Efiopiya Çindən 155 mm-lik SH15 özüyeriyən haubitsalar alıb

Efiopiya Çindən 155 mm-lik SH15 özüyeriyən haubitsalar alıb

Efiopiya Milli Müdafiə Qüvvələri Çinin NORINCO holdinqinin istehsalı olan 155 mm-lik SH15 özüyeriyən artilleriya qurğuları (ÖAQ) ilə silahlanıb.

“Poliqon” Efiopiyanın yerli mətbuat orqanlarına istinadən xəbər verir ki, Çin istehsalı olan və əvvəllər Efiopiyada görünməyən 32 ədəd ÖAQ Baş nazir Abiy Əhməd Əlinin səfəri zamanı keçirilən hərbi paradda nümayiş etdirilib.

Bu haubitsaları ötən il xarici müştərilərə müxtəlif 155 mm-lik lüləli artilleriya qurğularının nümunələrini təqdim edən Çinin NORINCO holdinqi ixrac edir.

155 mm-lik SH 15 artilleriya qurğusu təkərli platformada hazırlanıb. Lülə uzunluğu 52 çap olan özüyeriyən qurğunun çəkisi 26500 kiloqramdır.

SH15 dördqapılı zirehli kabina ilə təchiz edilmiş 6×6 təkər formuluna malik, 400 at gücünə sahib dizel mühərriki ilə təchiz edilmiş “Shaanxi” avtomobilinin şassisində yerləşdirilib.

Qeyd olunduğu kimi, özüyeriyən qurğunun əsas silahı lülə uzunluğu 52 çap olan 155 mm-lik haubitsadır. Silah xüsusi platformada şassinin arxa hissəsində yerləşir. Özünümüdafiə üçün nəzərdə tutulmuş iri çaplı 12,7 mm-lik pulemyot isə kabinanın damındakı lyukun üstündə quraşdırıla bilər.

Bildirilir ki, haubitsanın şaquli müstəvidə tuşlanma diapazonu 0 ilə +67,5 dərəcə arasındadır. Üfüqi müstəvidı haubitsa avtomobil oxunun soluna və sağına 25 dərəcədə tuşlanır.

Özüyeriyən artilleriya qurğusunun orta hissəsində 60 atəş yığımından ibarət daşınan döyüş dəsti yerləşir. Haubitsa itələyici ilə təchiz olunub ki, bu da qurğunun maksimal atəş tezliyini dəqiqədə 4-6 atışa çatdırır.

Atış məsafəsi birbaşa istifadə olunan mərmi və tullayıcı atımdan asılıdır. Bu zaman, silah lüləsinin uzunluğuna görə mülahizə yürütsək, SH15 ÖAQ-ın atəş məsafəsinin əksər oxşar artilleriya sistemlərindən fərqlənməsi ehtimalının az və adi qəlpəli-fuqas döyüş sursatlarından istifadə etdikdə 30 min metr səviyyəsində olması qənaətinə gəlmək olar.

Eyni zamanda, istehsalçının verdiyi məlumata görə, dib qaz-generatoru olan aktiv-raket mərmilərindən istifadə etməklə qurğunun maksimal atəş məsafəsi 50 min metri ötür (bəzi mənbələrə görə 53 min metr).

Haubitsadan atəş aparmaq üçün Norinco holdinqi tərəfindən də istehsal olunan 155 mm-lik döyüş sursatlarının bütün çeşidindən istifadə edilir. O cümlədən, lazer və peyk tuşlama sistemi ilə idarə olunan döyüş sursatları olmaqla. Haubitsada ixrac versiyaları 155 mm çapda istehsal olunan “Krasnopol” (Rusiya) idarəolunan mərmilərindən də istifadə etmək mümkündür.

Qeyd etmək lazımdır ki, Norinco holdinqi GP155 idarə olunan mərmilər xəttini hazırlayıb. Lazerlə idarə olunan GP155 və GP155A mərmiləri 20 km və 25 km məsafəyə, peyk idarəetməli GP155B mərmiləri isə 35 km məsafəyə atılır. Norinco həmçinin ERFB ailəsinin idarə olunmayan adi qəlpəli-fuqas mərmilərini də istehsal edir. SH15 ÖAQ-dan atılan ERFB-BB mərmisi maksimal 40 km məsafəyə uçur. Bu ERFB-BB-RA mərmisinin aktiv-reaktiv modifikasiyası isə 53 km məsafəni qət edir.

Bəzi məlumatlara görə, SH15 ÖAQ üçün atəş məsafəsi artırılaraq 72 km-ə çatan iki metr uzunluğunda xüsusi reaktiv mərmi yaradılıb. Qurğunun heyəti 5 nəfərdən ibarətdir.

SH15 ÖAQ-ı Çində 2018-ci ildə ictimaiyyətə təqdim edilməzdən əvvəl ilk dəfə 2017-ci ildə PCL-181 adı ilə görülüb.

SH15 ilk xarici alıcısını 2019-cu ildə Pakistanın simasında tapıb. O zaman Pakistan birinin qiyməti təxminən 2,1 milyon ABŞ dolları dəyərində 236 ədəd SH15 sifariş edib. Bəzi mənbələrin məlumatına görə müqavilənin ümumi dəyəri 512 milyon ABŞ dollarına bərabərdir.

Xatırladaq ki, 155 mm-lik AH4, SH8 (PLZ 155/52) və PLZ45A4 lüləli artilleriya sistemləri ilə birlikdə təkərli 155 mm-lik SH15 (PLZ181) özüyeriyən artilleriya qurğusu ərəb ölkələrinə 2022-ci ildə Çində keçirilən “Zhuhai Airshow 2022” sərgisində nümayiş etdirilib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS