Silahlı Qüvvələrə əlavə 60 MRAP
Müdafiə Sənayesi Nazirliyi (MSN) “Paramount Group” şirkəti ilə birgə 2012-ci ilin əvvəllərində 60 ədəd “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsini (MRAP) istehsal edərək silahlı qüvvələrə təhvil verməyi planlaşdırır.Müdafiə Nazirliyi tərəfindən bu il əlavə olaraq sifariş verilmiş həmin texnikaların tezliklə sifarişçiyə çatdırılması nəzərdə tutulur.
Müfafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə bildirib ki, “Paramount Group” şirkətinin son texnologiyası olan “Mbombe” sinfli minaya qarşı qorumalı döyüş maşının birgə istehsalı ilə bağlı danışıqlar davam etdilir.
“Bu maşın üzərində işlər hələ davam edir. Yəqin ki, 2012-ci ildə həmin maşının Bakıda sifarişçi qurumlara təqdimatını keçirib, ondan sonra qərar qəbul edəcəyik”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, “Paramount Group” şirkəti bu il fevralın 20-24-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən İDEX-2011 hərbi sərgisində Azərbaycanın hərbi qurumlarının nümayəndə heyəti üçün “Mbombe” döyüş maşınının təqdimatını keçirib. “Mbombe” ənənəvi V gövdəli minaya davamlı döyüş maşınlarından fərqli olaraq davamlı düz korpusa malikdir. Mühafizəsi analoqlarından daha yüksəkdir.