“Rheinmetall” konserni Böyük Britaniyada yeni ÖAQ təqdim edəcək

“Rheinmetall” konserni Böyük Britaniyada yeni ÖAQ təqdim edəcək

Almaniyanın “Rheinmetall” konserni özünün yeni perspektivli uzun mənzilli 155 mm-lik yüksək avtomatlaşdırılmış özüyeriyən artilleriya qurğusunu (ÖAQ) Böyük Britaniyaya gətirərək Bristoldakı “Ashton Gate” stadionunda nümayiş etdirəcək.

“Poliqon” xəbər verir ki, bu barədə “Rheinmetall” konserni məlumat yayıb.

Bildirilib ki, cəld şəkildə mövqeyini dəyişə bilən yeni ÖAQ, yüksək atəş tezliyinə və artırılmış mənzilə malikdir.

Özüyeriyən qurğu 10×10 təkər formulu olan RMMV HX3 ağır hərbi yük maşınının şassisində quraşırılıb. Layihəyə görə ÖAQ qabaqcıl və uzun mənzilli Qərb artilleriya sistemlərindən birinə çevrilməlidir.

Bundesver komandanlığı artilleriyanın atəş məsafəsini daha da artırmaq istəyir. Buna görə də, “Zukünftiges System Indirektes Feuer Mittlerer Reichweite” (bağlı mövqelərdən atəş üçün perspektivli orta mənzilli sistem) proqramı ortaya çıxıb.

Proqramın məqsədi təkmilləşdirilmiş xüsusiyyətləri olan yeni özüyeriyən haubitsa yaratmaqdır. Bu proqram çərçivəsində “Rheinmetall” konserni yeni perspektivli özüyeriyən silah hazırlayıb.

RMMV HX3 ağır hərbi yük maşını nədir?

2021-ci ilin may ayında “Rheinmetall MAN Military Vehicles” (RMMV) birgə müəssisəsi ilk dəfə olaraq perspektivli HX3 hərbi platforma yük maşını ailəsini təqdim edib.

Bu və ya digər yük məqsədli belə şassinin müxtəlif variantları nümayiş etdirilib. Xüsusilə, 10×10 təkər formulu olan şassi ÖAQ üçün baza seçilib.

Almaniyanın ÖAQ-ının yeni layihəsi iki ölkənin bir neçə şirkəti tərəfindən hazırlanır. Şassi Almaniyanın RMMV birgə müəssisəsi tərəfindən təqdim edilib, artilleriya hissəsi “Rheinmetall”, döyüş bölməsi isə İsrailin “Elbit Systems” şirkətinin iştirakı ilə hazırlanıb.

HX3 MAN şirkətinin D26 dizel mühərriki və ZF şirkətinin transmissiyası olan kapotsuz avtomobildir. Əsas şassi sistemləri quraşdırılmış MAN EE-Architecture inteqrasiya sistemi ilə idarə olunur. Müştərinin istəyi ilə zirehli kabina istifadə oluna və mina əleyhinə mühafizə quraşdırıla bilər.

HX3 10×10 şassi müxtəlif yükləri daşıya, avtomobilin ümumi çəkisi 45-50 tona çata bilir. Bununla belə, şossedə yüksək mobilliyi və yolsuzluqda kifayət qədər hərəkətliliyi təmin edir.

Artillery Truck Interface (ATI) adlanan məqsədli yük şassinin arxa hissəsinə, üç oxun üstündə yerləşdirilir. Bu, qatlanan domkratları və tam fırlanan qülləsi olan platformadır.

ÖAQ-ın silahlanması

Almaniya ÖAQ-ının əvvəllər göstərilən prototipləri PzH 2000 qurğusunun seriya istehsalı silahı əsasında 155 mm-lik haubitsa alıb. Bu, lülə uzunluğu 52 çap olan yivli lüləli haubitsadır.

Atəş yığımının haubitsaya doldurması avtomatik olaraq həyata keçirilir. Döyüş bölməsinin yan tərəflərində mərmilər və atımlar üçün yer var: solda 40 mərmi, sağda – 192 modul tullayıcı atım yerləşir. Yığımlar zirehli qutulara yerləşdirilir və xarici panellərə malikdir. Döyüş sursatlarının silaha ötürülməsi manipulyatorların köməyi ilə həyata keçirilir. Əl ilə doldurmaq da mümkündür.

Doldurma avtomatı bütün “Birgə Ballistika Anlaşma Memorandumu” (Joint Ballistics Memorandum of Understanding – JBMOU) NATO standartı ilə hazırlanmış mərmilərlə və Modul Atım Sistemi (Modular Charge System – MCS) və ya Artırllmış Mənzil Atımı (Extended Range Charge – ERC) standartlı atımlarla uyğun gəlir.
Eyni hədəfə, yəni qaldırma bucağını dəyişmədən atəş açmaq tələb olunarsa, avtomatik doldurucu dəqiqədə 8 atəş tezliyini təmin edir. Avtomobilin şassisinə quraşdırılmış qüllə “Multiple Rounds Simultaneous Impact” (MRSI, birdən çox mərmi ilə eyni vaxtda təsir) rejimində beşə qədər atəş aça bilər.

Döyüş bölməsi “Elbit Systems” şirkətinin atəşi idarəetmə sistemi ilə təchiz olunub. Buraya inteqrasiya edilmiş kompüter, rabitə və naviqasiya vasitələri və s. daxildir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS