Ötən il Azərbaycan Sərhəd Mühafizəsi üçün uğurlu olub

Azərbaycan Dövlət Sərhəd Xidmətinə (DSX) 2011-ci ildə dövlət büdcəsindən tikinti-quraşdırma və əsaslı təmir işlərinə 80,6 mln.manat vəsait ayrılıb. “AzeriDefence”nin məlumatına görə, bu barədə Azərbaycan Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyətinə dair parlamentə təqdim etdiyi Hesabatında qeyd edilib.

Ötən il DSX üçün dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi sahəsində dinamik inkişafın davamı, sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı quruculuq işlərinin, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, hərbi hissə və bölmələrin döyüşə hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, beynəlxalq sərhəd əməkdaşlığının dərinləşdirilməsi ilə əlamətdar olub.

Azərbaycan-Gürcüstan dövlət sərhədində “Şıxlı” və Azərbaycan-İran sərhədində “Astara” sərhəd buraxılış məntəqələri, Bakı şəhərində inşa olunmuş 264 mənzilli xidməti yaşayış binası açılıb. DSX-nın ştat-struktrunun təkmilləşdirilməsi və peşəkar heyətin say tərkibinin artırılması xidməti-döyüş fəaliyyəti üçün xüsusi əhəmiyyət daşıyıb.

Ötən il DSX Akademiyasının tərkibində dəniz və aviasiya kafedraları fəaliyyətə başlayıb. İlk dəfə həmin ixtisaslar üzrə qəbul həyata keçirilib. Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən “Oğlanlar üçün açıq tipli xüsusi məktəb” Heydər Əliyev Fondu tərəfindən tam təmin edilərək zəruri tədris avadanlığı ilə komplektləşdirilib. Oraya DSX tərkibində xüsusi məktəb statusu verilib.

KATEQORIYA: