Türkmənistanın ilk gəmisi “Arkadaq” adını aldı

Türkmənistanın Sərhəd Xidmətinin gəmiqayırma və gəmi təmiri müəssisəsində tikilən ilk sərhəd-gözətçi gəmisinə “Arkadaq” (“Himayəçi”) adı verilib. “AzeriDefence”nin “Regnum” agentliyinə istinadən verdiyi məlumata görə, hazırda həmin gəminin inşası davam etdirilir. Gəminin texniki xarakteristikaları məlum deyil. “Arkadaq” Türkmənistanın silahlanmaya daxil etdiyi birinci yerli istehsal gəmisi olacaq.

“Arkadaq” Türkmənistanın prezidenti Qurbanqulı Berdiməhəmmədovun rəsmi tituludur. Ötən gün Türkmənistan sərhəd qoşunlarının komandanı Mırat Islamov prezidentə yeni gəminin maketini təqdim edib.

Qeyd edək ki, 2011-ci ilin oktyabrında Türkmənistanın Hərbi-Dəniz Qüvvələrləri Rusiyadan alınmış iki ədəd “Molniya” sinfli raket katerini silahlanmaya daxil edib. Gəmilər Türkmənistanın Xəzər dənizindəki əsas hərbi dəniz bazasında yerləşdirilib.

“AzeriDefence”nin məlumatına görə, Türkmənistanın Türkiyənin “Dearsan” şirkəti ilə birgə istehsal etdiyi “Tuzla” sinifli hərbi gəmi həmin şirkətin Türkiyə Dəniz Qüvvələrinə tikdiyi gəmilərin bənzəri, əslində eynidir (400 ton sututumuna malik, 34 heyətli ). Gəmilər HAVELSAN döyüş idarəetmə sistemləri, Yaltes/Imtech Built Integrated Platform Management Systems (IPMS), operator konsolları, taktiki ekran bölmələri və EO/Sonar Konsol otağı (EO/Sonar Console Suits), ASELSAN şirkətinin istehsalı olan “AselFLİR-200D” müşahidə qurğusu ilə təchiz ediləcək. Gəmilərin silahlanmasına ASELSAN/ROKETSAN birgə istehsalı olan ASW raket buraxılış qurğusu, İtaliyanın “Oto Melara” şirkətinin istehsalı olan 1 ədəd iki lüləli 40 mm çaplı top, ASELSAN şirkətinin istehsalı olan 2 ədəd 25 mm-lik STOP sistemi daxildir. Bundan başqa, gəmilər sualtı bombalarla və sualtı qayıqlara qarşı raket buraxılış qurğusu ilə təchiz olunacaq.

Türkmənistan və Türkiyənin “Tuzla” sinfli gəmilərində yeganə fərq sonar sistemlərinin fərqliliyidir. Türkmənistan gəmiləri “Thales VARIANT 2D” hava/yer müşahidə radarına malik olacaq. “Thales VARIANT 2D” radarı X və C tezliyində fəaliyyət göstərən 70 km məsafədə hədəfləri müəyyənləşdirə bilir.

KATEQORIYA: