
Pakistanda PIMEC-2023 sərgisinin açılış mərasimi keçirilib
Pakistanın Karaçi şəhərində 1-ci PIMEC Beynəlxalq Dəniz Sərgisi və Konfransının açılış mərasimi keçirilib.
“Poliqon” xəbər verir ki, ilk dəfə keçirilən PIMEC sərgisinin açılış mərasimində çıxış edən Pakistanın dəniz işləri naziri Faisal Ali Subzwari, xarici işlər naziri Bilawal Bhutto Zardari və digər rəsmi şəxslər bu sərginin əhmiyyətindən danışıb.
Açılışdan sonra Pakistan xarici işlər naziri Bilawal Bhutto Zərdari, Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Məhəmməd Əmcəd Xan Niyazi və dəniz işləri naziri Faisal Ali Subzwari birlikdə PIMEC-2023 sərgisində stendləri ziyarət ediblər.
Fevralın 12-dək davam edəcək PIMEC sərgisinə 21 xarici və 112 yerli olmaqla ümumilkdə 133 özəl və dövlət şirkəti qatılıb. Eyni zamanda Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Türkiyə, Böyük Britaniya, İtaliya, Almaniya, Portuqaliya, ABŞ, Kolumbiya, Şri Lanka, Malayziya, Qambiya, Qvineya Bisau, Mavrikiy, Madaqaskar, Seyşel adaları və Qazaxıstan da daxil olmaqla 17 ölkədən 37 rəsmi nümayəndə heyəti sərgidə iştirak edir.
PIMEC-2023 sərgisi Pakistan Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü və təşkilatçılığı, Pakistan Dəniz İşləri Nazirliyinin dəstəyi ilə Karaçi Ekspo Mərkəzində keçirilir. Tədbirin təşkilati işləri “Badar Expo Solutions” (BXSS) şirkəti tərəfindən yerinə yetirilir.
PIMEC sərgisinin keçirilməsində məqsəd dəniz sektoru üzrə fəaliyyət göstərən şirkətləri və dövlət qrumlarını bir araya gətirməklə onlar arasında həm yeni əməkdaşlıqların yaranmasına, həm də layihə və müqavilələrin imzalanmasına zəmin yaratmaqdır.
Xüsusi ilə Pakistan üçün böyük əhəmiyyətə malik olan bu sərgi ölkənin dəniz sənayesindəki qabiliyyətlərini və istehsal gücünü artırmağa, texnologiya transferi məsələlərini həyata keçirməyə, habelə iqtisadi cəhətdən gəlir əldə edilməsinə şərait yaradacaq.
Qeyd edək ki, Azərbaycandan POLİQON hərbi-texnoloji jurnalı PIMEC Beynəlxalq Dəniz Sərgisi və Konfransın rəsmi media tərəfdaşı qismində çıxış edir.