Pentaqon 80-dən çox F-35 qırıcısını silahlanmaya qəbul etmək istəmir

Pentaqon 80-dən çox F-35 qırıcısını silahlanmaya qəbul etmək istəmir

Pentaqon (ABŞ Müdafiə Nazirliyi) yeni konfiqurasiyanı sınaqdan keçirənə qədər F-35-ləri silahlanmaya qəbul etməkdən imtina etdiyi üçün 80-dən çox qırıcı (F-35) qeyri-müəyyən vəziyyətdə qala bilər.

Bu barədə “Poliqon” “Defense One” nəşrinə istinadən xəbər verib.

Birgə F-35 proqramı ofisinin sözçüsü Russ Gemaerenin sözlərinə görə, yeni F-35 təyyarələrinin tədarükü ən yaxşı halda cari ilin dekabr ayına qədər dayandırılıb. Ən pis ssenari isə, qırıcıların 2024-cü ilin aprelinə qədər silahlanmaya girməyəcəyini nəzərdə tutur. Bu isə o deməkdir ki, gecikmə dekabr ayına qədər uzanarsa, “Lockheed Martin” şirkəti 45 təyyarədən, aprel ayına qədər uzanarsa 81 təyyarədən imtina etməli olacaq.

Mövcud müqavilə texniki təkmilləşdirmə nəzərə alınmaqla ayda doqquz təyyarənin tədarükünü nəzərdə tutur.

Pentaqon F-35 parkında Blok 4 kimi tanınan bir neçə texnologiyanı təkmilləşdirir. Lakin təyyarələr təkmilləşdirmədən əvvəl bir sıra aparat və proqram təminatı təkmilləşdirmələrinə ehtiyac duyurlar. “Technology Refresh 3” (TR-3) kimi tanınan bu təkmilləşdirmələr artıq qrafikdən bir il geri qalıb.

Bu yayın sonundan başlayaraq, TR-3 təkmilləşdirilməsi ilə konveyerdən çıxan F-35 təyyarələri döyüş qabiliyyətləri təsdiqlənməyincə silahlanmaya daxil olmayacaq.

Maliyyə nəticələrinin nə olacağı ilə bağlı suala isə şirkət “hələlik bu məsələ ilə bağlı şərh verə bilməz” deyərək cavab verib.

Bununla əlaqədar Mitchell adına Aerokosmik Tədqiqatlar İnstitutunun icraçı direktoru Doug Birkey bildirib ki, TR-3-ün təkmilləşdirilməsi ilə F-35 təyyarələrinin tədarükünün azalması Hərbi Hava Qüvvələrinin (HHQ) imkanlarının azalması deməkdir.

Xatırladaq ki, ABŞ hökuməti F-35A təyyarələrinin Çexiyaya satışını təsdiqləyib. Bununla yanaşı, Böyük Britaniyanın da iki F-35B təyyarəsi aldığı bildirilir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS