“Rheinmetall Ukrainian Defense Industry” birgə müəssisəsi fəaliyyətə başlayıb

“Rheinmetall Ukrainian Defense Industry” birgə müəssisəsi fəaliyyətə başlayıb

Almaniyanın “Rheinmetall” şirkəti və Ukrayna Müdafiə Sənayesi ASC-nin (keçmiş “Ukroboronprom” Dövlət Konserni) birgə müəssisəsi olan “Rheinmetall Ukrainian Defense Industry” Kiyevdə fəaliyyət göstərməyə başlayıb.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, birgə müəssisənin 51%-lik hissəsi Almaniya şirkətinə, qalan 49%-lik hissəsi isə Ukrayna Müdafiə Sənayesi ASC-yə məxsusdur.

Xatırladaq ki, cari ilin may ayında “Rheinmetall” ilə Ukrayna Müdafiə Sənayesi ASC arasında strateji əməkdaşlıq sazişi imzalanıb və buna əsasən, Ukrayna ərazisində birgə müssəsisənin yaradılması planlaşdırılıb.

“Rheinmetall Ukrainian Defense Industry” müəssisəsində ilkin mərhələdə Almaniya hökuməti tərəfindən “Ringtausch” avadanlıq mübadiləsi proqramı çərçivəsində Ukraynaya təhvil verilən, eləcə də birbaşa tədarük edilən avtomobillərin texniki xidməti və təmiri yerinə yetiriləcək. Sonrakı mərhələlərdə, texnologiyanın hərtərəfli transferinə əsaslanaraq, “Rheinmetall” məhsullarının Ukraynada birgə istehsalı həyata keçiriləcək.

“Rheinmetall” şikrəti cari ilin iyul ayında yayımladığı xəbərdə “Fuchs”/“Fox” zirehli nəqliyyat vasitəsinin, “Lynx” KF41 piyada döyüş maşınının (PDM) və “Panther” KF51 tankının Ukraynada istehsal olunacağını bildirmişdi.

Qeyd edək ki, tərəflər arasındakı əməkdaşlığın məqsədi Ukraynanın yerli müdafiə sənayesini və milli təhlükəsizliyini gücləndirməkdir.

CATEGORIES
TAGS