QuruXəbərlər

MKE TOLGA yaxın HHM sisteminin imkanları yerli heyətə nümayiş etdirilib – VİDEO

MKE şirkəti tərəfindən döyüş meydanında artan mini/mikro dron, sabitqanadlı pilotsuz uçuş aparatı (PUA), ağıllı sursat və qanadlı raket təhdidlərinə qarşı yerli və milli imkanlarla hazırlanan TOLGA yaxın hava hücumundan müdafiə (HHM) sistemi keçirilən atış sınaqları zamanı öz imkanlarını nümayiş etdirib.

MKE-dən “Poliqon”a verilən məlumata görə, atış sınaqlarını Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı, Quru Qoşunları Komandanlığı, Hərbi Dəniz Qüvvələri Komandanlığı, Jandarma Baş Komandanlığı, Sahil Mühafizə Komandanlığı, eləcə də Müdafiə Sənayesi Komitəsi və müdafiə sənayesi şirkətlərinin nümayəndələrindən ibarət təxminən 150 nəfərlik heyət izləyib.

Sınaqlar zamanı TOLGA yaxın HHM sistemi 7 fərqli ssenari üzrə bütün hava təhdidlərini 100 faiz uğurla zərərsizləşdirərək əməliyyat effektivliyini və etibarlılığını bir daha sübut edib.

Qeyd edək ki, MKE tərəfindən hazırlanmış TOLGA yaxın HHM sistemi sabit qanadlı kamikadze PUA-lar, dronlar, qanadlı raketlər və digər asimmetrik hava təhdidlərinə qarşı inteqrasiya edilmiş quruluşu ilə diqqət çəkir.

“Effektiv – Sadə – Ucuz” yanaşması ilə hazırlanmış TOLGA modul arxitekturası sayəsində müxtəlif təhdid səviyyələrinə qarşı çoxqatlı qorunma təmin edir və müasir HHM ehtiyacları üçün kompleks həll təqdim edir.

MKE-nin inkişaf etdirdiyi TOLGA sistemi 12.7 mm və 20 mm çaplı silah sistemləri, müxtəlif kalibrlərdə hazırlanmış antidron sursatları, GÖKBÖRÜ AESA radarı, akustik aşkarlama sistemi, elektro-optik sensorlar, radioelektron maneə sistemi və inkişaf etmiş komanda-idarəetmə infrastrukturunu özündə birləşdirir.

TOLGA müdafiənin ilk qatında radar, elektro-optik sensorlar və radioelektron maneə sistemi vasitəsilə təhdid yaradan dronları aşkarlayır və 10 kilometrə qədər “soft-kill” müdaxiləsi həyata keçirir. Elektron qarışdırmanın kifayət etmədiyi hallarda isə TOLGA-nın “hard-kill” müdafiə qatı işə düşür.

MKE-nin istehsal etdiyi 12.7 mm, 20 mm və 35 mm-lik silah sistemləri, eləcə də xüsusi hazırlanmış qəlpəli antidron sursatları təhdid elementlərini fiziki olaraq məhv edir. Partlama vaxtı və məsafəsi optimallaşdırıla bilən bu sursatlar hədəf ətrafında qəlpələrdən metal buludu yaradaraq yüksək vurma ehtimalı təmin edir.

Sistem 35 mm-lik qəlpəli antidron sursatı ilə 3000 metrə qədər, 20 mm-lik qəlpəli antidron sursatı ilə 1000 metrə qədər və 12.7 mm-lik qəlpəli antidron sursatı ilə 300 metrə qədər effektiv məhvetmə imkanı təqdim edir.

MAP DUAL platforması üzərinə inteqrasiya edilən iki ədəd PMT-76 pulemyotu da qəlpəli antidron sursatları ilə hava təhdidlərinə qarşı effektiv müdaxilə qabiliyyəti qazanıb.

Şirkətin hazırladığı 7.62 mm qəlpəli antidron sursatı isə əsgələrin mövcud avtomatlardan istifadə etməklə əlavə platformaya ehtiyac olmadan yaxın məsafədəki dron təhdidlərinə qarşı effektiv mübarizə aparmasına imkan verir.

TOLGA-ya inteqrasiya ediləcək lazer silah sistemi və ENFAL-17 raketi ilə sistemin çoxqatlı müdafiə qabiliyyəti daha da inkişaf etdiriləcək.

MKE TOLGA mobil və sabit şəkildə istifadə oluna bilən komanda-idarəetmə bloku vasitəsilə sistemdəki bütün elementləri vahid mərkəzdən idarə edir. Sistem uzaqdan idarəoluna bilir və mexaniki, yarı avtonom və tam avtonom iş rejimləri ilə müxtəlif əməliyyat ehtiyaclarına sürətli uyğunlaşma təmin edir.

Back to top button