Slovakiya S-300PMU ZRS-i Ukraynaya təhvil verib

Slovakiya S-300PMU ZRS-i Ukraynaya təhvil verib

Slovakiyanın təhvil verdiyi S-300PMU (NATO nomenklaturası üzrə SA-10C “Grumble”) zenit-raket sistemi (ZRS) Ukraynaya çatdırılıb.

“Poliqon” xəbər verir ki, bu barədə məlumatı Slovakiyanın baş naziri Eduard Heqer təsdiqləyib.

Bildirilib ki, ZRS-in Ukrayna ərazisinə çatdırılması cəmi iki gün davam edib. Əvvəlcə Slovakiya Müdafiə Nazirliyi ZRS-i ölkə sərhədlərinə, sonra isə Ukraynaya çatdırıb.

Ukrayna Silahlı Qüvvələri Slovakiyadan bir batareya S-300PMU orta mənzilli ZRS-i və 100 ədədə yaxın 150 km mənzilli 5V55R/5V55RM zenit-idarə olunan raketlərin (ZİR) bütün ehtiyatını alıb. Bu arada qeyd etmək lazımdır ki, Çexoslovakiya parçalananda Slovakiyaya bir batareya S-300PMU ZRS və 48 ədəd 5V55R ZİR qalıb.

Qeyd etmək lazımdır ki, S-300PMU, S-300PM ZRS-in ixrac versiyasıdır. Silahlanmaya 1982-ci ildə qəbul edilib. Avadanlığın tərkibindəki kiçik dəyişikliklərdən başqa, ixrac versiyası onunla fərqlənir ki, buraxma qurğusu yalnız 5P85T tipli yarımqoşqularda daşınan versiyada təklif olunur.

Kompleksin raketi təkmilləşdirilmiş aparat hissəsinə malikdir və 6450 km/saat sürətlə uçan hava hədəflərini məhv etməyə qadirdir. Raketin düşmən təyyarələrini məhvetmə məsafəsi 150 km, balistik hədəfləri məhvetmə məsafəsi isə 40 km-ə qədərdir.

Bu təchizatdan sonra Slovakiya S-300PMU əvəzində ABŞ-ın “Patriot” zenit-raket kompleksini (ZRK) alacaq.

Xatırladaq ki, martın 16-da ABŞ-ın Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri – S-300 ZRS və “Osa” ZRK təhvil verəcəyi barədə xəbərlər yayılıb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS