Rusiya sülhməramlılarının Qarabağda istifadə etdiyi RB-341V “Leer 3” radioelektron mübarizə və radiotexniki kəşfiyyat kompleksi – ARAŞDIRMA

Rusiya sülhməramlılarının Qarabağda istifadə etdiyi RB-341V “Leer 3” radioelektron mübarizə və radiotexniki kəşfiyyat kompleksi – ARAŞDIRMA

Müasir müharibələrdə radioelektron mübarizə (REM) və radiotexniki kəşfiyyat (RTK) vasitələrinin tətbiqinə geniş yer verilir. Bir çox ölkələrin ordularının silahlanmasında yüksək dəqiqlikli və yüksək texnoloji silah nümunələrinin olması yeni elektron təsir və kəşfiyyat vasitələrinin yaradılmasına səbəb olur. Peyk kəşfiyyat, rabitə və naviqasiya sistemlərinin geniş tətbiqi isə onların neytrallaşdırılması zərurətini ortaya çıxarır.

“Poliqon”nun məlumatına görə, bu məqsədlə yeni rabitə və naviqasiya vasitələri ilə mübarizə, radiofuqasların və digər məsafədən partlatma qurğularının neytrallaşdırılması üçün portativ və səyyar radioelektron kəşfiyyat və susdurma vasitələri yaradılır. Bunlar isə öz növbəsində radioelektron susdurma olaraq REM, radioelektron aşkarlama (təyinetmə) olaraq RTK vasitələrinə ayrılır. Bəzi komplekslər isə bu iki xüsusiyyətə sahib ayrı-ayrı sistemləri özündə birləşdirir.

Radioelektron mübarizə (ing. Electronic warfare) dedikdə, düşmənin radioelektron idarəetmə, rabitə və kəşfiyyat sistemlərinə radioşüalanma (radiomaneə) təsiri göstərməklə aparılan silahlı mübarizə başa düşülür. Bunun məqsədi düşmənin belə sistemlərində dövriyyədə olan hərbi məlumatların keyfiyyətini (mətni) dəyişdirmək, özünün sistemlərini analoji təsirlərdən müdafiə etmək, həmçinin radiodalğaların yayılma şərtlərini (mühitin xüsusiyyətlərini) dəyişdirməkdir.

REM-də əhəmiyyətli rol məlumatların elektromaqnit dalğalar vasitəsilə ötürülməsinə ayrılır. REM vasitələri silahlı mübarizə vasitələrinin yüksək döyüş effektivliyinin təmin edilməsində vacib yer tutur.

REM-in gedişatında təsir obyektləri olaraq vacib radioelektron obyektlər (qoşunları, qüvvələri və silahları idarəetmə sistemlərinin radiovasitə istifadə edən elementləri) götürülür. Bu obyektlərin işinin pozulması və ya dayandırılması düşmənin öz silahlarını tətbiqetməsinin effektivliyini aşağı salmağa gətirib çıxarır.

Rabitənin, idarəetmənin, tuşlamanın və naviqasiyanın radioxətləri radiomaneələrin əsas hədəfi olaraq götürülür. Maneələr başlıca olaraq radiovasitələrin qəbuledici hissəsinə təsir göstərir.

Radiotexniki kəşfiyyat (ing. Signal Intelligence) dedikdə, radioelektron vasitələrin köməyi ilə radioelektron sistemlərin öz şüalanması hesabına məlumatların toplanması və işlənilməsi, şüalanma mənbəyinin vəziyyəti, onun sürəti, şüalanan siqnallarda məlumatların mövcudluğu, siqnalların məna tutumu haqqında informasiyanı əldə etmək üçün toplanmış məlumatların sonradan işlənilməsi məqsədilə həyata keçirilən kəşfiyyat fəaliyyətidir.

RTK obyektlərinə müxtəlif təyinatlı radiotexniki qurğular: radiolokasiya stansiyaları, radioidarəetmənin impuls sistemləri, radiotelekodlaşdırma sistemləri, həmçinin işləyən elektrik mühərriklərinin, elektrik generatorlarının, köməkçi güc qurğularının və başqa bu kimi qurğuların yaratdığı elektromaqnit impulslar aiddir. RTK vasitələri peyklərdə, təyyarələrdə, gəmilərdə, avtomobillərdə və digər obyektlərdə quraşdırılır.

Müasir REM və RTK vasitələri avtomatik idarəetmə sistemlərinə və digər hesablama komplekslərinə sistem-proqram təsiri imkanları əldə etmişdir.

