerləşə biləcəyi yüngül zirehli “Qalqon” avtomobili çox məqsədlidir. Həm heyətin daşınması, həm yaralıların təxliyəsi, həm də təchizatın çatdırılması, o cümlədən kəşfiyyat əməliyyatları, yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün xüsusi əməliyyatlar aparmaq üçün istifadə edilə bilər.

Özbəkistan KİV-lərinin verdiyi məlumata görə, Özbəkistanın “Krantas Group” və “Tuytepinsk” şirkətləri Nurafşen şəhərində yüngül zirehli texnika və xüsusi texnikalar istehsal edən bir müəssisə qurmağa hazırlaşır. Layihənin 55 milyon ABŞ dolları dəyərində olduğu təxmin edilir. Layihənin həyata keçiriləcəyi təqdirdə ilk mərhələdə 100 ədəd yüngül zirehli “Tarlon” və “Qalqon” nəqliyyat vasitələrinin istehsal ediləcəyi bildirilmişdir.

Radiostansiya

Özbəkistan müdafiə və iki təyinatlı məhsulların birgə istehsalının qurulması istiqamətində Çin hərbi sənaye kompleksinin müəssisələri ilə sıx əməkdaşlıq edir. 2018-ci ildən Özbəkistanda “Ozelek-troapparat-Electroshield” səhimdar cəmiyyəti “Hytera” şirkəti ilə birlikdə ordu və yerli güc strukturları üçün DMR (Digital Mobile Radio) və TETRA standartlarında radiostansiyaların istehsalını həyata keçirir.

Özbəkistanın PUA istehsalı

Özbəkistanın Dövlət Geoinnovasiya Mərkəzi pilotsuz uçucu aparatlarının (PUA) hazırlanmasına başlamışdı. Bununla əlaqədar 2020-ci ildə Özbəkistan hökuməti tərəfindən pilotsuz uçucu aparatlarının istehsalına dair qərar layihəsi hazırlanmışdı. Hökumətin qərarına əsasən, Mərkəz birbaşa tender keçirmədən istehsalçıdan ən yaxşı təkliflərin seçilməsi yolu ilə dəstləşdiricilər və ehtiyat hissələr ala biləcək, idxal və ixrac edilən komponentlər gömrük rüsumlarından (dövlət rüsumlarından başqa) azad ediləcək. Mərkəzə səlahiyyətli dövlət orqanlarının sifarişləri əsasında məhsulu satmaq və onu ixrac etmək hüququ veriləcək. Özbəkistan mediasında yer alan məlumata görə, PUA-ların istehsalı Özbəkistanın Dövlət Geoinnovasiya Mərkəzi və Çinin “Shenzhen BShark Technologi Limited” şirkətinin təsis etdiyi “BSharkuz” birgə müəssisəsində həyata keçiriləcəkdir. 2022-ci ilə qədər PUA-ların və onların komponentlərinin (elektron, naviqasiya və optik qurğulardan başqa) istehsalının tamamilə lokallaşdırılması planlaşdırılırdı. 2022-ci ilin yanvarında Özbəkistan müasir texnologiyalar əsasında, beynəlxalq texniki tələblərə və standartlara cavab verən “Loçın” (“Laçın”) adlı milli pilotsuz uçuş aparatların (PUA) istehsalına başladığını elan etdi. Özbəkistan Dövlət Müdafiə Sənayesi Komitəsinin açıqlamasına görə, “Loçın” PUA zərbə, real vaxt rejimində müşahidə, kəşfiyyat və artilleriya atəşinə nəzarət də daxil olmaqla müxtəlif məqsədlər üçün nəzərdə tutulub. Bildirilib ki, PUA-ların istehsalı üçün Elmi-Tədqiqat və İstehsalat Mərkəzi yaradılıb. Mərkəz pilotsuz uçuş aparatlarının hazırlanması, istehsalı, o cümlədən istifadə müddətində yaranan təmir və texniki xidmətlər üçün montaj dəstləri, texnoloji və xüsusi avadanlıq, sınaq (sınaq laboratoriyası) avadanlıqları kimi texnoloji avadanlıqlarla tam təchiz olunub. Məlumatda o da qeyd olunub ki, milli PUA layihəsi Mərkəzi Asiyada ilk dəfə Özbəkistanda həyata keçirilir.

Mobil komanda idarəetmə məntəqəsi

Özbəkistan müdafiə sənayesi kompleksi tərəfindən avtomatlaşdırılmış yerləşdirmə metodu ilə dəyişkən həcmli konteynerə əsaslanan mobil komanda idarəetmə məntəqəsi hazırlanmışdı. Mobil komanda idarəetmə məntəqəsi nəzarəti təşkil etmək, operativ qərar vermək, müxtəlif mənbələrdən məlumat toplamaq və işləmək, müəssisədəki və ya xüsusi ərazidəki mövcud vəziyyəti hərtərəfli qiymətləndirmək üçün komandanlıq və heyətin işini dəstəkləmək üçün xüsusi avadanlıqlarla təchiz edilmişdi.

