Zəfər Əliyev: Hazırda hərbi qulluqçularımız Türkiyə Silahlı Qüvvələrinin müxtəlif tədris müəssisələrində təhsil alırlar

Zəfər Əliyev: Hazırda hərbi qulluqçularımız Türkiyə Silahlı Qüvvələrinin müxtəlif tədris müəssisələrində təhsil alırlar

Daxili Qoşunların NATO standartlarına uyğun taktiki təlimləri keçirilib

Azərbaycan Respublikasının Daxili Qoşunlarında hərbi təhsil sisteminin inkişaf etdirilməsi və dünya standartlarına uyğunlaşdırılması məqsədilə, Türkiyə Respublikası Jandarm Təşkilatı başda olmaqla, dünyanın müxtəlif ölkələrinin hərbi qurumlarının təhsil müəssisələrilə əməkdaşlıq edilir.

Bu barədə Daxili Qoşunların Baş İdarəsinin Qərargahında əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi polkovnik Zəfər Əliyev POLİQON jurnalına müsahibəsində bildirib.

“Daxili Qoşunların beynəlxalq hərbi əməkdaşlıq əlaqələrinin təməlini Ümummilli Lider Heydər Əliyev qoymuşdur. Ulu Öndərin təşəbbüsü ilə 1996-cı il iyun ayının 10-da “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında hərbi təlim, texniki və elmi sahədə əməkdaşlıq haqqında saziş” imzalandı. Bu sazişə uyğun olaraq, Daxili Qoşunların 6 nəfər hərbi qulluqçusu Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarm Baş Komandanlığının hərbi təhsil məktəbində təhsil almağa göndərildi. Onlar Daxili Qoşunları qardaş Türkiyə Respublikasında təmsil edən ilk hərbi qulluqçular oldular.

1997-ci ildən etibarən ötən dövr ərzində Daxili Qoşunlar tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə ikitərəfli münasibətlər çərçivəsində Türkiyə, Belarus, Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, ABŞ, Fransa, İtaliya və Ukraynanın müvafiq qurumları ilə əməkdaşlıq əlaqələri qurulmuşdur”, – deyə polkovnik Zəfər Əliyev vurğulayıb.

İdarə rəisi bildirib ki, Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarm Baş Komandanlığı tərəfindən Daxili Qoşunların inkişafı, maddi-texniki bazasının gücləndirilməsi yönündə müxtəlif sahələr üzrə göstərilmiş yardım qardaş ölkənin xoş məramının nümunəsi kimi həmişə minnətdarlıqla xatırlanacaq: “Daxili Qoşunların Ali Hərbi Məktəbində tədrisin təşkilinə Jandarm Təşkilatının zabitləri praktiki köməklik göstərmişlər. Türkiyə Jandarm Baş Komandanlığının zabitlərinin bilik və bacarıqlarından faydalanaraq NATO standartlarına uyğun bölük və tabor tərkibində taktiki təlimlər planlaşdırılmış və keçirilmişdir.

Qarşılıqlı hərbi əməkdaşlığı daha da genişləndirmək məqsədilə Daxili Qoşunların Komandanlığı ilə Türkiyə Jandarm Baş Komandanlığının və Silahlı Qüvvələrinin yüksək rütbəli hərbi qulluqçuları arasında bir sıra rəsmi görüşlər keçirilmişdir. Görüşlər zamanı qurumlar arasında əməkdaşlıq münasibətlərinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul edilmişdir.

Qoşunlarda xidmət keçmək üçün zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların hazırlanması və təkmilləşdirilməsi Daxili Qoşunların Ali Hərbi Məktəbi ilə yanaşı, Türkiyə Respublikasının Milli Müdafiə və Səhiyyə Elmləri Universitetlərində, Türkiyə Respublikasının Quru Qoşunlarının Ali Hərbi Məktəbində və Jandarm Baş Komandanlığının təlim-tədris mərkəzlərində həyata keçirilir. Hal-hazırda Türkiyə Respublikası Silahlı Qüvvələrinin müxtəlif tədris müəssisələrində və kurslarda hərbi qulluqçularımız təhsil alırlar”.

Polkovnik Zəfər Əliyev qeyd edib ki, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dərs vəsaitlərinə və maddi tədris bazasına olan ehtiyacın siyahısı tərtib edilir və onların planlı şəkildə təmin edilməsi ilə həyata keçirilir. Onun sözlərinə görə, bu zaman real döyüş şəraitinə uyğun təlimlərin keçirilməsi üçün döyüş və atış simulyasiya avadanlıqlarının, müasir döyüşdə geniş tətbiq edilən elektronik hərb texnologiyalarının öyrənilməsi və tətbiqi üzrə avadanlıqların maddi tədris bazasına daxil edilməsinə, tədris siniflərinin kompüterlərlə təmin olunmasına üstünlük verilir.

“Kadr təminatı barədə demək istərdim ki, tədris işində hərbi-nəzəri və hərbi-praktiki biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik, taktiki səviyyədə komanda və digər vəzifələrdə xidmət etmiş, müxtəlif kurslarda təcrübə keçmiş, müasir texnologiyalar üzrə hərbi bilikləri olan, ali hərbi təhsilli zabit heyəti kadrların hazırlanmasına cəlb edilir.

Bunlarla yanaşı, qoşunların müddətli həqiqi hərbi xidmət mütəxəssislərinə və hərbi qulluqçularına olan tələbatının təmin olunması məqsədilə, müvafiq təlim-tədris proqramlarının tələblərinə əsasən Şirvan şəhərində yerləşən hərbi hissədə kiçik komandir, mütəxəssis və sürücülərin hazırlanması, Bakı şəhərinin Nərimanov rayonunda yerləşən hərbi hissədə isə müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların qəbulu və hazırlanması prosesi həyata keçirilir”, – deyə polkovnik Zəfər Əliyev deyib.

Poliqon.az

CATEGORIES