T-129 ATAK-dan istifadə edəcək nigeriyalı personallar təlim üçün Türkiyədədir

T-129 ATAK-dan istifadə edəcək nigeriyalı personallar təlim üçün Türkiyədədir

T-129 ATAK helikopteri ilə bağlı təlim keçəcək Nigeriya Hərbi Hava Qüvvələrinin (HHQ) pilotlarından və texniki personalından ibarət ilk qrup Türkiyənin paytaxtı Ankara şəhərinə çatıb.

“Poliqon” xəbər verir ki, bu barədə Nigeriya HHQ-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Nigeriya HHQ-nin komandanı İsiaka Oladayo Amao ötən ilin dekabrında Türkiyədən 6 ədəd T-129 ATAK döyüş helikopterinin, Çindən 3 ədəd “Wing Loong II” pilotsuz uçuş aparatının (PUA), Avstriyadan 4 ədəd DA-62 patrul təyyarəsinin və İtaliyadan 24 ədəd M-346 hücum təyyarəsi ilə 12 ədəd AW109 çoxməqsədli helikopterinin sifariş olunduğunu, onlardan bəzilərinin isə 2023-cü il ərzində təhvil alınacağını açıqlamışdı.

Hazırda Nigeriya HHQ-nin aviasiya parkında İtaliyadan, Rusiyadan, Pakistandan, Avstriyadan, Çindən, Braziliyadan və Ukraynadan alınan PUA-lar, helikopterlər və təyyarələr yer alır ki, bunların da müəyyən bir hissəsi artıq xidməti dövrlərini başa vurublar. Elə buna görə də, Nigeriya HHQ onları yeni alınan aviasiya vasitələr ilə əvəz edir.

Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən T-129 ATAK helikopterinin ekipaj üzvü iki nəfər, maksimum qalxış ağırlığı 5065 kq və sürəti 281km/saatdır. Mənzili 537 km olan T-129-un əməliyyat tavanı 4572 m və havada qalma müddəti üç saatdır.

T-129 ATAK helikopterinin silahlanmasına daxildir:

  • 76 ədəd 70 mm-lik klassik tipli raket;
  • 500 ədəd 20 mm-lik top sursatı;
  • 8 ədəd UMTAS/L-UMTAS tank əleyhinə idarə olunan raket;
  • 16 ədəd lazer tuşlamalı “Cirit” raketi;
  • 8 ədəd “hava-hava” tipli “Stinger” raketi.

Poliqon.az

CATEGORIES
TAGS