TOS-1A “Solntsepyok” ağır odsaçan sistemlərin dəqiqliyi artırılıb
TOS-1A “Solntsepyok” ağır odsaçan sistemlərin dəqiqliyi yeni naviqasiya sisteminin tətbiqi sayəsində əhəmiyyətli dərəcədə artırılıb.
“Poliqon” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu “Siqnal” Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun (“Yüksək Dəqiqlikli Komplekslər” konserninə daxildir) baş direktoru Vladimir Pimenov açıqlayıb.
Onun bildirdiyinə görə, radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının hərbi qulluqçuları TOS-1A “Solntsepyok” ağır odsaçan sistemin döyüş mövqeyində olma müddətini azaltmağa kömək edəcək texnologiyalar yaratmaq xahişi ilə şirkətin alimlərinə müraciət ediblər. Həll yeni səhra naviqasiya sistemi olub ki, bu da atışın dəqiqliyini bir metrəyədək yüksəltməyə kömək edib.
Nəticədə qoşunlara heyətə və komandirə TOS-1A döyüş maşınını tərk etmədən döyüş mövqeyində olma müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verən yeni naviqasiya sistemi təklif edilib.
Xatırladaq ki, 2023-cü ilin iyul ayında TOS-1A “Solntsepyok” ağır odsaçan sistemlərin döyüş maşınları üçün yeni naviqasiya sisteminin sınaqlardan uğurla keçdiyi bildirilib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi “Solntsepyok” üçün hədəf təyinetmə taktikasının təkmilləşdirilməsi barədə məlumat verib. Nazirliyin məlumatına görə, döyüş əməliyyatları zonasında TOS-un işi hazırda pilotsuz uçuş aparatlarının (PUA) dəstəyi ilə həyata keçirilir.
Hazırda Rusiyada TOS-1A “Solntsepyok” üçün onun tank əleyhinə raketlər və FPV PUA ilə vurulmamasını təmin edəcək dinamik müdafiə inkişaf etdirilir.
Qeyd etmək yerinə düşər ki, TOS-1A “Solntsepyok” 2001-ci ildə TOS-1 “Buratino” (sonuncu 1987-ci ildə istehsal olunmağa başlayıb) əsasında hazırlanıb. Sistemin əsas vəzifəsi piyada və zirehli tank birləşmələrini dəstəkləməkdir.
Yenilənmiş versiyada döyüş maşınındakı istiqamətləndiricilərin sayı 30-dan 24-ə endirilib. Bundan başqa, TOS-1A “Solntsepyok” üçün T-72 tankının bazasında yeni nəqletmə-doldurma maşını hazırlanıb.
TOS-1A “Solntsepyok” idarə olunmayan reaktiv mərmilərlə düşmənin canlı qüvvəsini, eləcə də yüngül zirehli texnikalarını və nəqliyyat vasitələrini məhv etmək üçün təyin edilmiş ağır odsaçan sistemdir. Sistemdə termobarik döyüş başlığına malik 220 mm-lik idarə olunmayan reaktiv mərmilərdən istifadə olunur.
Sistemin bir tam yaylımı qaz buludu ilə 40.000 kvadratmetr ərazini örtür, bu zaman düşmənin canlı qüvvəsini, yüngül zirehli texnikalarını və istehkamlarını məhv edir. TOS-1A “Solntsepyok” ağır odsaçan sistemi 10 km-ə qədər məsafəyə zərbə vura bilir.
TOS-1A “Solntsepyok” ağır odsaçan sistemləri Rusiya Ordusu tərəfindən fəal şəkildə istifadə olunur. TOS-1A həm xarici, həm də MDB ölkələri üçün maraqlıdır. Belə ki, 2024-cü ilin məlumatlarına əsasən, TOS-1A “Solntsepyok” ağır odsaçan sistemi Rusiya ilə yanaşı Azərbaycan, Ermənistan, Əlcəzair, İraq, Qazaxstan, Ukrayna (Ukrayna Silahlı Qüvvələri tərəfindən bir neçə ədəd qənimət götürülüb və istifadə olunur), Səudiyyə Ərəbistanı, Tacikistan və Suriya ordularının silahlanmasında yer tutur.
Əhəd Vahidoğlu