Avtomatlaşdırılmış yerləşdirmə metodu ilə dəyişkən həcmli konteynerə komanda məntəqəsi, müasir informasiya və kommunikasiya texnologiyaları, video konfrans şəbəkəsi, habelə enerji təchizatı və dəstək sistemi ilə təchiz olunmuşdur. Mobil komanda idarəetmə məntəqəsinin dizayn xüsusiyyəti, komanda postunda yerləşən bütün avadanlıqların qatlana bilməsi və konteyner yuvarlandıqda içəridə yığılmış qalmasıdır. Avtomatik yerləşdirmə və qatlama sisteminin elektrik mühərriklərinə və mexanizmlərinə xidmətin asanlığı üçün konteynerin alt hissəsindəki sistemlərə giriş lyukları təmin edilir.

Müştərinin istəyinə uyğun olaraq mobil komanda idarəetmə məntəqəsi məlumatların göstərilməsi və işlənməsi üçün interaktiv vasitələr, o cümlədəm rəqəmsal video proyektor, 65 düymlük sensor ekran, hər iş yerində kompüter, telefon rabitəsi vasitəsi ilə təchiz edilə bilər. Mobil komanda idarəetmə məntəqəsində İT texnologiyalarından istifadə edərək məlumatların toplanması, işlənməsi, vizuallaşdırılması və ötürülməsi, o cümlədən məlumatların fərdi və kollektiv işlənməsi və idarəetmə qərarlarının formalaşdırılması, habelə məlumat, analitik tapşırıqların xüsusi proqram təminatından istifadə edərək həlli mümkündür.

Mobil tibb məntəqəsi

Özbəkistan müdafiə sənayesi kompleksi tərəfindən avtomatlaşdırılmış yerləşdirmə üsulu ilə dəyişkən həcmli konteynerə əsaslanan mobil tibb məntəqəsi də hazırlanmışdır. Səyyar tibb mərkəzi hər hansı ərazi və iqlim şəraitində hərbi əməliyyatlar və fövqəladə hallar zamanı yaralılara və xəstələrə ixtisaslı tibbi (cərrahi, anestezik, reanimasiya, diaqnostik) yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Səyyar tibb mərkəzi, müasir informasiya və kommunikasiya texnologiyaları, videokonfrans şəbəkəsi, habelə enerji təchizatı və həyatı dəstək sistemi ilə təchiz olunmuşdur. Mobil tibb məntəqəsinin quraşdırılması və sökülməsi avtomatik olaraq tibb mərkəzinin yerləşdiyi nəqliyyat vasitəsinin bort şəbəkəsindən uzaqdan idarəetmə vasitəsi ilə həyata keçirilir.

Dizayn xüsusiyyəti tibb məntəqəsində yerləşən bütün avadanlıqların portativ olması və konteyner yuvarlandıqda içərisində yığılmış qalmasıdır. Tibb məntəqəsinin avtomatik quraşdırılması və sökülməsi sisteminin elektrik mühərriklərinə və mexanizmlərinə xidmətin asanlığı üçün konteynerin alt hissəsindəki sistemlərə giriş lyukları təmin edilir. Tibb məntəqəsi yüksək sürət və manevr imkanları olan “KamAZ” avtomobilinin şassisinə quraşdırılmışdır.

Döyüş modulu

Özbəkistan müdafiə sənayesi müəssisəsində döyüş maşınları üçün aktiv döyüş modulu hazırlanmışdı. Döyüş modulu zirehli döyüş maşınlarına qarşı tətbiq edilə bilir. Əl rejimində və ya avtomatlaşdırılmış rejimdə çalışır. Çoxməqsədli döyüş modulu müxtəlif nəqliyyat vasitələrinə quraşdırıla bilir və ya stasionar formada istifadə edilir. Döyüş modolu 12,7 mm NSVT pulemyotu ilə təchiz edilmişdir. Döyüş modolunda əlavə silahlar inteqrasiya etmək, silah dəstini yeniləmək və dəyişdirmək mümkündür. Döyüş modolunun ballistik qoruma səviyyəsi 4-cü sinif standartlarına cavab verir. 360 ° fırlanan döyüş modolundan hava hədəflərinə atəş etmək mümkündür. -5 ° – +75 ° altında şaqili hərəkət imkanı var. -20 ° C-dən +50 ° C-yə qədər temperaturda işləmə qabiliyyətinə malikdir.

