
“Xaska-10” hoverkraftının buz üzərində nümayiş sınağı yerinə yetirilib
“Rıbinsk” gəmiqayırma zavodunun (“Kalaşnikov” konserninin tərkibindədir) mütəxəssisləri Rıbinsk su anbarında “Xaska-10” hoverkraftının buz üzərində nümayiş sınağını həyata keçiriblər.
“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, Yamalo-Nenets Muxtar Dairəsinin nümayəndələri və Rusiyanın Arktika bölgəsində fəaliyyət göstərən müəssisələrin təchizatı ilə məşğul olan şirkətin əməkdaşları da nümayiş sınağını izləyənlər arasında yer alıb.
“Xaska-10”, Rusiyanın Sənaye və Ticarət Nazirliyinin 2013-2030-cu illər üçün dəniz yataqlarının işlənməsi ilə əlaqədar gəmiqayırma və avadanlıqların inkişafı dövlət proqramı çərçivəsində yaradılıb. “Xaska-10” Arktikada, Rusiyanın Uzaq Şimalında və suyun dayaz olduğu yerlərdə həm yüklərin, həm də sərnişinlərin daşınması üçün hazırlanıb.
Belə ki, gəmi ilkin olaraq mülki müştərilər üçün nəzərdə tutulsa da, “Ordu-2020” Beynəlxalq Hərbi-Texniki Forumunda Rusiyanın Hərbi Dəniz Qüvvələri də “Xaska-10”a maraq göstərib. Rusiya tərəfindən bu hoverkraft ölkə xaricində ilk dəfə 2021-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilmiş IDEX müdafiə sənayesi sərgisində nümayiş olunub.
“Xaska-10” hoverkraftının texniki xüsusiyyətləri:
- Uzunluğu – 23.7 m
- Eni – 13.6 m
- Hündürlüyü – 7.9 m
- Maksimum sürəti – 40 knot
- 30 knot sürətlə qət edə bildiyi məsafə – 400 mil
- Yük götürmə qabiliyyəti – 10 t
- Su basımı – 46.2 t
- Şəxsi heyət – 3 nəfər
- Daşınan personal sayı – 12 nəfər
- Əsas mühərrik – 2×1100 hp və ya 2×1500 hp
- Əlavə təminat olmadan suda fəaliyyət göstərmə müddəti – 3 gün