Pakistanda PIMEC-2023 sərgisi başa çatıb

Pakistanda PIMEC-2023 sərgisi başa çatıb

Pakistanın Karaçi şəhərində keçirilən 1-ci PIMEC Beynəlxalq Dəniz Sərgisi və Konfransı başa çatıb.

“Poliqon” xəbər verir ki, sərginin bağlanış mərasimində çıxış edən Pakistanın dəniz işləri naziri Faisal Ali Subzwari PIMEC-in həm ölkə, həm də region üçün əhəmiyyətini bir daha qeyd edib.

PIMEC-2023-də bir sıra müqavilələrin imzalandığını vurğulayan F.A.Subzwari bildirib ki, bu sərginin davamlı olaraq keçirilmsi Pakistanın dəniz sahəsindəki rolunun artmasına və mavi iqtisadiyyatın (dəniz ticarəti) inkişafına təkan verəcək.

Fevralın 10-dan 12-nə kimi davam edən PIMEC-2023 sərgisində ümumilikdə 133 yerli və xarici şirkət, həmçinin, 17 ölkədən 37 rəsmi nümayəndə heyəti iştirak edib. Bu üç gün ərzində şirkətlər özlərinin dəniz sənayesi sektorundakı hərbi və mülki sistemlərini nümayiş edirib, sərgilənən həllər haqqında ziyarətçilərə ətraflı məlumatlar verib.

Yerli şirkətlərin üstünlük təşkil etdiyi sərgidə Pakistanın “Karachi” Gəmiqayırma Zavodu onların arasında xüsusilə seçilib. Pakistan Hərbi Dəniz Qüvvləri üçün Türkiyə şirkətləri ilə birlikdə bir sıra vacib layihələri yerinə yetirən “Karachi” Gəmiqayırma Zavodunun rəhbərliyi Küveyt, Liviya, İspaniya, İtaliya, Malayziya və digər ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirib.

Qeyd edək ki, PIMEC-2023 sərgisi Pakistan Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü və təşkilatçılığı, Pakistan Dəniz İşləri Nazirliyinin dəstəyi ilə Karaçi Ekspo Mərkəzində keçirilib. Tədbirin təşkilati işləri “Badar Expo Solutions” (BXSS) şirkəti tərəfindən yerinə yetirilib.

Azərbaycandan POLİQON hərbi-texnoloji jurnalı PIMEC Beynəlxalq Dəniz Sərgisi və Konfransın rəsmi media tərəfdaşı qismində çıxış edib.

Poliqon.az

CATEGORIES
TAGS