İranda ilk strateji yeraltı aviasiya bazası istifadəyə verilib
İran Ordusunun “Qartal 44” adlı ilk strateji yeraltı aviasiya bazasının açılışı olub.
Bu barədə “Poliqon” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin iştirakı ilə keçirilən açılış mərasimində bildirilib ki, “Qartal 44” yeraltı aviasiya bazası pilotsuz uçuş aparatlarının (PUA), döyüş və bombardmançı təyyarələrin hərbi əməliyyatlar zamanı idarəetmə mərkəzi kimi istifadə oluna biləcək.
Həmçinin yeraltı baza İran Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcılarını qəbul edib onları döyüş tapşırıqlarına hazırlamaq imkanına malik olacaq.
“Qartal 44” yeraltı aviasiya bazası xəbərdarlıq zonası, komanda məntəqəsi, təyyarə anqarları, yanacaq çənləri, təmir və texniki xidmət mərkəzi kimi müxtəlif bölmələrdən ibarətdir.
Burada reaktiv mühərrikli təyyarələrin təhlükəsiz şəkildə mühafizə olunacağı və döyüşə hazır vəziyyətə gətiriləcəyi bildirilib.