Müdafiə Sənayesi Nazirliyi ləğv edilə bilər
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ləğv edilə bilər. “AzeriDefence”nin məlumatına görə, bununla bağlı Azərbaycan hökumətinin yuxarı dairələrində bəzi fikirlər mövcuddur.
Hökumətdə aparılacaq institutsional islahatların tərkib hissəsi olaraq, müdafiə sənayesinin digər ölkələrdə, xüsusilə də Türkiyə və Gürcüstanda olduğu kimi Müdafiə Nazirliyinin balansına daxil edilməsi gözlənilir. Silahlı Qüvvələr rəhbərliyinin də bununla bağlı analoji mövqeyi mövcuddur.
Məlumata görə, hazırda bununla bağlı məsələ ölkə hökumətinin yuxarı dairələrində müzakirə olunmaqdadır. Nazirliyin ötən dövrdəki fəaliyyəti, eləcə də strukturunun böyük olması ilə bağlı çəkilən xərclərin yüksək olması da bununla bağlı ehtimalları artırır.
Hökumətdə həmçinin MSN-in balansında olan bəzi müəssisələrin fəaliyyətində effektliliyin artırılması üçün onların səhmdar cəmiyyətə çevrilməsi planları da gündəmdədir.