Xəbərlər

Türkiyə PUA-ları yeni mini sursatlarla təchiz edəcək

 

Türkiyənin “Troy Teknoloji Savunma” şirkəti PUA və pilotsuz yerüstü nəqliyyat vasitələrini (PYNV) təchiz etmək üçün yeni mini sursatlar hazırlayıb.

Bu barədə “Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verib.

Mini-raket şəklində olan bu döyüş sursatları, şəhər şəraiti ilə bərabər müxtəlif növ antiterror əməliyyatları zamanı istifadə üçün təyin edilib. Yeni 40 mm-lik idarə olunmayan sursatla məhdud faydalı yükqaldrma imkanına malik kiçik pilotsuz uçuş aparatları (PUA) təchiz edilə bilər.

Yeni mini-sursatın uzunluğu 170 mm, buraxma qurğusunun uzunluğu isə 550 millimetrdir. Mini-sursatın birdəfəlik buraxma qurğusu ilə birlikdə kütləsi 500 qramdır.

Bir PUA-ya 6 ədədə qədər mini-sursat yerləşdirilə bilər. Mini-sursatın maksimal atış məsafəsi 2 km, effektiv atış məsafəsi isə 100-500 metrdir.

Piyada əleyhinə döyüş başlığının təsir radiusu 12 metrdir. Zirehdələn başlığın zirehdəlməsi STANAG 4569 standartına görə 2-ci səviyyəyə uyğundur.

Tamamilə Türkiyənin yerli və milli inkişafı olan bu sursatların istifadəsi həm asan, həm də xarici analoqlarla müqayisədə maliyyə cəhətdən qənaətlidir.

Sistemin əsas məqsədi təhlükəli ünsürləri müəyyən məsafədən idarə olunan şəkildə müəyyənləşdirmək və ya təhlükəli bölgəyə şəxsi heyət göndərmədən, əvvəllər təyin olunmuş hədəfləri zərərsizləşdirməkdir.

Mini-sursatları kiçik PUA və pilotsuz yerüstü nəqliyyat vasitələrinə (PYNV) quraşdıraraq düşmənin zirehsiz və yüngül zirehli texnikalarını, binalarını, kiçik tikililər kimi sabit hədəflərini vurmaq və məhv etmək mümkündür. Sistem adi yerüstü nəqliyyat vasitələrində quraşdırılaraq də tətbiq edilə bilər.

mini raketlər
Müxtəlif növ döyüş başlıqları olan mini-raketlər

Əhəd Əzizov

Poliqon.az

Back to top button