Bu yazıda 2015-ci ildən etibarən Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Xüsusi texnologiya mərkəzi” MMC tərəfindən seriyalı istehsal olunan RB-341V “Leer 3” (РБ-341В “Леер-3”) radioelektron mübarizə və radiotexniki kəşfiyyat kompleksi haqqında söhbət açılır.

1 e1669893619168

RB-341V “Leer 3” GSM standartlı mobil rabitə şəbəkələrində ixtisaslaşan müasir radioelektron mübarizə və radiotexniki kəşfiyyat vasitəsidir.

Kompleksin xüsusiyyəti ondan ibarətdir ki, radioelektron mübarizə və radiotexniki kəşfiyyat vasitələrini hədəfə pilotsuz uçuş vasitələrinin köməyi ilə çatdırır. Kompleksin təyinatının genişləndirilməsi faydalı yüklərin dəyişdirilməsi hesabına yerinə yetirilir.

Kompleks pilotsuz uçuş aparatından ötürülən maneələr vasitəsilə GSM rabitəni susdurur. RB-341V “Leer 3” kompleksi qoyulmuş tapşırıqları bir PUA ilə təyin edilmiş rayonda 16 saat müddətində yerinə yetirə bilir. Bu zaman düşmən radioelektron mübarizə vasitələrinin aktiv işləmə şəraitində yüksək münaqişə təsirinə davam gətirmək imkanına malikdir.

Kompleksin təyinatı (tətbiq olunan faydalı yüklərdən asılı olaraq):

  • mobil rabitənin susdurulması;
  • GSM 900 və GSM 1800 diapazonlarında mobil rabitə baza stansiyasının işini yamsılamaq və yalançı siqnalların (məlumatların) göndərilməsi;
  • GSM şəbəkəsində aparatların şüalanması nöqtələrinin müəyyən edilməsi üsulu ilə kəşfiyyatın aparılması;
  • abonent nöqtələrinin (mobil telefonların, planşetlərin, digər rabitə komplekslərinin və vasitələrinin) aşkar edilməsi;
  • abonent nöqtələrinin yerləşmə yerlərinin rəqəmsal xəritəyə işlənilməsi;
  • abonent nöqtələrinin yerləşmə yerləri haqqında məlumatların atəş zərbəsi yetirmək məqsədi ilə artilleriya hesablarına ötürülməsi;
  • döyüş meydanında şəraitin və qoşunların yerdəyişməsinin havadan müşahidə edilməsi;
  • ordu və donanma obyektlərinin vəziyyətinin qiymətləndirilməsi;
  • ərazi relyefinin tədqiq edilməsi.

Kompleksin tərkibi:

2 e1669893772742

  • KamAZ-5350 avtomobilinin şassisində avtomatlaşdırılmış işçi yerləri və anten-fider sistemli komanda-telemetrik radiorabitəli PUA idarəetmə maşını;
  • bir və ya iki “Orlan-10” tipli PUA. PUA mobil rabitə zonalarını susdurmaq imkanına malikdir, 3G və 4G şəbəkələrində işləyir, özününkü-özgəninki məlumat ötürücülərini ayırd edə bilir;
  • PUA buraxılışı üçün maili buraxma qurğusu (katapult);
  • dəyişdirilən faydalı yüklər.

“Orlan-10”

RB-341V “Leer 3” radioelektron mübarizə və radiotexniki kəşfiyyat kompleksinin tərkibinə daxil olan “Orlan-10” (“Орлан-10”) pilotsuz uçuş aparatı (PUA), axtarış və təmir işləri daxil olmaqla, çətin keçilən ərazilərdə yerləşən, uzun və yerli (lokal) obyektlərin müşahidəsi üçün təyin edilmiş çoxfunksiyalı pilotsuz kompleksdir.

“Orlan-10” PUA da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən “Xüsusi texnologiya mərkəzi” MMC tərəfindən yaradılaraq istehsal olunur.

3 e1669894028880PUA taktiki pilləni vahid idarəetmə sisteminin tərkibinə daxil olduğundan bu sistemə qoşulmuş bütün döyüş maşınları (özüyeriyən artilleriya qurğuları, tanklar, piyadaların döyüş maşınları, hava hücumundan müdafiə maşınları) ilə məhv etmək üçün hədəfləri translyasiya edə bilir.

“Оrlan-10” PUA RB-341V “Leer 3” radioelektron mübarizə və radiotexniki kəşfiyyat kompleksinin düşmənin yerüstü rabitə vasitələrini susdurmaq üçün əsas elementidir.

PUA kompleksinin tərkibinə operatorların iş yeri, idarəetmə və məlumatları ötürmə radiokanallarını avadanlığı, texniki xidmət və PUA-nın startının təminatı avadanlığı, avtonom işləməni təmin etmək 1 kVt gücə sahib benzin generatoru daxildir.

Bir idarəetmə məntəqəsindən 4-ə qədər “Orlan-10” PUA idarə etmək mümkündür. Zərurət yarandıqda eyni zamanda buraxılan PUA-ların faydalı yüklərini idarə etməkdən ötrü kompleksin köməyi ilə 30 operatora qədər yerli (lokal) şəbəkə yaratmaq imkanı var.

Xəritə qismində ərazinin bir neçə nöqtəyə və ya elektron bir xəritəyə bağlanmış rastr (alm. raster, lat. rastrum – dırmıq)  görüntüsü istifadə olunur. Marşrut üçün 60 nöqtəyə qədər hündürlüyü və onun uçuş işarəsi (hündürlük boyunca keçid və ya barrajlama (fr. barrage) göstərilir. Marşruta düzəlişlərin verilməsi (korrektə edilməsi) radiokanal üzərindən aparılır. Yeni modifikasiya “Orlan-10” PUA, yüksək keyfiyyətli 3D xəritələr yaratmağa imkan verən 12 ədəd yüksək ayırdetmə imkanlı kamera ilə təchiz edilmişdir.

“Ev” nöqtəsini və eniş nöqtəsini, həmçinin fövqəladə hallarda (radio rabitənin itməsi, GLONASS / GPS siqnallarının olmaması, mühərrikin sıradan çıxması) davranış alqoritmlərini göstərmək mümkündür. Operator tərəfindən faydalı yükün işə salınması və söndürülməsi nöqtələri və fotoaparatdan istifadə edilərkən isə üst-üstə düşən kadrların əmsalı müəyyənləşdirilir.

Bundan başqa, “Orlan-10” bombardmançı rolunu da yerinə yetirməyə qadirdir. Bu zaman “bomba” əvəzinə yalnız susdurma modulları istifadə olunur ki, bu da çox təsiredicidir.

Təsir məsafəsindən danışırıqsa, burada hər şey çox sadədir. Belə ki, məsafə daşınan faydalı yükdən asılıdır. “Orlan-10” PUA mərkəzi hissəsində 10 Vt gücə sahib avadanlıq apardıqda, 6 km-ə qədər məsafədə yerləşən abunəçilər üzərində işləyə bilir. Hər birinin gücü 2 Vt olan və qanadlara quraşdırılmış avadanlıq apardıqda isə təsir dairəsi 3,5 km-ə qədərdir.

Kompleksin imkanları:

  • faydalı yükün və bort avadanlığının operativ dəyişdirilməsi;
  • cari parametrlərin (koordinatlar, hündürlük, kadrın nömrəsi) qeydiyyatı ilə birlikdə video və foto çəkilişlərin təmin edilməsi;
  • əlverişsiz hava şəraitində və məhdud ərazilərdə istifadə;
  • nəzarət-yoxlama aparatlarının qanad konsollarının içərisinə yerləşdirilməsi;
  • bort generatorunun olması bütün uçuş zamanı aktiv yüklərin istifadəsinə imkan verir;
  • bir PUA-nın digərləri üçün retranslyator qismində istifadə olunması.

Xüsusiyyətləri:

  • PUA-na eyni zamanda 3-4 növ yükün quraşdırılması;
  • işçi tezliklərin psevdotəsadüfi tənzimlənməli kriptomüdafiəli komanda-telemetrik kanal;
  • şəkil (video) məlumatların kriptomüdafiəli ötürmə kanalı;
  • hər iki növ kanalda iki pilləli maneəyə davamlı kodlaşdırma;
  • özünün hazırladığı videokodeklər (videoməlumatların (videofaylların, videoaxının) ölçüsünün kiçildilməsi proqramı);
  • bir PUA-ından 4 ədədə qədər PUA-nın idarə olunmasının təmin edilməsi;
  • istənilən PUA-nın digər PUA-lar üçün komanda-telemetrik radioxətt kanalının retranslyatoru qismində işləməsi.

