ASELSAN 2023-cü ilin ilk rübünü artımla tamamlayıb

ASELSAN 2023-cü ilin ilk rübünü artımla tamamlayıb

Türkiyənin ASELSAN şirkəti cari ilin birinci rübünə olan maliyyə gəlirlərini açıqlayıb.

ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, şirkətin xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34% artaraq 2.3 milyard TL-yə çatıb.

ASELSAN-ın baş direktoru Haluk Görgün şirkətin cari ilin ilk üç ayında əldə olunan maliyyə gəlirlərini qiymətləndirərək bildirib ki, ASELSAN Türkiyə üçün var gücü ilə çalışmağa, texnologiya istehsal etməyə və daha da irəli getməyə davam edir: “Şirkətimizin 2023-cü ilin birinci rübünün sonu etibarı ilə balans sifarişlərinin dəyəri 8.2 milyard ABŞ dolları təşkil etdi. Sahib olduğumuz böyük mühəndislik təcrübəmizlə ölkəmizin ehtiyaclarını qarşılamağa, ümumi hədəfimiz olan yerli və milli müstəqillik (müdafiə sənayesi sahəsində xarici asılılıqdan azadolma) yolunda bütün gücümüzlə çalışmağa davam edirik”.

O qeyd edib ki, ASELSAN “Altay”, “TCG Anadolu”, “Hürjet”, “Hürkuş”, MMU, F-16, “Gökbey”, ATAK, , “Aksungur”, “Akıncı”, “Bayraktar TB2” və “Bayraktar TB3” kimi milli platformalara radar, elektron müharibə, avionika, elektro-optika, rabitə və alt sistemlər təmin etmək işini uğurla yerinə yetirməkdən qürur duyur.

“ASELSAN olaraq 2023-cü ilin birinci rübündə tədarükçülərimizə təxminən 9.3 milyard TL ödədik. 2023-cü ilin ilk üç ayında 40 məhsulun milliləşdirilməsini uğurla başa çatdırdıq. Beləliklə, son 3 ildə milliləşdirdiyimiz məhsulların sayını 706-ya yüksəltdik və 726 milyon ABŞ dollarından artıq məbləğin ölkəmizdə qalmasını təmin etdik.”, – deyə H.Görgün vurğulayıb.

Şirkətin baş direktoru diqqətə çatdırıb ki, ASELSAN cari ildə daha bir ölkəyə məhsul satışını həyata keçirib. Beləliklə, son 4 il müddətində şirkət, müştərilərinin sayını 83-ə yüksəldib.

“2023-cü ilin birinci rübündə əvvəlki illərin birinci rübünün göstəricilərini üstələyərək 136 milyon ABŞ dolları dəyərində beynəlxalq müqavilə imzaladıq”, -deyə Haluk Görgün qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS