“Boeing” F/A-18 “Super Hornet” qırıcılarının istehsalını dayandıracaq
ABŞ-ın “Boeing” şirkəti F/A-18 “Super Hornet” döyüş təyyarəsinin istehsalını dayandıracaq.
“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, şirkət 2025-ci ildə ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə sonuncu F/A-18-i təhvil verdikdən sonra artıq yeni “Super Hornet” qırıcıları istehsal etməyəcək.
Şirkətdən bildirilib ki, həmin müddətə kimi əgər F/A-18 hansısa xarici müştəri tərəfindən seçilərsə və buna dair rəsmi sifariş alınarsa, onun istehsalı 2027-ci ilin sonuna qədər uzadıla bilər.
Bütün bunlarla bərabər “Boeing”, ilkin olaraq 2030-cu ilin ortalarına qədər istifadəçi ölkələrin aviasiya parkında yer alması proqnozlaşdırılan F/A-18 “Super Hornet”lərə təmir, texniki xidmət və logistika dəstəyi göstərməyə davam edəcək.
Həmçinin, “Boeing” F/A-18 istehsal müəssisəsinin fəaliyyətini dayandırmaqla ora üçün ayrılan gəliri başqa layihələrinin və Ar-Ge işlərinin həyata keçirilməsinə, habelə digər müəssisələrindəki imkanların artırılmasına yönəldəcək.
Qeyd edək ki, “Boeing” şirkəti bu döyüş təyyarələrini qlobal bazara 1983-cü ildən çıxarıb. Bu günə kimi dünyanın müxtəlif regionlarında yerləşən müştərilərinə fərqli versiyalarda (“Hornet”, “Super Hornet”, “EA-18G Growler” və.s) 2000-dən çox F/A-18 qırıcısı təhvil verib. Onların sırasına ABŞ, Avstraliya, Kanada, Finlandiya, Küveyt, Malayziya, İspaniya və başqa ölkələr daxildir.