
Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) və 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin (“Securex Caspian 2026”) rəsmi açılışı olub.
“Poliqon” xəbər verir ki, Müdafiə Sənayesi naziri Vüqar Mustafayev tədbiri açıq elan edib, qonaqları salamlayıb.
Qeyd edək ki, üç gün davam edəcək ADEX və “Securex Caspian” sərgilərində 46 ölkədən 270-dən çox şirkətin və 40 xarici rəsmi nümayəndə heyətinin iştirakı təsdiqlənib.
ADEX sərgisində dəniz gəmiləri və hərbi dəniz sistemləri, hərbi geyim və ləvazimatlar, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri və hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr, logistika xidmətləri, tibbi ləvazimatlar, mühəndislik sistem və qurğuları, müdafiə və təhlükəsizlik üzrə konsaltinq, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), radioelektron sistemlər, C4ISR, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulatorlar və təlim sistemləri, tədqiqat institutları, təyyarə və aviasiya sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, kibertəhlükəsizlik həlləri və digər məhsullar nümayiş olunur.
2014-cü ildən Azərbaycanda keçirilən ADEX Beynəlxalq Müdafiə Sərgilərinin rəsmi media tərəfdaşı olan POLİQON jurnalı sərgidə 6-cı dəfə özünün Azərbaycan və İngilis dillərində qarışıq hazırlanmış Xüsusi Buraxılışı ilə çıxış edir.





