Norveç SBD-II süzən bombaları sifariş edir

Norveç SBD-II süzən bombaları sifariş edir

ABŞ Dövlət Departamenti Norveç hökumətinə Xarici Hərbi Satış (Foreign Military Sale – FMS) çərçivəsində kiçik diametrli GBU-53 “StormBreaker” süzən bombalarının satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) rəsmi satında məlumat yer alıb.

Məlumatda DSCA-nın bu mümkün satışla bağlı tələb olunan məlumatverici sertifikatı ABŞ Konqresinə təqdim etdiyi bildirilib.

Norveç hökuməti 293 milyon ABŞ dolları dəyərində 580 ədəd GBU-53 “StormBreaker” Small Diameter Bombs-Increment II (SDB-II) All-Up-Rounds (AURs) süzən bombalarını müvafiq avadanlıqla birlikdə alacaq.

Həmçinin, satınalmaya daxildir:

  • SDB-II silah yükü heyəti trenajorları (Weapon Load Crew Trainers – WLCT) və döyüş sursatlarının praktiki zərərsizləşdirilməsi trenajorları (Practical Explosive Ordnance Disposal Trainers – PEDT);
  • Döyüş sursatları və dəstəkləyici avadanlıq;
  • Qeyri-məxfi proqram təminatının çatdırılması və dəstəklənməsi;
  • Ehtiyat hissələri, məsrəf materialları və aksessuarlar;
  • Təmir və geriqaytarma dəstəyi;
  • Təkmilləşdirmə və texniki dəstək;
  • Nəqliyyat dəstəyi;
  • Qeyri-məxfi nəşrlər və texniki sənədlər;
  • Personal hazırlığı üçün avadanlıq və dəstək;
  • Tədqiqatlar və sorğular;
  • ABŞ Hökumətinin və podratçıların mühəndislik, texniki və logistika dəstəyi xidmətləri;
  • Logistika və proqram təminatı dəstəyinin digər əlaqəli elementləri.

Bildirilib ki, 18,9 milyon ABŞ dolları dəyərində olan ilk xarici hərbi satışa 20 ədəd GBU-53/B, SDB-II AUR bombası daxil idi.

Qeyd edək ki, GBU-53 bombalarının satışı Norveç Hərbi Hava Qüvvələrinə (HHQ) uzaq mənzilli silahlar əldə etməyə imkan verəcək. Bundan başqa, o, Norveçin NATO əməliyyatlarına dəstək vermək qabiliyyətini artıracaq. GBU-53 “StormBreaker” bombaları Norveç HHQ F-35A qırıcılarının silah sisteminə inteqrasiya olunacaq. Bu Norveçin yeni F-35A parkını dəstəkləmək üçün təkmilləşdirilmiş silahla hava və müdafiə imkanlarını gücləndirməklə yanaşı, əməliyyat hazırlığını yüksəltməklə də cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini artıracaq.

Xatırladaq ki, GBU-53/B “StormBreaker”, ABŞ-ın “Raytheon” (“Raytheon Missile Systems”, Tucson, AZ) şirkəti tərəfindən hazırlanmış süzən aviasiya bombasıdır.

Bombanın əsas xüsusiyyəti hədəfləri vurma məsafəsini artırmaq üçün dəstdən istifadə etməsidir. Qanadın tətbiqi sayəsində bomba 110 km-ə qədər məsafəni qət edə bilir.

Bomba düşmə anında qanadını açır və havada süzməyə başlayır. Bombanın bortunda GPS peyk naviqasiya sistemi quraşdırılıb. Uzun məsafəli uçuş zamanı Link 16 rabitə kanalı vasitəsilə uçuşun korreksiyası sistemindən istifadə etmək mümkündür. Uçuşun son mərhələsində bomba hədəfi tutmaq üçün aktiv və ya yarıaktiv tuşlama sistemindən istifadə edir.

Həmçinin, ABŞ Dövlət Departamenti Norveç hökumətinə MH-60R “Seahawk” çoxməqsədli helikopterlərinin mümkün xarici hərbi satışını da dəstəkləyib.

Hazırda Norveç yeni helikopterlərin alınması prosesini sürətləndirməyə və onları idarə edəcək pilot və texniki personala təlim keçməyə çalışır.

İlkin olaraq, ölkə ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün nəzərdə tutulan üçə qədər yeni helikopter almaq imkanı əldə edəcək. MH-60R “Seahawk” helikopterlərinin ilk tədarükü 2025-ci ilin yayında gözlənilir.

Bu arada qeyd etmək yerinə düşər ki, İsrailin “Elbit Systems” şirkəti adi aviasiya bombalarını idarə olunan sursatlara çevirmək üçün REST təkmilləşdirmə dəstini təklif edir.

REST (Range Extension və Smart Tail) istənilən təyyarədən 120 km-ə qədər daha uzun məsafələrə dəqiq zərbələr endirmək qabiliyyətini təkmilləşdirən aviasiya bombasını tuşlama dəstidir. Bu dəst uçuş mənzili baxımından aviasiya bombasıns bir çox “hava-yer” sinif raketləri üstələməyə imkan verir.

Təkmilləşdirmə dəstinə bütün hava şərtlərində uçuşu idarəetmə və korreksiya modulu, həmçinin uçuş məsafəsini artırmaq üçün qanadlar daxildir. Tuşlama ikili – GNSS (Global Navigation Satellite System) və INS (Inertial Navigation System) sistemlidir. REST dəsti 250 kq-dan 1000 kq-a qədər çəkili bombalara uyğun gəlir. Bombanın dairəvi sapma ehtimalı 10 m təşkil edir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS