Vyetnam “Club-S” gəmi əleyhinə raket kompleksindən ilk atış sınağı keçirib

Vyetnam Hərbi Dəniz Qüvvələri silahlanmaya yeni qəbul edilən dizel-elektrikli sualtı gəmilərinə inteqrasiya olunan “Club-S” (“Kalibr-PL” kompleksinin ixracat variantı) kompleksindən 3M54E indeksli gəmi əleyhinə raketin ilk atış sınağını keçirib.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Vyetnamın VTV1 dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, Vyetnam donanması 2014-2017 illərdə Rusiyanın “Rosoboroneksport” şirkətindən 06361 layihəli 6 ədəd böyük dizel-elektrikli sualtı gəmilər alıb.
Gəmilərin alğı-satqısı, 2009-cu il dekabrın 15-də Sankt-Peterburqda Rusiya ilə Vyetnam arasında imzalanan müqavilə çərçivəsində həyata keçirilib. Sualtı gəmilərin ümumi dəyəri 4 milyard ABŞ dolları təşkil edib.
Məlumatda o da qeyd olunub ki, yeni sualtı gəmilər 3M54E gəmi əleyhinə raketlər ilə yanaşı yerüstü hədəflərə qarşı 3M14E qanadlı raketlərlə təchiz olunub.




