İran “Bavar-373” ZRK-nin yeni versiyasını hazırlayır
İran “Bavar-373” uzun mənzilli zenit-raket kompleksinin (ZRK) yeni versiyasını hazırlayır.
“Poliqon”un “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri komandanının koordinasiya üzrə müavini Mohammad Yousefi deyib.
O bildirib ki, ölkədə “Bavar-373” ZRK-nin yeni variantının istehsalı ilə bağlı planlar hazırlanıb.
Yeni versiyanın ballistik hədəflərin qarşısını almaq üçün uyğun olacağını vurğulayan Mohammad Yousefi, yaxın vaxtlarda daha ətraflı məlumatın açıqlanacağını qeyd edib.
“Bavar-373” ZRK haqqında ilk dəfə məlumat 2016-cı ildə ortaya çıxıb. 2019-cu ilin avqustunda kompleksin rəsmi təqdimatı baş tutub. Ötən ilin noyabr ayında isə onun təkmilləşdirilmiş versiyası nümayiş etdirilib.
Təkmilləşdirilmiş “Bavar-373” ZRK qısa mənzilli ballistik raketləri, bütün növ qırıcıları və bombardmançı təyyarələri məhv etmək üçün nəzərdə tutulub. O, eyni vaxtda 300-ə qədər hədəfi aşkarlamaq, 60 hədəfi izləmək və altı hədəfi vurmaq qabiliyyətinə malikdir. Təkmilləşdirmə nəticəsində “Bavar-373”ün məhv etmə məsafəsi 200-dən 300 km-ə, döyüş hündürlüyü isə 27-dən 32 km-ə yüksəldilib.
Ötən ilin noyabrında təkmilləşdirilmiş “Bavar-373” ZRK-nin “Səyyad-B4” raketləri ilə atış sınaqları da keçirilib. Kompleksin sınaqları zamanı hədəf 450 km-dən çox məsafədə aşkar edilib və 305 km məsafədə vurulub.