Serbiya istehsalı NORA B-52 özüyeriyən artilleriya qurğusuna baxış – ARAŞDIRMA
Layihələndirici – Serbiyanın Hərbi-Texniki İnstitutu (Војнотехнички институт Србије)
İstehsalçı – Yugoimport SDPR müdafiə şirkəti
155 mm-lik NORA B-52 (Novo OРуђе Артиљерје – Yeni artilleriya silahı) Serbiya Ordusunun silahlanmasında olan olan, həmçinin aktiv şəkildə ixrac edilən Serbiya istehsalı özüyeriyən haubitsa və ya özüyeriyən artilleriya qurğusudur (ÖAQ).
“Poliqon”un məlumatına görə, NORA B-52 özüyeriyən haubitsası ilk dəfə Belqradda keçirilən “Partner 2009” silah sərgisində təqdim edilib.
Haubitsa düşmənin şəxsi heyətini, artilleriya batareyalarını, bunkerlərini məhv etmək, həmçinin minalanmış ərazilərdə və sahə maneələrində keçidlərin təmin edilməsi üçün təyin edilib.
Özüyeriyən silah 2006-cı ildə Serbiyanın Hərbi-Texniki İnstitutunun hərbi mühəndisləri və “Yugoimport SDPR” şirkətinin mühəndisləri tərəfindən müasir və yüksək sürətli ÖAQ kimi yaradılıb. O vaxtdan bəri özüyeriyən qurğu bir neçə dəfə modernləşdirilib.
Özüyeriyən qurğu üçün şassi kimi 8×8 təkər formullu FAP-2632 (istehsalçı “Fabrika Automobila Priboj” şirkəti, Serbiya) və KamAZ-63501 (istehsalçı “Kamskiy Avtomobilnıy Zavod, Rusiya) istifadə edilmişdir. Qurğuda quraşdırıkmış silah isə keçmiş SSRİ istehsalı 152 mm-lik D-20 top-haubitsasının modernləşdirilmiş versiyasıdır.
NORA-B ÖAQ-ın müasir versiyaları heyəti və qurğunun əsas komponentlərini və birləşmələrini mərmi və mina qəlpələrindən, eləcə də bütün növ atıcı silahların güllələrindən qorumağa imkan verən müdafiə ilə təchiz edilib. Bu gün bu özüyeriyən silah Asiya ölkələrinə və Afrikaya fəal şəkildə ixrac olunur. Bu yaxınlarda Serbiya Prezidenti Vuçiç sözügedən ÖAQ-ların Azərbaycana da ixrac olunacağı haqqında məlumat verib. Xarici mətbuatın yazmasına görə Azərbaycan Serbiyadan 48 ədəd 155 mm çaplı NORA-B-52 ÖAQ-ı alacaq.
2011-ci ilin oktyabrında Serbiya və Banqladeş arasında “Yugoimport SDPR” tərəfindən bu ölkənin Quru Qoşunları üçün 24 ədəd NORA B-52 özüyeriyən haubitsanın (hərəsində 6 ədəd ÖAQ olan 4 batareya) tədarükünü nəzərdə tutan müqavilə imzalanıb. Banqladeşə tədarük olunan bütün özüyeriyən qurğular ərazidə öz mövqeyini və hədəf təyinatını avtonom şəkildə müəyyən etmək üçün Fransanın “Sagem” şirkətinin istehsalı olan “Sigma-30” sisteminin olması ilə fərqlənir.
“The Military Balance” hesabatına və Yugoimport SDPR məlumatına əsasən Banqladeşlə yanaşı, NORA B-52 ÖAQ-lar Myanma (36 ədəd), Keniya (30 ədəd), Kipr (24 ədəd) Quru Qoşunlarının silahlanmasındadır. Serbiya Ordusu azı 18 ədəd bu tip ən özüyeriyən silahla silahlandırılıb.
Xarici hərbi ekspertlərin fikrincə, XX əsrin 80-ci illərinin ortalarında Yuqoslaviyada müxtəlif artilleriya qurğularının inkişafında ciddi dəyişiklik baş vermiş, həm daşınan, həm də özüyeriyən artilleriya sistemlərinin yeni modellərinin yaradılması prosesi getmişdir. Eyni zamanda, o dövrdə ölkənin artilleriyasının əsasını NORA kod adlı 152 mm-lik M84 top-haubitsa təşkil edirdi.
Yuqoslaviya mühəndisləri sovet istehsalı 152 mm-lik D-20 top-haubitsasının modernləşdirilməsi prosesinə başlayanda onların qarşısına artilleriya sisteminin atəş məsafəsini 17140 metrdən 24000 metrə artırmaq vəzifəsi qoyulmuşdu. Bununla belə, layihə üzrə iş zamanı texniki tapşırığın tələbləri artıqlaması ilə yerinə yetirilmiş və 28500 metr atəş məsafəsi əldə edilmişdir.
Bu zaman, mühəndislər hərbçilərə lülə uzunluğu 39 ilə 46 çap arasında olan NORA silahı üçün bir neçə variant təklif etmişdilər:
– yedəyə alınan NORA-A silahı (lülə uzunluğu 39 çap);
– özüyeriyən NORA-B silahı (lülə uzunluğu 45 çap);
– özüyeriyən NORA-C silahı (lülə uzunluğu 45 çap);
– özüyeriyən NORA-C1 silahı (lülə uzunluğu 45 çap);
– özüyeriyən NORA-C2 silahı (lülə uzunluğu 45 çap);
– özüyeriyən NORA-C3 silahı (lülə uzunluğu 46 çap);
Nəticədə 130 mm çaplı M46 yedəyə alınan toplu ikinci növ proqram həyata keçirilmişdir. Bu zaman topun özü açıq hərəkət edən platformaya yerləşdirilmişdir, baxmayaraq ki, daha sonra top üçün əlavə mühafizə lövhəsi də quraşdırılmışdır.
Əvvəlcə 130 mm çaplı sovet silahlarından istifadə etmək nəzərdə tutulmuş, lakin sonradan, zaman keçdikcə oxşar özüyeriyən qurğular əsasən 45 çap sabit lülə uzunluğu olan 152 və ya 155 mm çaplı silahlarla təchiz olunmağa başlamışdır. Şassi kimi FAP 2832 yolsuzluq avtomobilindən istifadə edilmişdir. Mərmilərin aerodinamik xüsusiyyətləri qaz generatorlarından istifadə etməklə atəş məsafəsini 39 km-ə qədər artırmağa imkan vermişdir.
Müvafiq konstruktor-mühəndislik işləri aparıldıqdan sonra ÖAQ-ların FAP 2832 şassisində NORA B-52, hər ikisi KamAZ-63501 şassisində olmaqla NORA B-52K1\B-52K1B və NORA B-52KE modifikasiyaları yaradılmışdır.
Yuqoslaviyanın süqutundan sonra müxtəlif haubitsaların istehsalı dayandırılmamış, çünki həm yuqoslavyönlü, həm də serbyönlü qüvvələr, eləcə də müstəqillikləri uğrunda mübarizə aparan bosniyalılar, xorvatlar və slovenlər bu cür artilleriya qurğularından istifadə etməkdə maraqlı idilər. 1990-cı illərdə keçmiş Yuqoslaviya ərazisində özüyeriyən silahların (fırlanan tutacaq, ən son təpmə sistemi və s.) təkmilləşdirilməsinə yönəlmiş aktiv inkişaflar aparılmış və əsrin sonunda bu özüyeriyən silahların ilk nümunələri yaradılmışdır. Əsrin sonunda isə təkərli platforma üzərində özüyeriyən qurğuların ixracına başlanmışdır.
İndi Serbiya istehsalı özüyeriyən haubitsaların ən müasir versiyaları NORA B-52K-I indeksi ilə tanınır.
Bu olduqca orijinal özüyeriyən silahın ilk nümunəsi 2003-cü ildə yığılmış, 8×8 təkər formullu yerli istehsal FAP 2882 yolsuzluq avtomobilinin şassisinə quraşdırılmış 155 mm-lik topla təchiz edilmişdir. Özüyeriyən silahların növbəti istehsal versiyası bir sıra təkmilləşdirmələrə malik idi və eyni 8×8 təkər formuluna sahib Rusiya istehsalı KamAZ-63501 şassisinə əsaslanırdı. Eyni zamanda, yolsuzluq şassisi ənənəvi yaylı yarı elliptik asqı ilə təchiz edilmişdir. Gücləndiricili sükan ötürücüsünün quraşdırılması, həmçinin özüyeriyən artilleriya qurğusunun sürücüsünə ərazinin növündən asılı olaraq avtomobilin təkərlərindəki təzyiqi müstəqil tənzimləməyə imkan verən mərkəzləşdirilmiş təkər doldurma sistemi təmin edilmişdir. Bundan başqa, şassi idarəetmə kabinəsinin arxasına qaynaqlanan polad çərçivə ilə gücləndirilib. Silah sistemi və əlaqəli avadanlıq polad çərçivəyə quraşdırılıb.
Serb konstruktorların 155 mm-lik NATO standartına müraciət etdiyini görmək olduqca asandır. 155 mm-lik top-haubitsa şassinin arxa tərəfində yerləşən fırlanan platformaya quraşdırılıb və qurğunun yığılmış vəziyyətdə onun hərəkət istiqamətində sabitlənir. Tuşlayıcı müvafiq düyməni basaraq silah lüləsini buraxa bilir, bundan sonra əl manipulyatoru ilə silah yuxarı qaldırılır.
Haubitsanın lüləsi lüləağzı əyləc ilə təchiz edilib. Əvvəllər istilik örtüyü və ya qazları çıxarma qurğusu (ejektor) yox idi.
Üfüqi müstəvidə döndərmə və ya qalxmz bucağının dəyişdirilməsi hidravlik sistem tərəfindən həyata keçirilir. Silahın azimut müstəvisində sola və sağa dönmə bucağı 30 dərəcə və qalxma bucağının diapazonu isə -5…65 dərəcədir. Döyüş vəziyyətinə açılmış ÖAQ çox halda geri çevrilir və dörd elektrohidravlik teleskopik stabilizatorun köməyi ilə sabitləşir.
Fövqəladə hallarda silah maşının hərəkət istiqamətində atəş açmağa qadirdir. İstelsalçı müəssisə olan Yugoimport SDPR şirkətinin məlumatıns görə, artilleriya sistemini döyüş vəziyyətinə gətirmək heyətdən təxminən 60 saniyə vaxt tələb edir və mövqeyi dəyişmək üçün yürüş vəziyyətinə keçmək də tam eyni vaxta başa gəlir.
Artilleriya qurğusunun maksimal atəş tezliyi versiyadan asılı olaraq dəqiqədə 6-12 atışdır. Bu vəziyyətdə ilk üç atış ilk 20 saniyədə aparılır. Avtomatik doldurucunun istifadəsi sayəsində yüksək atəş tezliyi əldə edilir. Qurğunun daşına bilən döyüş dəsti müxtəlif tipli 36 atəş yığımından ibarətdir.
NORA B-52 ÖAQ-ın tərkibinə artilleriya atəşini idarəetmə və komanda sistemi (Artillery Fire Command and Control System – AFCCS) daxildir. Bu sistem sayəsində ön müşahidə zabitləri və müxtəlif hədəf əldəetmə sistemləri ilə davamlı əlaqə təmin edilir.
Bu ÖAQ-ın təchiz olunduğu əlavə sistemlər arasında lazer məsafəölçən və elektron bucaqölçən, həmçinin GPS cihazları və batareyanın komanda məntəqəsinə məlumat ötürə bilən rabitə sistemi var. Bu, öz növbəsində hədəf haqqında məlumatları özüyeriyən qurğunun komandir kabinasında quraşdırılmış displey bloklarına ötürməyə imkan verir. Bundan başqa komandirin kabinasında yüksək tezlikli (Very High Frequency – VHF) radiostansiya və məlumatların ötürülməsi üçün İnternet modemli quraşdırılmış GPS qəbuledicisi də var.
155 mm-lik NORA B-52 təkərli ÖAQ-ın yüksək səmərəliliyi praktikada tətbiq olunan aşağıdakı xüsusiyyətlərə görə əldə edilmişdir:
— özüyeriyən qurğunun əsas silahı 52 çap uzunluqlu lüləli 155 mm-lik haubitsadır, bu silahın həcmi 25 litr olan yanma kamorası və ikiqat lüləağzı əyləci var. Yanma kamorası özünüdoldurma prinsipi ilə yaradılıb, o, fırlanan kapsul daşıyıcı ilə birləşdirilir. Qərbi Avropa ölkələrinin hərbi tələblərinə uyğun olaraq bu silahda modul atımlardan istifadə etmək mümkündür.
— özüyeriyən qurğunun maksimal atəş məsafəsi 41 km-dir ki, bu da aktiv-reaktiv (Extended Range Full Bore – Base Bleed – ERFB BB) döyüş sursatlarının istifadəsi ilə əldə edilir.
— özüyeriyən qurğunun avtomagistralda maksimal hərəkət sürəti relyefin vəziyyətindən asılı olaraq saatda 80-100 km, yolsuzluq şəraitində isə maksimal sürəti saatda 15-40 km-dir. Eyni zamanda, özüyeriyən qurğu kiçik maneələri və su maneələrini dəf etməyə qadirdir.
— 80 km/saat sürətlə hərəkət zamanı özüyeriyən qurğunun gediş ehtiyatı 800 km-dir.
— yüksək taktiki hərəkətliliyin əldə edilmiş göstəriciləri tez bir zamanda atəş mövqelərini tutmağa və dəyişməyə imkan verir.
— qurğunun çəkisi — 28,4 tona qədərdir ki, bu da onu dəmir yolu və dəniz yolu ilə, həmçinin İl-76 hərbi nəqliyyat təyyarələrindən istifadə etməklə daşımağa imkan verir.
— təpmə qüvvəsini azaltmaq üçün özüyeriyən qurğuda olan hidravlik sistemə quraşdırılmış amortizatorları olan dördbucaqlı hidravlik bərkidicilər daxildir və qurğunun bortunda yerləşən idarəetmə panelindən idarə oluna bilər. Yürüşdən döyüş vəziyyətinə keçid 60 saniyədən az müddətdə baş verir.
— tətbiq edilmiş avtomatik doldurma sistemi atəş tezliyini artırmağa imkan verir, özüyeriyən qurğunun heyət üzvlərinə fiziki yükü azaldır. Atəş tezliyi dəqiqədə ən azı 6-12 mərmi, qurğunun döyüş dəsti 36 atəş yığımından ibarətdir.
— atəşi idarəetmə sistemi müasir informasiya texnologiyaları və onun üçün xüsusi yaradılmış proqram təminatı əsasında hazırlanmışdır. Bu sistemin istifadəsi digər bölmələrlə daim əlaqə saxlamağa, mövcud məlumatları mübadilə etməyə və təyin edilmiş döyüş tapşırıqlarını yerinə yetirmək üçün vaxtı minimuma endirməyə imkan verir.
— lülənin qalxma bucağı -5…+65 dərəcə arasındadır, maksimal qalxma sürəti saniyədə 20 mm, üfüqi dönmə bucağı isə dönmə sürəti saniyədə 60 dərəcə olmaqla saniyədə 100 mm-dir. Haubitsanın müxtəlif müstəvilərdə hərəkəti elektrohidravlik sistemin istifadəsi ilə təmin edilir.
— özüyeriyən qurğunun heyəti 3-5 nəfərdən ibarətdir.
ÖAQ-ın yüksək taktiki-texniki xüsusiyyətləri nisbətən aşağı istehsal xərcləri ilə kiçik miqdarda istifadə etməyə artilleriyanın atəş gücünü əhəmiyyətli dərəcədə artırmağa imkan verir. Mütəxəssislər bu özüyeriyən artilleriya qurğusunun bir neçə əsas üstünlüklərini vurğulayırlar:
— yüksək səviyyəli hərəkətlilik və müstəqil olaraq döyüş meydanının bir tərəfindən digər tərəfinə keçmək bacarığı;
— aşkar edilmiş hədəflər, texnika və silahların vəziyyəti haqqında fasiləsiz əlaqə və məlumat mübadiləsi, habelə dost və müttəfiq bölmələrdən yeni məlumatların alınması imkanı;
— mərminin yüksək başlanğıc sürəti;
— yüksək atəş tezliyi və atəş sıxlığı;
— haubitsin sürətlə yenidən doldurulması.
Bu yaxınlarda NORA B-52 özüyeriyən artilleriya qurğusu növbəti dəfə modernləşdirilib. İlk versiyalarda serb mühəndisləri yüksək mobil və yüksək keçidlikli 8×8 şassisindən, lakin lazımi zireh qorunması olmadan, istifadə etmişdilər. Bu indi “səhv” aradan qaldırılıb. Özüyeriyən qurğunun heyəti, arxasında silahları olan qorunan qüllə quraşdırılmış mühafizə olunan bir kabinada yerləşir. Artilleriya sistemi, bir qayda olaraq, silahın geri çevrilməsi və stabilizator dayaqlarının torpağa endirilməsi ilə atəş açır.
Zirehlərin quraşdırılması sayəsində NORA B-52 özüyeriyən qurğusu digər təkərli özüyeriyən silahlarla bərabər dayanmağı bacarmışdır. Söhbət bu özüyeriyən qurğunun müasir rəqiblərindən – Cənubi Afrikanın G6 “Rhino” və ya Çexiyanın “Dana” ÖAQ-larından gedir. Çox güman ki, özüyeriyən qurğunun potensial müştəriləri yaradıcıların diqqətini zirehlənmədəki qüsura yönəltmiş və bundan sonra vəziyyət düzəldilmişdir. NORA B-52K-I versiyası artıq tam zireh sahibdir. Bundan başqa, yaradıcılar atəş tezliyini və atış dəqiqliyini artırmağı bacarmışlar.
