Ukraynada “Şturm-SM” özüyeriyən TƏİR kompleksi dövlət sınaqlarından keçirilib

Ukraynada “Şturm-SM” özüyeriyən TƏİR kompleksi dövlət sınaqlarından keçirilib

Ukraynada təkmilləşdirilmiş “Sturm-SM” özüyeriyən tank əleyhinə idarə olunan raket kompleksi (TƏİRK) dövlət sınaqlarından keçirilib.

Bu barədə “Poliqon” “Ekonomiçna pravda” nəşrinə istinadən xəbər verib.

Son dövrlərin müşahidələri onu deməyə əsas verir ki, Ukrayna Müdafiə Nazirliyi mövcud hərbi-siyasi vəziyyəti nəzərə alaraq yeni növ silah və hərbi texnikanın silahlanmaya qəbulu və istismara daxil edilməsi istiqamətində işləri sürətlə davam etdirir.

2024-cü ilin ilk həftəsi ərzində demək olar ki, on beşə yaxın silah və texnika nümunəsi kodlaşdırılıb. Onların arasında robotlaşdırılmış sistemlər, PUA-lar, radioelektron mübarizə vasitələri, mühəndis texnikaları, zirehli döyüş maşınlarının təkmilləşdirilmiş versiyası, tank əleyhinə idarə olunan raket kompleksləri və onlar üçün döyüş sursatları var.

Zirehli döyüş maşınlarından birinin bazasında yerləşən “Şturm-SM” özüyeriyən TƏİR kompleksinin dövlət sınaqları və kodlaşdırılması da artıq başa çatıb. Bu özüyeriyən TƏİR kompleksi üçün müxtəlif növ döyüş başlıqlarına malik Ukrayna istehsalı olan idarə olunan raketlər də hazırlanıb.

Qeyd edək ki, kodlaşdırma silah istehsalçısına nümunələrin qoşunlara tədarükü barədə müqavilələr bağlamaq hüququ verir.

Xatırladaq ki, “Şturm-SM” Sovet istehsalı 9K114 “Sturm-S” kompleksinin yenilənmiş versiyasıdır. Ukrayna Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına əsasən, yenilənmiş TƏİR kompleksinin prototipi ilkin sınaqlardan 2021-ci ildə uğurla keçib.

Bu arada qeyd etmək yerinə düşər ki, orijinal 9K114 “Şturm-S” özüyeriyən TƏİR kompleksi keçən əsrin 70-ci illərinin ortalarında “Kolomensk Maşınqayırma Konstruktor Bürosu”nda (Rusiya) hazırlanıb.

Təkmilləşdirilmiş “Şturm-SM” kompleksi Kiyev şəhərində yerləşən “Luch” Konstruktor Bürosunun hazırladığı və 7 km mənzilli idarə olunan RK-2P “Baryer-P” raketi ilə silahlandırılıb. Prototipdə nişangah olaraq, “İzyum Cihazqayırma Zavodu” Dövlət Müəssisəsi tərəfindən hazırlanmış və 2018-ci ilin dekabrında ilk dəfə nümayiş etdirilmiş yerli OPSN-I tuşlama optik nişangah stansiyasından istifadə edilib.

OPSN-I uzaqdan vizual telemüşahidə, operator tərəfindən hədəfin seçilməsi və izlənilməsi, hədəfə qədər məsafənin müəyyən edilməsi, proqramlaşdırılmış məsafədə tank əleyhinə raket idarəetməsinin lazer informasiya sahəsinin formalaşdırılması üçün təyin edilib. Standart konfiqurasiyada nişangah stansiyası termal görüntüləmə kanalı ilə təchiz edilib və hədəf aşkaretmə diapazonu 14,5 km-dir. O, həmçinin üç rəqəmsal çoxfunksiyalı rəngli kamera ilə təchiz edilib və hədəfləri 12,5 km-ə qədər məsafədə müəyyən edir. OPSN-I həmçinin lazer məsafəölçənlə də təchiz edilib.

Mənbənin məlumatına görə, “Şturm-SM” kompleksinin dövlət sınaqlarının əvvəlcə 2022-ci ildə başa çatacağı gözlənilirdi, lakin bu müddətlərə Rusiyanın tam miqyaslı işğalı təsir etmişdir. Bundan başqa, yəqin ki, kompleksin sınaq müddətinə şassinin dəyişdirilməsi də təsir edib. Belə ki, sifarişçi və icraçının qarşılıqlı razılığı ilə MT-LB yüngül zirehli çoxməqsədli dartıcının əvəzinə başqa bir zirehli döyüş maşını istifadə etmək qərarına gəlinib. Eləcə də “Şturm-SM” üçün optik nişangah stansiyasının yaradıcısı olan “İzyum Cihazqayırma Zavodu” Dövlət Müəssisəsinin Rusiya işğalı nəticəsində istehsal imkanlarının itirilməsi yeni təchizatçılar axtarmaq və ya istehsalı digər obyektlərdə qurmaq ehtiyacı yaratmışdır.

Məlumat üçün qeyd edim ki, 9K114 “Şturm-S” TƏİR kompleksi Rusiyada da təkmilləşdirilib və 2012-ci ildə 9K132 “Şturm-SM” adı ilə silahlanmaya qəbul edilib. 9K132 “Şturm-SM” kompleksinin 9M120 “Ataka” tank əleyhinə idarə olunan raketlə atış məsafəsi 8 km təşkil edir. Kompleksin köhnə optik-elektorn sistemi yeni, gecə və mürəkkəb hava şəraitində atəş aparmanı təmin edən optik-elektron sistemlə əvəz edilib.

Qeyd: fotolarda “Şturm-SM” TƏİR kompleksinin MT-LB bazasındakı prototipi verilib.

Əhəd Vahidoğlu

CATEGORIES