Polşa Silahlı Qüvvələrinin HHM imkanları artırılır

Polşa Silahlı Qüvvələrinin HHM imkanları artırılır

Polşanın Silahlanma Agentliyi və PGZ-PILICA+ konsorsiumu arasında əlavə BYSTRA radiolokasiya stansiyalarının tədarükü ilə bağlı müqavilə imzalanıb.

“Poliqon” “Polska Grupa Zbrojeniowa” (PGZ) konserninə istinadən xəbər verir ki, 22 ədəd BYSTRA-nın satın alınmasını nəzərdə tutan müqavilənin dəyəri 1.1 milyard PLN (256.1 milyon ABŞ dolları) təşkil edir.

Müqavilənin şərtinə görə, 22 ədəd BYSTRA radiolokasiya stansiyasının Polşa Silahlı Qüvvələrinə təhvil verilməsi 2028-ci ilin oktaybr ayına qədər tamamlanmalıdır.

Qeyd edək ki, PGZ konserninin tərkibindəki PIT-RADWAR şirkəti tərəfindən istehsal olunan BYSTRA radiolokasiya stansiyası çoxfunksiyalı radardır. O, daha çox qısa mənzilli (V‑SHORAD və SHORAD sinifinə aid) zenit-raket komplekslərinin (ZRK) tərkib hissəsi kimi istifadə olunur.

Yenidən yerləşdirilə bilən radar stansiyası (ZDPSR) olan BYSTRA, ZUBR/P nəqliyyat vasitəsinin şassisi üzərində qurulub. Onun vasitəsilə döyüş təyyarələrini, helikopterləri, pilotsuz uçuş aparatlarını (PUA), raketləri, eləcə də digər hava hədəflərini aşkar etmək və izləmək mümkündür.

Poliqon.az

CATEGORIES
TAGS