Samir Nuriyev Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasına daxil olmasını şərtləndirən amillərdən danışıb
2003-cü ildən sonrakı dövrdə hərbi xərclərin 15 dəfədən çox artırılması, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasından tutmuş ordunun ən müasir silahlarla, texnika ilə təchizatına kimi məsələlərin effektiv həlli, o cümlədən müdafiə sənayesinin formalaşdırılması, 20-dən çox hərbi zavodun yaradılması və 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalı, hərbi-texniki sahədə dost ölkələrlə çox səmərəli əlaqələrin qurulması və inkişaf etdirilməsi, ən əsası isə ordunun döyüş qabiliyyətinin, hərbçilərimizin peşəkarlığının yüksəldilməsi istiqamətində atılan məqsədyönlü addımlar son nəticədə Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasına daxil olmasını şərtləndirdi.
“Poliqon” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” adlı konfransdakı çıxışı zamanı deyib.
Qüdrətli dövlət quruculuğunun mühüm şərtinin güclü silahlı qüvvələrin, ordu amilinin olduğunu diqqətə çatdıran Samir Nuriyev əlavə edib: “Ərazisinin 20 faizinin işğal altında olduğu və beynəlxalq aləmin ədalətsizliyi ilə üz-üzə qalmış Azərbaycanın nümunəsində bu məsələnin aktuallığı daha kəskin dayanırdı. 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, “ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir”.