Ukrayna Ordusu üçün əlavə CAESAR ÖAQ-lar alınır
Lüksemburq hökuməti Ukrayna Ordusu üçün CAESAR özüyeriyən artilleriya qurğularının (ÖAQ) alınması ilə bağlı “artilleriya koalisiyası”na 5 milyon avro məbləğində maddi yardım edib.
“Poliqon” xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornunun “X” hesabındakı paylaşımında bildirilib.
Qeyd edək ki, CAESAR (Camion équipé d’un système d’artillerie) Fransanın “Nexter” şirkəti tərəfindən layihələndirilmiş və istehsal edilmiş 155 mm-lik özüyeriyən artilleriya qurğusudur. Zirehli kabinalı 6×6 təkər formullu Renault Sherpa 10 şassisində quraşdırılmış artilleriya hissəsi 155 çaplı, 52 çap uzunluğunda lüləyə malik TR F1 haubitsasının təkmilləşdirilmiş variantıdır.
Haubitsadan ERFB mərmilərlə elan edilmiş atış məsafəsi 41 km, M982 “Excalibur” aktiv-reaktiv mərmilərlə 46-49 km, М2005 V-LAP mərmilərlə isə 54 km-dir. Atəş tezliyi 6 saniyədə 3 atış, daşınan döyüş dəsti 18 atəş yığımıdır. Gövdə uzunluğu 10500 mm, eni 2500 mm və hündürlüyü 3260 mm-dir. Döyüş vəziyyətində çəkisi 17,7 ton, heyəti 4-5 nəfərdir.