Modernizasiya proqramları

Özbəkistan Dövlət Müdafiə Sənaye Komitəsinin müəssisələri tərəfindən Müdafiə Nazirliyinin sifarişi üzrə 2018-2019-cu illərdə Silahlı Qüvvələrin arsenalında yer alan köhnəlmiş silahların, hərbi texnikaların, o cümlədən artilleriya sistemlərinin modernizasiyası həyata keçirilmişdi. 2020-ci ilin iyun ayında Özbəkistan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsinin Kattakurqan poliqonunda modernləşdirilmiş 120 mm “Nona” minaatanı və 122 mm-lik GM-21MK (BM-21 “Qrad”) yaylım atəşli reaktiv sistemlərinin (bir nümunə “Ural” digəri “KamAZ2 şassisində) sınaqları keçirilmişdi. Fotolardan göründüyü qədər 120 mm çaplı “Nona” minaatan kompleksi baza versiyasından fərqli olaraq BTR-60 zirehli transportyorun şassisi üzərinə quraşdırılmışdı. Müdafiə Nazirliyinin açıqlamasına görə, modernizasiya nəticəsində “Nona” özüyeriyən minaatan kompleksinin maşınının hərəkət sürəti 80 km/saatadək artırılıb. Həmçinin hərəkətdə olduğu zamanı hədəflərin məhv edilməsinin dəqiqliyi yüksəldilib. Modernləşdirilmiş YARS-da isə şassi dəyişdirilməklə yanaşı, GM-21MK müasir atəş-idarəetmə sistemi və naviqasiya cihazları, həmçinin məsafədən idarəetmə sistemi ilə təchiz olunub. Modernləşdirilmiş GM-21MK YARS-ın atəş uzaqlığı xaricdən alınan yeni reaktiv raketlərlə 40 km-ə çatdırılıb. “KamAZ-43118” şassisində quraşdırılmış yaylım atəşli reaktiv sistemə GM-21MK “Boran” indeksi verilmişdi.

Tank modernizasiyası

Silahlanmasında əsas yeri T-62 və T-72 tankları tutan Özbəkistan Ordusu 2017-ci ildə tank parkının modernləşdirilməsi istiqamətində planlarını açıqlamışdı. Belarus şirkətlərinin iştirakı ilə modernləşdiriləcək T-72 tankları T-72BME səviyyəsinə yüksəldiləcəyi nəzərdə tutulurdu. İlk etapda Özbəkistan Ordusunun istifadəsinə daxil olan 70 ədəd T-72 tankının modernləşdirilməsi, daha sonra Belarusdan modernizə edilmiş T-72 tanklarının satın alınmasının planlaşdırılırdı. Qeyd edək ki, ilk nümunəsi 20-22 may 2017-ci il tarixlərində MILEX-2017 sərgisində nümayiş etdirilmiş T-72BME tankı “Beltexeksport” şirkəti, “140-cı təmir zavodu” ASC və “Pelenq” ASC tərəfindən aparılan dərin müasirləşdirmə nətəcəsində meydana çıxmış Belarus T-72 tank modernizasiyasıdır. Sərgidə təqdim olunan məlumata görə, T-72BME tankının texniki göstəriciləri T-90 tanklarının səviyyəsinə uyğunlaşdırılmışdı. Müasirləşdirmə zamanı tankda yeni termal nişangah, monolit və kombinələşdirilmiş əlavə dinamik zireh quraşdırılmışdı. Daha güclü müəhərrik hesabına hərəkət qabiliyyəti yüksəldilmişdi. Görmə cihazlarının müdafiəsi təkmilləşdirilmiş, müdafiə və pusqu zamanı avtomatik olaraq xüsusi qurğuya qoşulmaqla yanacaq ehtiyatına qənaət edilməsi üçün yeni texnologiyalar tətbiq edilmişdi.

Modernizə nəticəsində tankda ESSA-72U idarəetmə sistemi qurulmuşdu. Bura çoxkanallı termal nişangah, ballistik hesablayıcısı, televiziya indikatorları və tank komandirinin köməkçi nişangahı daxildir. Hansı ki kompleks günün istənilən vaxtı maksimal uzaqlıqda rəqibin obyektlərinin effektiv şəkildə məhv edilməsini təmin edir. Bundan başqa, tank küləyin, topun, atmosfer təzyiqinin tənzimçiləri dəstini almışdı. Bu da döyüş zamanı atışa hazırlıq vaxtının minimum endirilməsində, bir yerdə və ya hərəkətdə olarkən dəqiq atış həyata keçirməyə imkan yaradır. İdarə olunan mərmilər də daxil olmaqla, 125 mm çaplı sursatların bütün növlərindən atəş açılması təmin olunmuşdu. Tankda “Kontakt-1” tipli dinamik müdafiə dəsti, 8 ədəd 902B “Tuça” tüstü qumbarası qurulmuş və maşın 840 at gücündə yeni V-84MS mühərriki ilə təchiz olunmuşdu. Modernizə nəticəsində tankda ultra qısa dalğalı BARRETT-2082+ yeni nəsil rəqəmli radiostansiya və sürücü mexanik bölməsində infra-qırmızı kamera quraşdırılmışdı. Tank hərəkətdə olmadıqda ehtiyac duyulan elektrik enerjisinin əldə edilməsi üçün avtonom rejimdə çalışan dizel generator sahibdir.

Özbəkistan və Belarus arasında tank modernləşdirilməsi sahəsində müzakirələrin sonrakı taleyi barədə məlumatlar yox dərəcəsindədir. Mövcud məlumatlara görə, Belarusun “140-cı təmir zavodu” ASC  Özbəkistanın “Uzmaxsusimpeks” Dövlət Müəssisəsinə ölkə ərazisində T-72 tanklarının modernləşdirilməsi, eləcə də T-72 şassisi üzərində QPM-72 yanğınsöndürən maşının və təkərli “Kayman” zirehli avtomobillərinin istehsalını həyata keçirəcək birgə müəssisənin yaradılması təklifi ilə çıxış etmişdi.

Belarusla bərabər, 2017-ci ilin sentyabr ayında Özbəkistan-Rusiya təhlüksizlik şuralarının rəhbərlərinin görüşündə Daşkənddə tank təmiri müəssisəsinin yaradılması və Rusiyanın iştirakı ilə Özbəkistan Ordusunun silahlanmasındakı T-62 və T-72 tanklarının T-62M və T-72B3 səviyyəsində modernləşdirilməsinə dair müzakirələrin aparıldığı bildirilir.

Modernləşdirilmiş T-64MV tankı

Özbəkistanın Müdafiə Nazirliyinin zirehli tank təmiri zavodunun istehsal bazasında T-64 tanklarının əsaslı təmiri və müasirləşdirilməsi həyata keçirilmişdi. Özbəkistanın Müdafiə Sənayesi üzrə Dövlət Komitəsinin 2020-ci ilin iyul ayında açıqladığı məlumata görə, müasirləşdirmə zamanı T-64 tankında mövcud V-84 mühərriki daha müasir və 5TDF mühərriki ilə əvəz edilmişdi. Yeni mühərrikin gücü əvvəlki ilə müqayisədə 140 at gücündən çoxdur. Bundan başqa, ekipajın mühafizəsi üçün tankın korpusu əlavə zirehlə güclədirilmiş, qoruyucu barmaqlıq və dinamik qoruyucu lövhələr quraşdırılmışdı. Rabitə vasitələri yenilənmiş tank Özbəkistanda istehsal edilən “Hytera” markalı rəqəmsal rabitə vasitələri ilə təchiz olunmuşdu. Sınaqlardan uğurla keçən müasirləşdirilmiş T-64MV tankının texniki xüsusiyyətləri T-72 tankına yaxınlaşdırılmışdı. Özbəkistan Ordusunun silahlanmasında yer alan bütün T-64 tanklarının hamısının T-64MV səviyyəsində müasirləşdirilməsi nəzərdə tutulur.

Modernizasiya proqramı çərçivəsində BTR-70 zirehli transportyoru üzərində aparılan təkmilləşdirmələr nəticəsində əlavə zirehlə gücləndirilib. Yeni dizel mühərriki və transmissiya quraşdırmaqla BTR-70 zirehli maşınının döyüş və manevr qabiliyyəti də yaxşılaşdırılıb.

Bundan başqa, Özbəkistan Ordusunun istifadəsində yer alan QAZ-66 avtomobilləri yeni mühərriklər və “Isuzu” ötürücü qutusu ilə təchiz olunub ki, bu da avtomobillərin keçicilik qabiliyyətini və səmərəliliyini artırıb.

Nəticə olaraq, demək olar ki, Orta Asiya Respublikaları arasında, eləcə də regionda döyüş qabiliyyətinə görə əhəmiyyətli ölkələrdə biri hesab olunan Özbəkistanda son illərdə müdafiə sənayesi inkişaf etdirilir, silah və hərbi texnikanın modernləşdirilməsi, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə idarəetmə sisteminin təkmilləşdirilməsi həyata keçirilir. Hərbi-sənaye kompleksinin formalaşması və inkişafı, sahənin yüksək elmi-texniki və hərbi-texniki potensialına nail olmaq prioritet hərbi-iqtisadi vəzifələr hesab olunur. 

Zaur Babaşov

POLİQON JURNALI

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş