Yeni HÜRKUŞ 2-nin ilk istifadəçisi Türkiyə HHQ olacaq
TUSAŞ şirkəti tərəfindən Niger Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verilən HÜRKUŞ təlim-döyüş təyyarələri qarşıdakı günlərdə uçuşlara başlayacaq.
“Poliqon” xəbər verir ki, bunu “Tolgaozbek.com”a açıqlamasında TUSAŞ şirkətinin sınaq pilotu Murat Özpala söyləyib.
O bildirib ki, növbəti mərhələdə HÜRKUŞ-dan istifadə edən ölkələrin sırasına əvvəlcə Çad, sonra isə Liviya qatılacaq.
M.Özpala TUSAŞ-ın istehsal etdiyi 14 ədəd HÜRKUŞ-un, Türkiyə Hərbi Hava Qüvvələrinin icazəsi ilə ixrac olunduğunu vurğulayıb.
Daha sonra sınaq pilotu HÜRKUŞ-un yeni inkişaf etdirilən HÜRKUŞ 2 modeli haqqında danışıb və qeyd edib ki, onun ilk istifadəçisi Türkiyə HHQ olacaq.
“Hazırda TUSAŞ yeni dizayn (HÜRKUŞ 2) üzərində işlərini davam etdirir. Eyni zamanda HÜRKUŞ-un mövcud modeli üçün də marketinq işlərini davam etdirir. Bu mövzuda TUSAŞ əhəmiyyətli tələbat qazanmış vəziyyətdədir”, – deyə Murat Özpala bildirib.