Xidmət rəisi: DSX-nin fəaliyyətində kadr hazırlığı çox əhəmiyyətli və xüsusi diqqət yetirilən bir sahədir
DSX-ya xarici dövlət əməkdaşlarının tədrisi üçün çoxlu müraciətlər daxil olur
Dövlət sərhədlərinin etibarlı mühafizəsi həlledici dərəcədə sərhədçilərin peşəkarlığından, sərhəd bölmələrinin peşəkar kadr heyəti ilə komplektləşməsindən asılıdır.
“Poliqon” xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev POLİQON jurnalına müsahibəsində bildirib.
DSX rəisi vurğulayıb ki, Dövlət Sərhəd Xidmətinin fəaliyyətində kadr hazırlığı çox əhəmiyyətli və xüsusi diqqət yetirilən bir sahədir.
“Sərhəd təhlükəsizliyinə və milli sərhədçi kadrların hazırlanmasına böyük diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2007-ci ildə Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzaladı. 2010-cu ilin avqust ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Sərhəd Xidməti Akademiyasının açılış mərasimində iştirakı və Akademiyaya döyüş bayrağını təqdim etməsi, Akademiyanın Nizamnaməsini təsdiq etməsi sərhəd mühafizə orqanlarının yüksək ixtisaslı ali hərbi təhsilli peşəkar zabitlərlə komplektləşdirilməsinə zəmin yaratdı. Bu il Akademiyanın bakalavr pilləsini bitirmiş məzunların 11-cı, magistratura pilləsini bitirmiş məzunların isə 1-ci buraxılış mərasimləri keçirilmişdir.
Əgər əvvələr əməkdaşlarımızın xaricdə təhsil almalarına və həmkarlarımızın təcrübəsindən yararlanmağa çalışırdıqsa, son illər ərzində xarici dövlətlərin əməkdaşları üçün tədrisin təşkili barədə bizə çoxlu müraciətlər daxil olmaqdadır. Hazırda Tacikistan Respublikasından olan 18 kursant “Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisası üzrə Dövlət Sərhəd Xidməti Akademiyasında təhsillərini davam etdirirlər”, – deyə DSX rəisi general-polkovnik Elçin Quliyev qeyd edib.
General-polkovnik Elçin Quliyev bildirib ki, kadrların hazırlığı istiqamətində görülən işlər sırasında Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılması mühüm yer tutur: “Heydər Əliyev Fondu tərəfindən yenidən qurulmuş məktəb 2011-ci ildə istifadəyə verilmiş və açılış mərasimində Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyeva iştirak etmişdir. Əsas məqsədi ölkə Prezidentinə, dövlətinə, xalqına sadiq, yüksək səviyyədə təlim və təhsil almış, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan övladlarının yetişdirilməsi olan Xüsusi Məktəbin məzunları artıq Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil alırlar. Fəaliyyət göstərdiyi qısa müddət ərzində Xüsusi Məktəb çox böyük nüfuz qazanmışdır.
Məktəbdə təhsil almaq arzusunda olanların sayının qəbul planından dəfələrlə çox olmasını, məktəbə olan xüsusi marağı nəzərə alaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin yeni inşa edilmiş tədris korpusunun 2018-ci ilin mart ayının 5-də Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilməsi kursantların sayının 3 dəfəyədək artırılması imkanını yaratmışdır”.