A400M nəqliyyat təyyarəsi 150 min uçuş saatını geridə qoyub

A400M nəqliyyat təyyarəsi 150 min uçuş saatını geridə qoyub

“Airbus” şirkəti tərəfindən istehsal edilən A400M hərbi nəqliyyat təyyarələrinin 10 il ərzində topladığı uçuş müddəti 150 min saatı ötüb.

Bu barədə “Poliqon” “Airbus” şirkətinə istinadən məlumat verib.

Qeyd edək ki, A400M təyyarəsi Belçika, Fransa, Almaniya, Lüksemburq, İspaniya, Türkiyə və Böyük Britaniya Hərbi Hava Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub. Şirkət tərəfindən təyyarənin hazırlanması ilə bağlı işlərə 2003-cü ildən başlanılıb. 2005-ci ildə Malaziya da bu layihəyə qatılıb.

6 illik prosesin ardından A400M-in ilk uçuşu 2009-cu ildə reallaşdırılıb və 2013-cü ildə seriyalı istehsal edilən ilk təyyarə Fransa HHQ-nin istismarına təqdim olunub. “Airbus” şirkəti həmin ildən indiyə kimi 170-dən çox A400M sifarişi alıb ki, onların da 100-dən artığını müştərilərə təhvil verib.

Təyyarə vasitəsilə həm yüklər, həm personal, həm də çəkisi 32 tona qədər olan döyüş maşınları daşına bilər. A400M-in boş kütləsi 66.5 ton, maksimum yükqaldırma qabiliyyəti isə 37 tondur. Heyəti 2-4 nəfər və maksimum sürəti 780 km/saat olan təyyarənin maksimum yüklə uçuş uzaqlığı 3300 km təşkil edir.

Poliqon.az

CATEGORIES