“Yugoimport SDPR” şirkətinin nümayəndələrinin sözlərinə görə, şirkət Yaxın Şərq bazarlarında öz payını məhz NORA B-52K-I özüyeriyən qurğuları hesabına artırmağa hazırlaşır.
NORA B-52 ÖAQ-ın yeni nəsli, nəqliyyat platformasının bütün əsas komponentlərinin tam hüquqlu zirehli görünüşünə görə sələflərindən nəzərəçarpacaq dərəcədə fərqlənir, buna görə də ÖAQ-ın görünüşü də dəyişmişdir. Tam zireh mühafizəsinin istifadəsi, yaxınlıqda partlayan raket və mərmilərin qəlpələrinə məruz qaldıqda silahın və heyətin sağ qalma qabiliyyətini artırır. Bundan başqa, ÖAQ-ın zirehləri istənilən atıcı silahının təsirindən qorunma təmin edir ki, bu da mümkün pusqulardan müdafiəni artırmağa imkan verir. Həmçinin mühəndislər ÖAQ-ın həyati vacib hissələrinin piyada əleyhinə və tank əleyhinə minaların, eləcə də əldəqayırma partlayıcı qurğuların təsirinə müəyyən müqavimət səviyyəsini təmin edə biliblər. Zirehlərin quraşdırılması özüyeriyən qurğunun kütləsini 34 tona qədər artırıb.
Həmçinin, bir opsiya (seçim) olaraq, qurğuya artilleriya sisteminin bütün alt sistemlərini – avtomatik sursat doldurma mexanizmini, şaquli və üfüqi müstəvilərdə tuşlama sistemini, tətik mexanizmini və s. enerji ilə təmin etmək üçün nəzərdə tutulmuş köməkçi enerji bloku quraşdırıla bilər. Köməkçi güc qurğusunun istifadəsi sistemin avtonomluğunu artıra bilər.
Qeyd etmək lazımdır ki, demək olar ki, NORA B-52K1 ÖAQ daxil olmaqla bütün müasir təkərli özüyeriyən artilleriya qurğularının məcburi atributu müdafiə pulemyotlarının olmasıdır. ÖAQ-da 7,62 mm və 12,7 mm çaplı pulemyotların quraşdırılması mümkündür. Təbii ki, təkərli ÖAQ-da olan, yalnız müstəsna hallarda birbaşa atəş üçün istifadə oluna bilən iri çaplı pulemyotun real döyüş dəyəri çox nisbidir. Bununla belə, pulemyot silahlarının olması təxribat dəstələri ilə mübarizə aparmaq imkanı verir. Yenə də NORA B-52K1 batareyasının altı ədəd 12,7 mm-lik pulemyotu çağırılmamış qonaqları mövqelərdən uzaqlaşdıra bilən təsirli atəş gücünü təmsil edir.
Əsas taktiki-texniki xüsusiyyətləri:
Ümumi:
– çapı, mm 155
– lülə uzunluğu, çap – 52
– döyüş vəziyyətində kütləsi, t – 28,4 (34)
Qabarit ölçüləri, mm:
– lülə irəli olmaqla uzunluğu – 11000
– eni – 2950
– hündürlük – 3450
Zirehlənməsi, mm/dərəcə:
– gövdənin alnı – STANAG 4569 Level 2
– gövdənin bortu – STANAG 4569 Level 1
– gövdənin arxası – STANAG 4569 Level 2
– gövdənin dibi – STANAG 4569 Level 2A və 2B (minadan qorunma)
– qüllənin alnı – STANAG 4569 Level 2
– qüllənin bortu – STANAG 4569 Level 1
– qüllənin arxası – STANAG 4569 Level 2
Əsas silahı:
– silahın çapı və markası – 155 mm Nora-B
– silahın növü – haubitsa
– silahın döyüş dəsti, atəş yığımı – 12+24
Köməkçi silahları:
– pulemyotlar – 1 x 7,62 mm və/və ya 1 x 12,7 mm
Digər silahlar – qoşalaşdırılmış 20 mm M55 topu (müştəri istəyi ilə)
Tuşlama bucaqları, dərəcə:
– şaquli tuşlama bucaqları – -5°-dən +65°-ə qədər
– üfüqi tuşlama bucaqları – 60°
Atış məsafəsi, km – 41 (ERFB BB ilə)
Hərəkətlilik
– mühərrik növü – turbodizel
– mühərrik gücü, at gücü – 410
– magistral yolda hərəkət sürəti, km/saat – 80-100
– yolsuzlu şəraitində hərəkət sürəti, km/saat – 15-40
– magistral yolda gediş ehtiyatı, km – 800 (80 km/saat)
– şassinin təkər formulu – 8×8
Əhəd Vahidoğlu