Slovakiya Finlandiyadan “Patria” AMV XP zirehli döyüş maşınları alır
Finlandiyanın “Patria Group” şirkəti və Slovakiya Müdafiə Nazirliyi arasında “Patria” AMV XP zirehli nəqliyyat vasitələrinin alınması ilə bağlı müqavilə imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə “Patria Group” şirkəti məlumat yayıb.
Cari ilin martında Slovakiya tərəfindən BOV 8×8 proqramı çərçivəsində keçirilən tenderin qalibi olan şirkət imzalanan müqaviləyə görə, Slovakiya Ordusuna 76 ədəd 8×8 təkər platformalı “Patria” AMV XP zirehli döyüş maşını tədarük edəcək.
Zirehli döyüş maşını istifadəçiyə əldəqayırma partlayıcı (ƏQP) və ballistik hücumlara qarşı üstün mühafizə, həmçinin mina partlayışlarına qarşı STANAG lv 4a/4b qorunma təmin edir.
Zirehli maşın fərqli döyüş modulları, hava hücumundan müdafiə sistemləri və pulemyotlarla silahlandırıla bilər ki, bu da personala müxtəlif əməliyyatları yerinə yetirməyə imkan verir. Bundan başqa zirehli nəqliyyat vasitəsindən radar, elektronik müharibə, mühəndis və tibbi təxliyə maşını kimi də istifadə etmək mümkündür.
15000 kq faydalı yük götürə bilən “Patria” AMV XP-nin maksimum döyüş ağırlığı 32000 kiloqramdır. Zirheli döyüş maşını 600-1000 kilometr mənzilə, quruda maksimum 100 km/saat sürətlə hərəkət etmək, suda isə 6-10 km/saat sürətlə üzmək bacarığına malikdir.
7+2 pilləli avtomatik sürətlər qutusu ilə təcihz edilən “Patria” AMV XP-ni 450 kVt güc və 2250 Nm fırlanma anına sahib sıralı altı silindirli mühərrik hərəkətə gətirir.