RB-341V “Leer 3” radioelektron mübarizə və radiotexniki kəşfiyyat kompleksinin əsas taktiki-texniki xassələri:

a) Ümumi göstəricilər

  • idarəetmə kanalının tezliklər diapazonu – 902-922 MHs;
  • kompleksin naviqasiya sistemi – GPS, GLONASS;
  • nəzarət edilən şəbəkənin standartı – GSM 900, GSM 1800;
  • işləmə tezliklərinin diapazonu – 935-960 MHs, 1805-1880 MHs, 890-915 MHs, 1710-1785 MHs;
  • mobil şəbəkə terminallarının bloklanması radiusu – 10 Vt gücündə olan aparatlarla 6 km-ə qədər, 2 Vt gücündə olan aparatlarla 3,5 km-ə qədər;
  • eyni zamanda bloklanan mobil şəbəkə abonentlərinin sayı – 2000 ədəd;
  • eyni zamanda idarə olunan PUA sayı – 2 ədəd;
  • heyəti – 5 nəfər (sürücü ilə birliksə).

b) Pilotsuz uçuş aparatının xassələri

  • PUA növü – Orlan-10;
  • qanadlarin açılması – 3,10 metr;
  • uzunluğu – 1,80 metr;
  • uçuş kütləsi – 14 kq (bəzi mənbələrdə 18 kq);
  • faydali yükün kütləsi – 2,5 kq-a qədər (bəzi mənbələrdə 5 kq-a qədər);
  • maksimal uçuş müddəti – 10 saat (tənzimləmə işləri düzgün yerinə yetirildikdə 16 saat);
  • mühərrikin növü – karbüratorlu daxili yanma mühərriki (benzin A-95);
  • mühərrikin gücü – 1 at gücü;
  • buraxma (start) üsulu – sökülən katapult;
  • endirmə üsulu – amortizator və paraşüt vasitəsilə;
  • uçuş radiusu – 120 km-ə qədər (yerüstü idarəetmə stansiyasından), 600 km-ə qədər (avtonom rejimdə);
  • uçuş məsafəsi – 1200 km;
  • dəniz səviyyəsindən uçuş hündürlüyü – 200 – 5000 metr (bəzi mənbələrdə 6000 metr);
  • uçuş sürəti – 80 (kreyser) – 150 (maksimal) km/saat;
  • start zamanı küləyin maksimal sürəti – 10 metr/saniyə;
  • işləməsi üçün ətraf mühitin temperaturu – -30 – +40O

c) Şassinin xassələri

  • şassinin növü – KamAZ-5350;
  • təkər formulu – 6×6;
  • mühərrikin növü – dizel;
  • mühərrikin markası – KamAZ-740.30-260 V8 (EURO-3);
  • mühərrikin gücü – 191 kVt (260 at gücü);
  • şossedə hərəkət maksimal sürəti – 120 km/saat;
  • yanacaq çənlərinin tutumu – 125/175 litr;
  • yanacaq üzrə gediş ehtiyatı – 1000 km;
  • zirehlənməsi yoxdur.

Müxtəlif mənbələrin məlumatlarına əsasən RB-341V “Leer 3” radioelektron mübarizə və radiotexniki kəşfiyyat kompleksinin istehsal olunduğu 2015-ci ildən bu günədək bir neçə “qaynar nöqtə”də döyüş fəaliyyətlərində iştirak edib. Bu “qaynar nöqtə”lərin sırasına Ukraynanın Donbas bölgəsi, Suriya və Azərbaycanın Qarabağ bölgəsi daxildir.

Kompleks Ukraynanın Donbas bölgəsində, o cümlədən 27 mart 2016-cı il tarixində Donetsk şəhəri yaxınlığında, 9 avqust 2018-ci il tarixində Luqansk şəhəri yaxınlığında, 2 aprel 2019-cu il tarixində Konkovo yaşayış məntəqəsinin yaxınlığında və 4 aprel 2019-cu il tarixində Starobeşevo yaşayış məntəqəsinin yaxınlığında görünüb.

ATƏT-in CMM pilotsuz uçuş aparatı 10 mart və 08 noyabr 2020-ci il tarixlərində Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında RB-341V “Leer 3” kompleksini müşahidə edib.

Bundan başqa kütləvi informasiya vasitələrində kompleksin 2015-2016-cı illərdə Ukraynanın Donbas bölgəsində istifadə edilməsi barədə məlumatlara rast gəlmək mümkündür. Rəsmi təsdiqini tapmayan məlumatlara əsasən, Donbas bölgəsində olan komplekslərdən ikisi Ukrayna Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edilib.

RB-341V “Leer 3” kompleksi Suriyada praktiki döyüş sınaqlarından çıxarılıb. Belə ki, yeni kompleks 14 mart 2016-cı il tarixində döyüşçülərin silahlanmasında müşahidə olunub.

7

Kompleksin “qaynar nöqtə”də son görüntüsü isə Azərbaycanın Qarabağ bölgəsində lentə alınıb. Kompleks, 15.11.2020-ci il tarixində Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin avtomobil karvanında görüntülənib.

0ebb887f08a1b4e5ac727b47393173a3

 

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS