TUSAŞ HÜRJET təlim təyyarəsini ilk dəfə anqardan çıxarıb
Türkiyənin TUSAŞ şirkəti tərəfindən milli və yerli imkanlar hesabına hazırlanan reaktiv mühərrikli HÜRJET təlim təyyarəsi ilk dəfə anqardan çıxarılıb.
“Poliqon” “Savunmasanayist”ə istinadən xəbər verir ki, təyyarə evakuatoru vasitəsi ilə anqardan çıxarılan birinci prototip eniş dəstləriylə təchiz edilsə də, hələlik mühərriki üzərinə inteqrasiya olunmayıb.
Qeyd edək ki, TUSAŞ 2023-cü il martın 18-də HÜRJET təlim təyyarəsi ilə ATAK 2 helikopterinin ilk uçuşunu həyata keçirməyi və 5-ci nəsil MMU döyüş təyyarəsinin mühərrikini işə salaraq anqardan çıxarmağı planlaşdırır.
Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) tərəfindən başladılan layihə əsasında hazırlanan HÜRJET təlim təyyarəsi Hərbi Hava Qüvvələrinə (HHQ) 4-cü və 5-ci nəsil döyüş təyyarəsi pilotlarının hazırlanmasında kömək edəcək. Bundan başqa təyyarə hücum əməliyyatlarının yerinə yetirilməsi üçün döyüş bacarıqlarına da sahib olacaq.
Xatırladaq ki, SSB başqanı İsmail Dəmir ötən ilin martında verdiyi açıqlamada TUSAŞ şirkəti tərəfindən HÜRJET-in vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə sahib olması və “TCG Anadolu” amfibiya hücum gəmisində istifadə edilə bilməsi üçün üzərində işlərin görüldüyünü bildirib.