Polşa ilk M1A1 “Abrams” tanklarını apreldə təhvil alacaq
Polşa ilk M1A1 “Abrams” tanklarını artıq cari ilin aprel ayında təhvil alacaq.
“Poliqon” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak özünün “Twitter” hesabında paylaşım edib.
O bildirib ki, hazırda texnikalar göndərilməyə hazırlanır: “Biz Polşa Ordusunun zirehli yumruğunu gücləndiririk, təcavüzkarın qarşısını real və effektiv şəkildə almaq üçün Polşa Silahlı Qüvvələrini gücləndiririk”.
Xatırladaq ki, ötən ilin dekabrında ABŞ Polşaya 116 ədəd M1A1 Abrams tankı, dəstək maşınları və döyüş sursatlarının satışını təsdiqləyib (həmçinin bax: Polşa ABŞ-dan 116 ədəd M1A1 “Abrams” tankı alır). Çatdırılmanın isə cari il ərzində həyata keçirilməsi nəzərdə tutulmuşdu.
Müqavilənin dəyəri 3,75 milyard ABŞ dollarıdır, lakin onun qiyməti hələ də azaldıla bilər. Müqavilə 116 ədəd M1A1 “Abrams” tankının, 12 ədəd M88A2 təmir-təxliyyə maşınının, 8 ədəd M1110 desant-hücum körpüsünün, 6 ədəd M577A3 komanda maşınının, 26 ədəd M1152A1 HMMWV avtomobilinin və 26 ədəd M1279A1 JLTV avtomobilinin çatdırılmasını nəzərdə tutur.
Texnikalardan əlavə, 116 ədəd 12,7×99 mm-lik M2 pulemyot, 232 ədəd 7,62×51 mm-lik M240 pulemyotu və 6 ədəd ehtiyat AGT1500 qaz-turbin mühərriki tədarük ediləcək.
Qeyd edək ki, Polşa M1A1 “Abrams” tanklarını Ukraynaya verilmiş T-72M/M1/M1P və PT-91 Twardy tanklarını əvəz etmək üçün alır.
Həmçinin 5 aprel 2022-ci ildə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak 250 ədəd M1A2 Abrams SEP V3 tankının alınmasına dair müqavilə imzalayıb (həmçinin bax: Polşa 250 ədəd “Abrams” M1A2 SEPv3 tankı alıb).
Dəyəri 6 milyard ABŞ dolları olan müqavilə ilə Polşaya 250 ədəd M1A2SEPv3 “Abrams” tankı, 250 ədəd AN/VLQ-12 CREW Duke radio ilə idarə olunan mina əleyhinə əks-təsir vasitəsi, 26 ədəd M88A2 HERCULES təmir-təxliyyə maşını, 17 ədəd M1110 körpüquranı, 276 ədəd .50 (12,7×99 mm) çaplı M2 pulemyotu və 500 ədəd 7,62 mm-lik M240C pulemyotu və əlavə 15 ədəd AGT1500 qaz-turbin mühərriki tədarük ediləcək.
Onların istehsalı 2024-cü ilin sonunadək planlaşdırılır və Polşaya çatdırılma 2025-ci ilin əvvəlində başlayacaq.
Artıq Tadeuş Kostyuşko (Andrzej Tadeusz Bonawentura Kościuszko) adına 1-ci Varşava Zirehli Tank Briqadasının hərbi qulluqçuları Abrams tanklarında təlim keçirlər.
Trenajorlarda bir sıra məşqlərdən sonra ilk heyətlər müdafiə və hücumda atəş tapşırıqlarını yerinə yetirirlər.
M1 “Abrams”, keçən əsrin 70-ci illərində hazırlanmış və 1980-ci ildən bu yana istehsal olunan ABŞ-ın əsas döyüş tankıdır. Tank ABŞ Dəniz Qüvvələri Korpusunun və ABŞ Ordusunun, habelə Misirin, Səudiyyə Ərəbistanının, Küveytin, İraqın, Avstraliyanın, Tayvanın və Mərakeşin silahlı qüvvələrində silahlanmadadır. Tankların Ukraynaya tədarükü də nəzərdə tutulur. Belə ki, 25 yanvar 2023-cü ildə ABŞ-ın hərbi yardımı çərçivəsində 31 ədəd M1A2 “Abrams” tankının çatdırılması planlaşdırılır.
M1A1 “Abrams” modifikasiyası 1984-cü ildə hazırlanıb və əsas versiyasından 120 mm-lik hamar lüləli topu (əsas versiya 105 mm-lik yivli lüləli topla silahlanıb), gücləndirilmiş zirehi və kondisioner sistemi ilə fərqlənir.
Hazırda “Abrams” tankının ən yeni modifikasiyası ictimaiyyətə ilk dəfə 2014-cü ildə təqdim edilmiş M1A3 modelidir.
Əhəd Əzizov