
Türkiyənin ASELSAN şirkəti tərəfindən seriyalı istehsal edilən TOLUN miniatür bombaları çatdırılma üçün hazırdır.
“Poliqon” xəbər verir ki, bu, ASELSAN şirkətinin paylaşdığı videogörüntüdə öz əksini tapıb.
Kadrlarda şirkətin TOLUN istehsal xətti və çatdırılma üçün hazır olan miniatür bombalar görüntülənib.
Qeyd edək ki, SADAK 4T asqısı vasitəsilə daşına və buraxıla bilən TOLUN, yüksək dəqiqliyə və qabaqcıl texnologiyaya malik miniatür bomba ailəsidir. Ümumilikdə TOLUN ailəsinin altı üzvü mövcuddur: TOLUN-P, TOLUN-S, TOLUN-IIR, TOLUN-L, TOLUN-F və TOLUN-EW. Ailənin ən yeni üzvləri olan TOLUN-L, TOLUN-F və TOLUN-EW bombaları ASELSAN tərəfindən ilk dəfə SAHA 2026 sərgisində təqdim edilib.
TOLUN-L, SADAK 4T asqısı vasitəsilə daşına bilən, inteqrə olunmuş ANS-KKS və lazer axtarıcı başlıqla idarə olunan, 250 funt sinifində qəlpə təsirli döyüş başlığına malik tam atımlı sursat kimi diqqət çəkir. Pilotsuz uçuş aparatlarında istifadə zamanı açılan qanad konstruksiyası ilə 50+ km mənzilə sahib olan TOLUN-L lazer axtarıcı başlığı sayəsində strateji əhəmiyyətə malik hərəkətli və ya sabit hədəflərə yüksək dəqiqlikli zərbə imkanı təqdim edir.
TOLUN-L hava platformasından ayrıldıqdan sonra ilk KKS həlli əldə edilənədək ANS idarəetməsi ilə uçuşunu davam etdirə bilir. Hədəfdən əks olunan lazer enerjisini aşkar etdikdən sonra isə lazer axtarıcı başlıq aktivləşərək hədəfə zərbəni tamamlayır. İstənilən hava şəraitində istifadə oluna bilən TOLUN-L marşrut nöqtələrini izləyə bilir. Seçilə bilən zərbə bucağına malik sursat döyüş uçuşlarının sayını azaldaraq əməliyyat xərclərini aşağı salır.
TOLUN-F əlavə inkişaf etmiş xüsusiyyətlərlə yanaşı, hədəf üzərində dağıdıcı təsiri maksimum səviyyəyə çatdırmaq üçün kokpitdən proqramlaşdırıla bilir. TOLUN-F vaxt tənzimləməli elektron partladıcı və sursat hədəfə çatmadan əvvəl müəyyən məsafədə döyüş başlığını partlatmağa imkan verən yaxınlaşma sensoru ilə təchiz olunub. Qəlpə təsirli döyüş başlığı hədəfə müəyyən məsafədə partlayaraq müxtəlif hədəf növlərinə maksimum zərər vurur.
TOLUN-EW isə elektron müharibə imkanlarına malik uzaqmənzilli tam atımlı sursat kimi milli imkanlarla hazırlanıb. TOLUN-EW müəyyən müddət ərzində hədəf üzərində havada qalaraq elektromaqnit spektrində təsir yaratmaq və lazım gəldikdə hədəfə zərbə endirmək üçün layihələndirilib. Sistem qarışdırma, aldatma və basdırma funksiyaları ilə hava hücumundan müdafiə sistemlərinə qarşı effektivliyi artırır.




