Türkiyə HHQ ilk T-70 çoxməqsədli helikopterini təhvil alıb

Türkiyə HHQ ilk T-70 çoxməqsədli helikopterini təhvil alıb

TUSAŞ şirkəti Türkiyə Hərbi Hava Qüvvələrinə ilk T-70 çoxməqsədli helikopterini təhvil verib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, TUSAŞ-ın istehsal müəssisəsində keçirilən təhvil mərasimdən sonra ilk T-70 helikopteri Hərbi Hava Qüvvələrinin Konya şəhərindəki 3-cü Əsas Reaktiv Baza Komandanlığının istifadəsinə təqdim edilib.

T-70 indeksli çoxməqsədli helikopter dünyanın aparıcı aviasiya şirkətlərindən olan “Sikorsky”nin S-70i helikopterinin bazası və lisenziyası əsasında Türkiyədə hazrlanıb. Layihənin əsas podratçısı Türkiyənin TUSAŞ, subpodratçıları isə ASELSAN, TEI, “Alp Havacılık” şirkətləri və ABŞ-ın “Sikorsky” şirkətidir.

Layihə çərçivəsində T-70 helikopterinin əsas gövdə və rotor hissələrinin istehsalını, inteqrasiyasını və logistika işlərini TUSAŞ şirkəti həyata keçirir. ASELSAN helikopterin avionika sistemlərini, TEI ona güc verən T700 mühərikinin istehsalını, “Alp Havacılık” isə eniş dəstləri, transmissiya və dinamik hissələrin həm istehsalını, həm də inteqrasiyasını yerinə yetirir.

Qeyd edək ki, TUSAŞ tərəfindən ötən ilin dekabr ayından indiyə kimi sifarişçilərə 5 ədəd T-70 helikopteri təhvil verilib. Bundan əvvəlki T-70 Jandarma Baş Komandanlığının istismarına verilib. TUSAŞ cari il ərzində ümumilikdə 12 ədəd T-70 helikopterinin sifarişçilərə çatdırılmasını planlaşdırıb.

Poliqon.az

CATEGORIES
TAGS